Soyqırımı bəşəriyyətin amansız faciəsi, sülh və insanlıq əleyhinə  ən dəhşətli cinayət hesab olunur. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyası ilə müəyyən edilib və hər hansı milli, etnik, irqi, dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən hərəkətdir. Azərbaycan xalqının tarixində belə cinayətlər dəfələrlə törədilib.

XVIII əsrdən başlayaraq minlərlə günahsız azərbaycanlı ermənilərin planlı şəkildə həytata keçirdikləri soyqırımı siyasətinin qurbanı olub. Ermənilərin xalqımıza qarşı soyqırımı, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası, şəhər və kəndlərimizin dağıdılması, tarixi adlarının dəyişdirilməsi siyasəti  XX əsr boyu  davam edib. 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində  ən qanlı faciələrdən biridir. Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan keçirib, diri-diri yandırıblar. Erməni daşnakları və bolşeviklər Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrimizdə yerli əhaliyə qarşı ağlasığmaz vəhşiliklər törədərək 70 mindən çox günahsız insanı xüsusi qəddarlıqla qətlə yetirib, kəndləri yandırıb, sakinləri yurd-yuvalarından didərgin salıblar. 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı nəticəsində indiki Ermənistan ərazisində, yəni, Qərbi Azərbaycan torpaqlarında yaşayan əhalinin çox böyük hissəsi, təxminən 500 mindən çox insan vəhşicəsinə öldürülüb, yaxud öz dədə-baba torpaqlarından qovulub, milli mədəniyyət abidələrimiz dağıdılıb və ya məhv edilib.

Beynəlxalq hüquqa əsasən soyqırımı sülh və insanlıq əleyhinə  ən ağır cinayət hesab edilir. Ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı aktlarına dair kifayət qədər əsaslı sübut və dəlillər olsa da,  bu cinayətlərə adekvat reaksiya verilməyib, Azərbaycana münasibətdə ikili standartlar nümayiş etdirilib. Ermənilərin uzun illər törətdikləri etnik təmizləmə, soyqırımı cinayətləri ilə bərabər, mədəni irsimizə qarşı vandalizm aktlarına da heç bir reaksiya verilməməsi dövlətlərə münasibətdə ayrı-seçkiliyin, laqeydliyin göstəricisi olmaqla beynəlxalq humanitar hüquq prinsiplərinə də ziddir.Erməni millətçilərinin hərəkətlərinə ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. Ümummilli liderin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman ermənilərin törədikləri vəhşilikləri dünya ictimaiyyətinə çatdırmaq üçün önəmli bir vasitə oldu.  Fərman həmçinin, tarixi həqiqətlərin üzə çıxmasına təkan verdi,  31 mart tarixi “Azərbaycanlıların Soyqırımı Günü” elan edildi.

Qan yaddaşımızın unudulmaması Prezident İlham Əliyevin  ən çox diqqət yetirdiyi həssas məqamlardandır. Dövlət başçısının 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması, həmçinin 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamın imzalanması sübut edir ki, xalqımıza qarşı törədilən vəhşiliklər heç vaxt unudulmayacaq. Bu gün şəhidlərimizin ruhu şaddır. Çünki müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin  rəhbərliyi ilə  torpaqlarımız azğın düşməndən azad olunub, şəhidlərimizin qanı yerdə qalmayıb. Hazırda ən böyük amalımız Qərbi Azərbaycana qayıdışdır. Biz əminik ki, Prezident İlham Əliyevin  uğurlu daxili və xarici siyasəti sayəsində tarixi torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil.
Səbinə Salmanova,
Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər