media-img-20260519-wa0012

2026-cı il mayın 18-də Bakı şəhəri daha bir mühüm beynəlxalq tədbirə ev sahibliyi etdi. Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın qlobal miqyasda artan nüfuzunu və beynəlxalq əməkdaşlıq platformasına çevrildiyini bir daha nümayiş etdirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumun açılış mərasimində etdiyi çıxışda həm ölkəmizin qədim şəhərsalma ənənələrindən, həm də müasir urbanizasiya siyasətindən geniş bəhs etdi. Dövlət başçısının nitqi təkcə şəhərsalma məsələlərinə deyil, həm də milli irsin qorunması, ekoloji tarazlıq, postmünaqişə quruculuğu və insan rifahı kimi mühüm istiqamətlərə toxunması ilə diqqət çəkdi.

Prezident İlham Əliyev çıxışında bildirdi ki, forumda 182 ölkədən 45 mindən artıq iştirakçı qeydiyyatdan keçib. Bu fakt forumun tarixində rekord göstəricilərdən biri olmaqla yanaşı, Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində qazandığı böyük təcrübənin göstəricisidir. Dövlət başçısı qeyd etdi ki, bu tədbir iştirakçı sayına görə COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq platformadır. Bu isə onu göstərir ki, Bakı artıq beynəlxalq diplomatiya, qlobal dialoq və inkişaf təşəbbüslərinin mühüm mərkəzlərindən birinə çevrilib.

Prezident öz çıxışında Azərbaycanın coğrafi və sivilizasiya baxımından Şərqlə Qərbin qovşağında yerləşdiyini xüsusi vurğuladı. O qeyd etdi ki, bu xüsusiyyət ölkənin memarlığında və şəhərsalma modelində də öz əksini tapır. Bakının qədim İçərişəhərindən başlayaraq müasir göydələnlərə, XIX əsr Avropa memarlığı üslubunda tikilmiş binalardan dünyanın ən uzunbulvarlarından birinə çevrilmiş Bakı Bulvarına qədər uzanan mənzərə Azərbaycanın tarixi ilə müasirliyinin vəhdətini nümayiş etdirir.

Bu gün Bakı şəhəri təkcə regional deyil, həm də qlobal şəhərsalma nümunələrindən biri kimi qiymətləndirilir. Vaxtilə cəmi üç kilometr uzunluğunda olan Bakı Bulvarının bu gün 15 kilometrdən artıq sahəni əhatə etməsi, şəhərdə geniş abadlıq və yaşıllaşdırma layihələrinin həyata keçirilməsi urbanizasiya strategiyasının əsas nəticələrindəndir. Prezident İlham Əliyevin vurğuladığı kimi, şəhərsalma yalnız paytaxt Bakı ilə məhdudlaşmır, Azərbaycanın bütün bölgələrini əhatə edən geniş dövlət siyasətinə çevrilib.

Dövlət başçısı çıxışında 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirdi. Bu təşəbbüs Azərbaycanın şəhərsalma siyasətinin strateji prioritetlərdən biri olduğunu göstərir. Prezident qeyd etdi ki, 2022-ci ildən başlayaraq BMT-nin Məskunlaşma Proqramı ilə əməkdaşlıq çərçivəsində Ağdam, Zəngilan və Xankəndidə milli şəhərsalma forumları keçirilib. Bu isə postmünaqişə dövründə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq prosesinin beynəlxalq səviyyədə dəstəkləndiyini nümayiş etdirir.

Prezident İlham Əliyev Azərbaycanın qədim şəhərlərinin tarixi və memarlıq irsindən danışaraq Şamaxı, Naxçıvan, Gəncə, Qəbələ, Şəki və Lahıc kimi yaşayış məntəqələrinin dünya mədəniyyətində xüsusi yer tutduğunu diqqətə çatdırdı. Şamaxıda yerləşən VIII əsrə aid məscid, Naxçıvandakı Möminə xatun türbəsi, Gəncənin qədim şəhər ənənələri, Kiş kilsəsi və Lahıcın yüzillərlə fəaliyyət göstərən mühəndis infrastrukturu Azərbaycan xalqının yüksək şəhərsalma və memarlıq mədəniyyətinin göstəricisidir.

