Azərbaycanın növbəti qələbəsi
Azərbaycanın növbəti haqlı tələbi yerinə yetirildi. ATƏT-in Minsk Qrupu və ümumiyyətlə, əlaqəli strukturların bağlanmasına dair qərar qəbul olundu. Nazirlər Şurasının qərarı ATƏT-in 57 iştirakçı dövlətinin hamısının konsensusu ilə qəbul edilib. Məlum olduğu kimi, ATƏT-in Minsk Qrupu Qarabağ münaqişəsinin həlli məqsədilə yaradılmışdı, vasitəçilik mandatı alan həmsədrlər isə bu illər ərzində problemin həlli istiqamətində addım atmadı. Əksinə, işğalçı ilə işğala məruz qalan tərəflər arasında fərq qoymadı, rəsmi Bakıya təslimçi sülhlə bağlı təzyiqlər etməkdən də çəkinmədilər. Hər vəchlə “status-kvo”nun saxlanmasına çalışdılar. Bu isə Ermənistanı işğal siyasətini davam etdirməyə cəsarətləndirdi.
Bunu millət vəkili Könül Nurullayeva bildirib.
2020-ci ildə Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi. Bununla da ATƏT-in Minsk Qrupu yarıtmaz qurum kimi, Cənubi Qafqaz məkanında sülhün təmin olunması istiqamətində fəaliyyətsiz təsisat kimi tarixə düşdü.
Ermənistan isə müxtəlif bəhanələrlə Qrupun fəaliyyətinin davam etdirilməsinə can atırdı. Amma Azərbaycan Prezidenti hər zaman bəyan edirdi ki, “münaqişə başa çatıb və Minsk qrupunun fəaliyyətdə olması üçün heç bir səbəb yoxdur. Onlar nəinki vasitəçi, heç bu regionda ola bilməzlər. Onlar Cənubi Qafqaz regionunda bizim razılığımız olmadan mövcud ola bilməzlər”.
Digər tərəfdən, Minsk qrupunun fəaliyyətini davam etdirməsi Ermənistanın hələ də Azərbaycana qarşı ərazi iddiasının davam etməsi kimi qəbul edilə bilərdi. Bu səbəbdən rəsmi Bakı Minsk Qrupunun ləğvini göstərici hesab edirdi. Cənab Prezident söyləmişdir ki, “Ermənistana anlatmaq üçün çox vaxt və səy sərf etdik ki, hər iki tərəf Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə məktub yazsın və bu, Prezident Trampın iştirakı ilə baş verdi. Bu, Minsk qrupunun hüquqi süqutunu ifadə edəcək, çünki o, artıq beş ildən çoxdur ki, fəaliyyətsizdir”.
Beləliklə, Ermənistan da dərk etdi ki, Minsk Qrupunun ləğvi qaçılmazdır və Azərbaycanın bu şərti yerinə yetirilməlidir. Vaxtı ilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması məqsədilə təsis edilmiş sözügedən institutların münaqişənin həlli nəticəsində yaranmış yeni şəraitdə lüzumsuz olması bütün ATƏT iştirakçı dövlətləri tərəfindən də qəbul edildi və həmin institutların bağlanması rəsmiləşdirildi.
Bu, Azərbaycan tərəfindən irəli sürülmüş sülh gündəliyinin beynəlxalq müstəvidə qəbul edilməsidir. Bu, eyni zamanda normallaşma prosesi ilə əlaqədar əldə edilmiş razılıqların praktiki icrası istiqamətində mühüm addım kimi qiymətləndirilməlidir.