Azərbaycan dostluq və əməkdaşlığa önəm verir: Heç bir halda qonşuluq münasibətlərinin pozulmasında maraqlı deyil
Ötən gün Rusiyanın Voronej şəhərində tanınmış azərbaycanlı iş adamı, “Alekseyeviski” bazarının sahibi Yusif Xəlilov da həbs edilib. Məlumata görə, o, bu ilin mart ayında oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl rüşvət verməkdə təqsirli bilinir. Bu həbs Rusiyada azərbaycanlılara və azərbaycanlı iş adamlarına qarşı təzyiqlərin genişləndiyini göstərir.
Maraqlıdır ki, Rusiya son zamanlar nümayiş etdirdiyi hərəkətləri ilə bir daha özünün qonşuluq əlaqələrinə dəyər vermədiyini göstərir. Bəs hazırki Rusiyanın son zamanlar ölkəmizə nümayiş etdirdiyi mənfi hərəkətlər nədən qaynaqlanır. Ola bilərmi ki, Vaşinqtonda ABŞ vasitəsi ilə keçirilən üçtərəfli görüş şimal qonşumuz daha da hiddətləndirib?
Məsələ ilə bağlı açıqlama verən deputat Musa Quliyev bu məsələdə əsas təqsirkarın məhz Rusiya olduğunu qeyd edib.
“Rusiya ilə Azərbaycan arasında münasibətlərin gərginləşməsinin əsas təqsirkarı və burada maraqlı tərəf məhz Rusiyadır. Dünyada bu, hər kəsə bəllidir. Ötən ilin dekabrında Grozni səması üzərində mülki sərnişin təyyarəmizin vurulmasından sonra Rusiyanın davranışları heç də qonşuluq, dostluq və strateji müttəfiqlik münasibətlərinə uyğun gəlmir. Əksinə, açıq şəkildə düşmənçilik münasibətləri sərgilənməkdədir.
Əgər həmin hadisə baş verdiyi andaca Rusiya rəhbərliyi Azərbaycan dövlətindən və xalqından rəsmi üzr istəsəydi, hadisə qurbanlarına və bütün zərərçəkmişlərin ailələrinə təzminat ödəsəydi, bu hadisəni törədənlər barəsində – təsadüfən və ya qəsdən – cinayət işi açsaydı, əlbəttə, Azərbaycan tərəfi bunu anlayışla qarşılayardı. Necə ki, 44 günlük Vətən müharibəsinin sonunda Rusiyaya məxsus bir helikopter təsadüfən vurulmuşdu. Halbuki, həmin hadisənin baş verdiyi gün müharibə zonasında Rusiyaya məxsus hərbi helikopterin görünməsi özü də müəmmalı idi. Amma buna baxmayaraq, Azərbaycan Prezidenti dərhal Rusiya dövlətinə və orada həlak olanların ailələrinə başsağlığı verdi, təzminat ödənildi və məsələ qapanmış oldu. Təəssüf ki, Qroznı faciəsindən sonra Rusiya tərəfi adekvat addım atmadı.
Bundan sonra Azərbaycana qarşı ardıcıl təzyiqlər başlandı. Azərbaycan vətəndaşlarının heç bir əsas olmadan Rusiyadan deport edilməsi, minlərlə soydaşımıza qarşı hüquqi və mənəvi normalara sığmayan münasibətlər, bəzi hallarda azərbaycanlıların qətlə yetirilməsi – bütün bunlar məqsədyönlü şəkildə münasibətlərin korlanmasına yönəlmiş addımlar idi. Bundan əlavə, Rusiyada bir sıra iş adamlarına, o cümlədən Xəllovun həbsinə və barəsində cinayət işinin açılmasına da məhz siyasi dairələrin sifarişi ilə baxmaq olar.
Azərbaycan heç bir halda qonşuluq münasibətlərinin pozulmasında maraqlı deyil. Hər kəs də görür ki, Azərbaycan tərəfi yalnız Rusiyanın atdığı addımlara cavab olaraq adekvat mövqe sərgiləyir. Təəssüf ki, Rusiyanın mərkəzi televiziya kanallarında, müxtəlif sayt və internet televiziyalarında, eləcə də Dövlət Dumasının üzvləri tərəfindən Azərbaycana qarşı əsassız hədə-qorxu və təhqiramiz fikirlər səsləndirilir. Bütün bunlar münasibətlərin gərginləşməsinə və pozulmasına xidmət edir və, mən deyərdim ki, müəyyən ideoloji məqsədlərə bağlıdır.
