1990-cı ilin 20 Yanvar faciəsi Azərbaycan xalqının XX əsr tarixində ən qanlı və eyni zamanda ən şərəfli səhifələrdən biridir. Bu hadisə təkcə sovet totalitarizminin süqutunu sürətləndirən amillərdən biri deyil, həm də xalqımızın milli iradəsinin, azadlıq əzminin sarsılmazlığının parlaq təzahürüdür. Qanlı Yanvar hadisələri insanlıq əleyhinə öncədən planlaşdırılmış, məqsədli və düşünülmüş hərbi-siyasi cinayət kimi tarixə düşmüşdür. Faciəyə aparan yol 1987-ci ildən başlayaraq Ermənistan ərazisində yaşayan azərbaycanlıların kütləvi deportasiyası, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdləri və bu proseslərə sovet rəhbərliyinin açıq-aşkar himayəsi fonunda formalaşmışdı. Mövcud gərginliyi aradan qaldırmaq əvəzinə, SSRİ rəhbərliyi Azərbaycan xalqını cəzalandırmaq yolunu seçdi və dinc əhaliyə qarşı hərbi gücdən istifadə etdi. 1990-cı ilin yanvarında Bakı şəhərinə və respublikanın digər bölgələrinə 66 mindən artıq hərbi kontingentin yeridilməsi, onların tərkibində erməni mənşəli zabit və əsgərlərin xüsusi rol alması faciənin məqsədli xarakter daşıdığını təsdiqləyir. “Bakı əməliyyatı” adlandırılan bu qanlı plan SSRİ müdafiə naziri Dmitri Yazov, daxili işlər naziri Vadim Bakatin və DTK rəhbərliyinin birbaşa nəzarəti altında həyata keçirilmişdir. Yanvarın 19-dan 20-nə keçən gecə fövqəladə vəziyyət elan edilmədən əvvəl ağır texnika, tanklar, zirehli maşınlar və Xəzər Hərbi Donanmasına məxsus gəmilər vasitəsilə dinc əhali atəşə tutulmuş, qadın, uşaq və qocalar amansızcasına qətlə yetirilmişdir. Yalnız kütləvi qırğın törədildikdən sonra, səhər saat 5:30-da fövqəladə vəziyyətin elan edilməsi bu əməliyyatın hüquqi deyil, cinayət xarakterli olduğunu sübut edir. Ümumilikdə 147 nəfər həlak olmuş, 744 nəfər yaralanmış, yüzlərlə insan qanunsuz həbs edilmiş, dövlət və şəxsi əmlaka böyük həcmdə maddi ziyan vurulmuşdur. Bu hadisələr Sovet imperiyasının Azərbaycanda bütün siyasi və mənəvi dayaqlarını sarsıtmış, xalqın kommunist rejiminə qarşı nifrətini son həddə çatdırmışdır. 20 Yanvar faciəsinə ilk siyasi və hüquqi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmişdir. O, yanvarın 21-də Moskvada Azərbaycanın daimi nümayəndəliyində çıxış edərək, bu qanlı hadisəni sovet rəhbərliyinin və respublika rəhbərlərinin xəyanəti kimi dəyərləndirmiş, açıq şəkildə etirazını bildirmişdir. Bu mövqe Azərbaycan xalqının mübarizə ruhunu dirçəltmiş, ədalətə inamını gücləndirmişdir. Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisində, 1994-cü ildə isə Milli Məclis səviyyəsində 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilmişdir. Qanlı Yanvar hadisələri Azərbaycan xalqına qarşı totalitar rejimin törətdiyi hərbi təcavüz və cinayət kimi tanınmışdır. Bu gün 20 Yanvar həm də qəhrəmanlıq və milli ləyaqət simvoludur. Azərbaycan xalqı azadlıq uğrunda ilk şəhidlərini məhz həmin gün verdi və bu qurbanlar müstəqil dövlətimizin təməl daşına çevrildi.

media-sahinn

Şahin Seyidzadə

Millət vəkili 


media-728x90banner

Bənzər xəbərlər