Azərbaycan istiqlal mübarizəsi tarixi və ədəbiyyatımız
Azərbaycan istiqlal mübarizəsi tarixi, xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsi, Azərbaycanın tarixi dövlətçilik ənənələri, milli dövlət quruluşunun dirçəldilməsi, milli istiqlal ideyalarının geniş yayılması, bu yolda görülən böyük xidmətlər Azərbaycan ədəbiyyatı üçün aktual mövzu sıralarında olmuşdur. Azərbaycan istiqlal mübarizəsi tarixi siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimlərimizin əsərləri ədəbiyyatımızın, tariximizin, publisistikamızın inkişafında və təbliğində müstəsna rol oynamışdır. Əsərləri ilə azadlığı təbliğ edən ədiblərimiz müasir Azərbaycanın ədəbi-mədəni, mətbu, ictimai-siyasi həyatında müstəsna rol oynamışdırlar. Azərbaycan istiqlal mübarizəsi tarixində parlaq iz qoymuş yazıçı-publisistlər, tərcüməçilər, naşirlər, redaktorlar, şairlər, folklorşünaslar, alimlər, ictimai xadimlər, Azərbaycanın istiqlal mücahidləri, mühacirətin fəal üzvləri və təşkilatçıları yaşadıqları dövrü yaradıcılıqlarında əks etdirmişdirlər. Onlar yaradıcılıqları vasitəsilə Azərbaycanın istiqlalı uğrunda ideoloji mübarizə aparmışdırlar. Azərbaycan istiqlal mübarizəsi tarixini öz əsərlərində əks etdirən ədiblərimiz yaradıcılıqları vasitəsi ilə milli ictimai fikrə təsir göstərərək, çağdaş ictimai-siyasi həyatımızın fundamental təzahürlərini gərgin zəhmət hesabına tədqiq və təhlil etmişdirlər. Azərbaycan milli istiqlal mübarizəsi tarixinin araşdırılması Azərbaycan ədəbiyyatı üçün zəngin materialdır. Azərbaycan ədəbiyyatında Azərbaycan istiqlal mübarizəsi tarixindəki hadisə və faktların araşdırılaraq elmi qiymətini alması nəticəsində bu sahə ilə bağlı çoxlu sayda araşdırmalar tariximizin bu hissəsindəki boşluğu doldurmuşdur. Bu sahədə aparılan araşdırmalar və tədqiqatlar olduqca çoxdur. Azərbaycan ədəbiyyatında Azərbaycan istiqlal mübarizəsi tarixinin problemlərinin dərindən öyrənməsi məsələsi bu gün də ən çox istifadə olunan mövzudur. Ədəbiyyatşünaslar Azərbaycan istiqlal mübarizəsi tarixini, cümhuriyyət qurucularının xarakterini, həyatını, düşüncəsini, cümhuriyyət ideyalarını fəaliyyətləri ilə gələcək nəsillərə ötürən elm xadimlərinin xatirəsini həmişə əziz tutmuşdurlar. Tədqiqatçılar Azərbaycan istiqlal mübarizəsi uğrunda qəhramancasına mübarizə aparmış milli istiqlaliyyətçilərimizi əzmlərinə və azadlıq ideallarından dönməzliklərinə, əqidə və amallarına sadiq qalmaqlarına, ideoloji mübarizələrini axıra qədər aparmaqlarına, Azərbaycanın müstəqilliyi uğrunda bacardıqlarını əsirgəmədiklərinə görə həmişə yüksək qiymətləndirmişdirlər. Onların əsərlərinin əsas mövzusunu türk milli təfəkküründəki istiqlal ideyası təşkil edir. Səbinə Quliyeva “Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı” məqaləsində Azərbaycan istiqlal mübarizəsi tarixinin Azərbaycan ədəbiyyatındakı yerini geniş şəkildə şərh etmişdir. “Azərbaycan ədəbiyyatı tənqidi və ədəbiyyatşünaslığı Cümhuriyyət dövründə özünəməxsus inkişaf