Dövlət başçısı vurğuladı ki, Azərbaycan xalqı təkcə musiqisi və ədəbiyyatı ilə deyil, memarlıq irsi ilə də fəxr edir. Qız qalası, Şirvanşahlar Sarayı və digər tarixi abidələr əsrlər boyu qorunaraq gələcək nəsillərə çatdırılıb. Prezident İlham Əliyevin fikrincə, bu abidələrin insanların sərbəst şəkildə ziyarət edə bilməsi və orijinal formada qorunması Azərbaycanın tarixi irsə münasibətinin ən parlaq nümunəsidir.

Prezident İlham Əliyev çıxışında müasir şəhərsalmanın əsas çağırışlarından da danışdı. O, Bakı Formula-1 yarışını misal göstərərək qeyd etdi ki, şəhər inkişafında həm cəsarətli, həm də ehtiyatlı olmaq lazımdır. Necə ki, Formula-1 pilotları yüksək sürətlə hərəkət edərkən qədim qala divarlarının yaxınlığında son dərəcə dəqiq idarəetmə nümayiş etdirirlər, dövlətlər də müasirləşmə ilə tarixi irsin qorunması arasında düzgün balans qurmalıdırlar.

Çıxışın mühüm hissələrindən biri Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması prosesinə həsr olundu. Prezident İlham Əliyev qeyd etdi ki, 30 il ərzində erməni işğalı altında qalan Azərbaycan torpaqları tamamilə dağıdılıb, Ağdam isə beynəlxalq ekspertlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılıb. Lakin Azərbaycan dövləti qısa müddətdə həmin ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlayıb.

Prezident İlham Əliyevin səsləndirdiyi rəqəmlər görülən işlərin miqyasını açıq şəkildə göstərir. Son beş ildə 70 kilometr tunel çəkilib, 500 körpüdən 435-i tikilib, üç beynəlxalq hava limanı istifadəyə verilib, yollar, elektrik stansiyaları, məktəblər, xəstəxanalar və yaşayış məntəqələri inşa olunub. Bu layihələr “Böyük Qayıdış Proqramı”nın əsas tərkib hissəsidir. Artıq 85 mindən artıq insan doğma torpaqlarına qayıdaraq yaşayır, işləyir və təhsil alır.

Prezident İlham Əliyev ekoloji məsələlərə də xüsusi diqqət ayırdı. O qeyd etdi ki, Bakı dünyada ilk sənaye neft hasilatının başlandığı şəhər olsa da, uzun illər ərzində ətraf mühit ciddi şəkildə çirklənmişdi. Lakin son illər həyata keçirilən layihələr nəticəsində Qara şəhər kimi tanınan ərazi müasir Ağ şəhərə çevrilib. Bu transformasiya Azərbaycanın ekoloji şəhərsalma modelinin uğurlu nümunələrindən biridir.

Son 20 ildə Bakıda 100-dən çox park və ictimai məkanın salınması, ictimai nəqliyyatın modernləşdirilməsi, elektrik avtobuslarının istifadəsi və mikromobillik konsepsiyasının tətbiqi paytaxtın müasir şəhər standartlarına uyğun inkişaf etdiyini göstərir. Prezident qeyd etdi ki, bu proses yalnız Bakı ilə məhdudlaşmır və Azərbaycanın digər şəhərlərində də sürətli inkişaf müşahidə olunur.

Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçirilməsi Azərbaycanın qlobal şəhərsalma siyasətində söz sahibi olan dövlətlərdən birinə çevrildiyini nümayiş etdirdi. Prezident İlham Əliyevin çıxışı isə Azərbaycanın qədim irsə söykənən, müasir texnologiyaları tətbiq edən və insan rifahını əsas prioritet hesab edən inkişaf modelini beynəlxalq ictimaiyyətə təqdim etdi. Bu çıxış həm Azərbaycanın bugünkü nailiyyətlərini, həm də gələcəyə dair strateji baxışını aydın şəkildə ortaya qoydu.

Şahin Seyidzadə

Millət vəkili


media-728x90banner

Bənzər xəbərlər