Son dövrlərdə Rusiyada yaşayan digər xalqlara, xüsusən də azərbaycanlılara və Orta Asiya xalqlarının nümayəndələrinə qarşı ayrı-seçkilik meyllərinin artması da ciddi narahatlıq doğurur. Bu, əslində, Rusiyanın özündə milli və dini zəmində münasibətləri gərginləşdirə bilər. Unutmamaq lazımdır ki, Rusiya əhalisinin böyük əksəriyyəti yalnız ruslardan ibarət deyil; müxtəlif xalqlara və dini konfessiyalara mənsub insanlar da burada yaşayır. Belə ayrı-seçkilik meylləri, xüsusilə məktəblər və gənclər arasında nifrət toxumlarının səpilməsi gələcəkdə Rusiyanın özü üçün ciddi problemlər yaradacaq və onun mövcudluğunu sual altına qoya biləcək təhlükəli bir amil kimi çıxış edəcək.
Hazırkı gərgin vəziyyəti nəzərə alaraq, Rusiyada yaşayan və işləyən soydaşlarımız da davranışlarında ehtiyatlı olmalı, qayda-qanunlara riayət etməlidirlər. Onlar çalışmalıdırlar ki, hüquq-mühafizə orqanlarının əlinə bəhanə verməsinlər.
Mən inanıram ki, bu münasibətlər müəyyən zaman keçdikdən sonra bərpa olunacaq. Çünki qonşu dövlətlər arasında uzun illər davam edən müharibə və soyuq münasibətlər heç zaman əbədi olmur. Azərbaycanla Rusiya arasında da iqtisadi, tranzit, mədəni və digər əlaqələr çox qədim tarixə malikdir. Lakin hazırda münasibətlərin gərginləşməsi Azərbaycanın müstəqil dövlət olaraq güclənməsi və bölgədə söz sahibi olmasının Rusiyanın imperiyapərəst, şovinist dairələri tərəfindən həzm edilməməsindən qaynaqlanır”.
Deputan həmçinin Azərbaycanın Rusiyanın iştirakı olmadan Ermənistanla münasibətləri tənzimləməsi, sülh müqaviləsinin paraflanması, Vaşinqton görüşündə Zəngəzur dəhlizinin işə salınması ilə bağlı ABŞ şirkəti ilə 99 illik müqavilə imzalanması Rusiyada ciddi narahatlıq və qəzəb doğurmadığını qeyd edib.
“Şübhəsiz ki, Azərbaycanın Rusiyanın iştirakı olmadan Ermənistanla münasibətləri tənzimləməsi, sülh müqaviləsinin paraflanması, Vaşinqton görüşündə Zəngəzur dəhlizinin işə salınması ilə bağlı ABŞ şirkəti ilə 99 illik müqavilə imzalanması Rusiyada ciddi narahatlıq və qəzəb doğurmaya bilməzdi. Halbuki, Rusiya Xarici İşlər Nazirliyinin ilk bəyanatında Trampın iştirakı ilə Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünə müsbət reaksiya verilmişdi. Ancaq istənilən halda Rusiyanın imperialist təfəkkürlü dairələrinin qısqanc münasibəti də gözardı edilməməlidir.
Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti və siyasi hakimiyyəti Rusiya ilə münasibətlərdə adekvat və kifayət qədər sabit mövqe sərgiləyir. Gələcək münasibətlərin necə formalaşacağı isə, birbaşa Rusiyanın davranışından asılı olacaqdır”- deyə deputat bildirib.
https://crossmedia.az/az/article/41492?fbclid=IwY2xjawMRcGxleHRuA2FlbQIxMQBicmlkETFwdWN0RjFRVjRSelEwNEdUAR42rvTe8KePqUxO9mMpFfhUJuxdujMuaElNenAQbk6-FlcCHFYGI036tJ22Aw_aem__AZL29FcsSchRQ-uu1Vyvw