yolu keçib. Bu özünəməxsusluq, hər şeydən öncə, ədəbi irsin milli-nəzəri fikir müstəvisində təhlil və tədqiqinin aktuallıq kəsb etməsi, həmçinin ədəbiyyatşünaslığı məşğul edən problemlərin daha operativ şəkildə diqqət mərkəzinə çəkilməsi ilə şərtlənməkdədir. Belə ki, Cümhuriyyət dövründə bir tərəfdən klassik ədəbi irsin tədqiqi istiqamətində mühüm addımlar atılmış, digər tərəfdən çağdaş ədəbi proses yetərincə dəyərləndirilmiş, həmçinin ədəbiyyatın nəzəri-estetik problemlərinin araşdırılması ilə bağlı müəyyən işlər görülmüşdür” [6, s.77]. Azərbaycan istiqlal mübarizəsi tarixinin problemlərini əsərlərində fərdiliyi və özünəməxsusluğu ilə əks etdirən ədiblər Azərbaycan ədəbiyyatının, tarixinin, fəlsəfəsinin ruhundan gələn humanist və insani dəyərləri cəmiyyət həyatında aparıcı qüvvəyə çevirmək yolunda əvəzsiz xidmətlər göstərmişdirlər. Azərbaycan ədəbiyyatında istiqlal ideyasının inkişafı, milli şüura hakim kəsilməsi və müstəqil dövlətçiliyə istiqamətlənməsi nəticəsində tədris prosesində, dərsliklərdə, bədii ədəbiyyatda, yeni meydana çıxan mətbu nümunələrdə Azərbaycan dilinin fars və ərəb dillərindən qabağa keçməsi reallaşdı və ictimai şüur və milli özünüdərk prosesi sürətləndi. Azərbaycan ədəbiyyatında istiqlal ideyasının formalaşması prosesində ədiblərimizin ədəbi-elmi, bədii-publisistik, ictimai-siyasi fəaliyyətlərinin rolu danılmazdır. Tədqiqatçılər Azərbaycan istiqlal mübarizəsinin siyasi-ictimai fikirlərində tərəqqi və təkamül tarixini aydın və parlaq kimi dəyərləndirirlər. İstiqlal məfkurəsinin təməlində və inkişaf tarixində milli hərəkatın ruh və mahiyyətini yüksək qiymətləndirərək özünəməxsus məfkurəsi, məfkurə uğrunda çəkişməsi, mübarizəsi, o dövrün qəhrəmanları, məzlumları, şəhidlər və mücahidləri haqqında türkçülüyü və azərbaycançılığı bərabər səviyyədə saxlayan ən uca məfhum kimi qəbul edirdilər. Azərbaycan istiqlal mübarizəsi tarixinin problemlərini əsərlərində yaşadan ədiblərin düşüncələri Azərbaycanın ictimai-ədəbi həyatında mühüm rol oynamışdır. Azərbaycan ədəbiyyatı Azərbaycan istiqlalı uğrunda savaşa girərək millətə kimlik şüurunu aşılamaq sahəsində ən böyük qəhrəmanlıqları göstərmişdir. Belə ki, Azərbaycan istiqlal mübarizəsi tarixinin xalqın ruhuna hakim kəsilməsində ədəbiyyatın rolu olduqca böyükdür. Azərbaycan ədəbiyyatı millətin qəlbinə milliyyət və istiqlal toxumu, millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi aşılamışdır. Azərbaycan istiqlal mübarizəsi tarixində ədəbiyyat xadimlərinin milli azadlıq ruhu aşılayan, millətin parlaq gələcəyinə böyük ümidlər bağlayaraq hürriyyətə susamış, mübarizə həyəcanının gərginliyini daşıyan əsərləri xalqın qəlbində sönməyən bir məşəl yandırmışdır. Ədiblərimiz milli-mənəvi dəyərləri və özünəməxsus siyasi-ideoloji ənənələri əsərləri vasitəsilə ictimaiyyətə çatdırmışdırlar. Onlar siyasi-ideoloji düşüncədə, bədii-estetik yanaşmada çoxvariantlılıq edərək marifçiliyi tənqidi realizmlə, tənqidi realizmi romantizmlə uyğunlaşdıraraq Azərbaycan ədəbiyyatında istiqlal ideayasının çoxobrazlılığını, çoxqatlılığını yaratmışdırlar. Azərbaycan ədəbiyyatı tarixində Azərbaycan Xalq Cümhuriyyəti dövrü zəngin, məhsuldar, rəngarəng, maraqlı və eyni zamanda ən ziddiyyətli əsərləri ilə yadda qalmışdır. Ədiblərimiz millətin azadlığına gedən yolun siyasi-ideoloji parametrlərini, bədii-publisistik təbliğatının təşkilini fərqli müstəvilərdə görür və bunu ədəbiyyatda təhlil və təbliğ edirdilər. Azərbaycanın mürəkkəb, ziddiyyətli, qətiyyətli, dönməz istiqlal yolunda Azərbaycan ədəbiyyatının ictimai-siyasi həyatla, milli düşüncə ilə paralel inkişafını görürük. Abid Tahirli “1920-ci illər Azərbaycan poeziyası Məhəmməd Əmin Rəsulzadənin araşdırmalarında” məqaləsində Azərbaycan istiqlal tarixinin bayraqdarı olan M.Ə.Rəsulzadənin 1920-ci illər Azərbaycan poeziyası haqqındakı fikirlərini analiz etmişdir. “Ölkəmizdə və mühacirətdə 20-30-cu illərdə ərsəyə gələn ədəbi nümunələrin tədqiqinə, tənqidinə, təbliğinə həsr olunmuş “Çağdaş Azərbaycan ədəbiyyatı”nda M.Ə.Rəsulzadə milli poeziyamızın ədəbiyyatımızın qüdrətli simaları – Əhməd Cavad, Gültəkin, Almas İldırım, Əli Yusif, Sənan, Yaycılı Kərim və digərlərinin yaradıcılığından nümunələri dərindən və obyektiv təhlil etmiş, qiymətləndirmiş və əsərlərin ideya, məzmununa, dil, üslub, sənətkarlıq məziyyətlərinə uyğun elmi nəzəri müddəalar irəli sürmüşdür. Bu irsi ilə müəllif istiqlal şairlərinin sənət qüdrətinin, məfkurə dünyasının, milli düşüncə tərzinin, fəlsəfi dərinlik və irfani məzmununun elmi-nəzəri və ideya-estetik şərhinə sovet tənqidçilərindən fərqli, yeni münasibət sərgiləmiş, yeni yanaşma və tədqiqat metodu ilə bütövlükdə Azərbaycan, o cümlədən mühacirət ədəbiyyatşünaslığına tövhə vermişdir. M.Ə.Rəsulzadənin ədəbiyyatşünaslıq irsinin aktuallığı, uzunömürlülüyü, özünəməxsusluğu və gücünü də bu keyfiyyətlər şərtləndirir” [1, s.153-154]. Azərbaycan ədəbiyyatı cəmiyyətin ictimai-siyasi düşüncə yükünün və istiqlal ideyasının tərənnümçüsü və daşıyıcısı rolunda çıxış edirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövrü ədəbiyyatında mövzu, ideya, məzmun əlvanlığı və ədəbi cərəyanların müxtəlifliyi diqqəti cəlb edir. Azərbaycanda maarifçilik və demokratik ideyaların güclənməsi və ictimai şüurun inkişafı məhz bu dövrdə daha güclü idi. Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ictimai həyatının güzgüsü olan ədəbiyyat zamanın tələbinə uyğun olaraq, yeni-yeni mövzu və keyfiyyətləri özündə əks etdirir. Ədəbiyyatda istiqlal ideyasının inkişafı, milli şüura hakim kəsilməsi və müstəqil dövlətçiliyə istiqamətlənməsi nəticəsində ictimai şüur, milli özünüdərk prosesi olduqca yüksək səviyyədə idi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ədiblərin ədəbi-elmi, bədii-publisistik, ictimai-siyasi fəaliyyəti milli mətbuatın inkişafına və publisistikaya qüvvətli təsir etmişdir. Azərbaycan istiqlal mübarizəsi tarixi dövründə ədiblər öz əsərlərini doğma Azərbaycan dilində yazmağa başlamışdılar və bununda sayəsində ədəbiyyatda, ictimai münasibətlərdə Azərbaycan dilinin rolu artmış, ilk mətbu nümunələrin Azərbaycan dilli variantının meydana gəlməsi, yeni məfkurə və ideyaların, müstəqillik və azadlıq barədə düşüncələrin, istiqlal idealının bədii mətnlərdə aparıcı istiqamətə çevrilməsi baş vermişdir. Azərbaycanın ictimai-ədəbi həyatında mühüm rol oynayan və ümumbəşəri humanist dəyərləri özündə ehtiva edən əsərlərin əksəriyyəti məhz Azərbaycan Xalq Cümhuriyyəti dövründə qələmə alınmışdır. Bu dövrün maarifçi ziyalıların və hürriyətsevər insanlar nəslinin yetişməsində əhəmiyyətli rolu vardır. Onlar ədəbiyyat vasitəsilə elmi biliklərin yayılmasına, cəmiyyətin mənəvi yüksəkliyə çatmasına, ictimai və siyasi münasibətlərdə hüquqlarının qorunmasına, demokratik və humanist dəyərlərə sahib çıxılmasına, xalqın müdrikliyinə, uzaqgörənliyinə nail olunmasına çalışırdılar. Azərbaycan istiqlal mübarizəsi tarixi Azərbaycanda ziyalılar nəslinin yetişməsində mühüm rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş ədiblərimiz Azərbaycanın maarifi tarixində xüsusi rol oynayaraq açıq fikirli ziyalı nəslinin yetişməsinə nail olmuşdurlar. Azərbaycan ədəbiyyatında xüsusi yeri və mövqeyi olan söz və qələm ustadları Azərbaycan maarifçiliyinin sərhədlərinin genişlənməsində, xalqın içində istiqlal ideyasının yayılmasında, milli özünüdərk prosesində Azərbaycan ədəbiyyatının, tarixinin, məntiqinin, fəlsəfəsinin, milli-mənəvi dəyərlərinin, demokratik fikrinin, maarifçilik ideyalarının tədbiq edilməsində çox böyük işlər görmüşdürlər. Azərbaycan Xalq Cümhuriyyəti dövründə fəaliyyət göstərmiş ədiblərimiz xalqı müasir dünyada baş verən hadisələrdən və elmi-texniki yeniliklərdən xəbərdar etməyi zəruri hesab edirdilər. Ədiblər cəmiyyətdə ədəbiyyat vasitəsilə maarifi, elmi, mədəniyyəti, azadlıq ideyalarını daha cəsarətlə tərənnüm edərək, təbliğ edirdilər. Azərbaycan Xalq Cümhuriyyəti dövrü ziyalıları xalqı var qüvvələri ilə bir araya gətirməyi qarşılarına məqsəd kimi qoymuşdurlar. Ədəbiyyatşünaslar bu dövrü Azərbaycanın ictmai fikir tarixində yeni bir mərhələ kimi dəyərləndirirlər.
Ədəbiyyat:
- Abid Tahirli // 1920-ci illər Azərbaycan poeziyası Məhəmməd Əmin Rəsulzadənin araşdırmalarında // AMEA, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu.- 2021.- №1.- S.148-155.
- Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasi. (2014). 2 cilddə, I c., Bakı: Lider, 440 s.
- Köçərli F.Q. (1926). Azərbaycan ədəbiyyatı tarixi materialları: II cild, II hissə. Bakı: Azərnəşr, 283 s.
- Qarayev N.S. (2010). XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, “Nurlan”, 326 s.
- Rəsulzadə M.Ə. (1991). Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, Çağdaş Azərbaycan tarixi. Bakı: Gənclik, 112 s.
- S.Quliyeva. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycan ədəbiyyatı // Əlyazmalar yanmır, 2023, №1 (16), s. 72-79.
Həcər Atakişiyeva