Prezident İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-dan etibarən Çində işgüzar səfərdədir. Səfər çərçivəsində Azərbaycan Prezidentinin Şanxay Əməkdaşlıq Təşkilatının Tiencin şəhərində keçirilən “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyinə həsr olunmuş tədbirlərdə və hərbi paradda iştirakı nəzərdə tutulur. Bu tədbirlərdən “ŞƏT plyus”  Zirvə toplantısı artıq yekunlaşıb. 20-dən çox ölkənin dövlət və hökumət başçısının, 10 beynəlxalq təşkilat rəhbərinin iştirak etdiyi tədbir yüksəksəviyyəli təmsilçiliyinə görə artıq deməyə əsas verir ki, yeni dünya düzəninin formalaşması prosesinə təsir etmək iddiasında olan qütblərin ünvanı dəqiqləşməkdədir. Əgər bir vaxtlar bir qütbdə ABŞ və onun başçılıq etdiyi NATO kimi hərbi-siyasi blok, digərində isə keçmiş sovetlər birliyi və Varşava müqaviləsi dayanırdısa, bu gün artıq nə SSRİ, nə də Varşava müqaviləsi yoxdur. ABŞ beynəlxalq müstəvidə əsas güc kimi dominantlığını qorumağa davam edir, Çin isə ikinci qütb kimi  siyasi iddialarının konturlarını təsbit etməkdə israrlıdır. Onun iddialarının arxasında güclənən iqtisadiyyatı, yüksək texnologiyalar və süni intellekt sahəsində əldə etdiyi uğurlar, demoqrafik üstünlüyü və hərbi potensialı dayanır.

Prezident İlham Əliyevin xarici siyasət sahəsində əldə etdiyi tarixi nailiyyətlərin əsas səbəblərindən biri onunla bağlıdır ki, Azərbaycan diplomatiyası ölkəmizin suveren hüquqlarının qorunması məqsədilə bütün dövrlərdə balanslı və praqmatik siyasətə üstünlük verib. Sirr deyil ki, Bayden administrasiyası zamanı ermənipərəst senator və konqresmenlərin, xüsusilə erməni lobbisinin təsiri altında Amerika-Azərbaycan münasibətləri Azərbaycan-Ermənistan əlaqələrinin girovuna çevrilmişdi və təəssüf ki, bu yanaşmada beynəlxalq hüquq və ədalət deyil, Ermənistanın maraqları əsas tutulurdu. Bütün təzyiqlərə və qərəzli münasibətə baxmayaraq, Azərbaycan Prezidenti  dövlət və milli maraqlarımızın qorunması ilə bağlı mövqeyindən bir addım belə geri çəkilmədi. Qarşısında dayanan aktor və liderlərin kimliyindən, siyasi çəkisindən asılı olmayaraq, bütün beynəlxalq platformalarda əyilməz qətiyyət nümayiş etdirdi və dönə-dönə dünya birliyinin diqqətinə çatdırdı ki, Azərbaycanın mövqeyi yalnız tarixi ədalətə deyil, həm də  beynəlxalq hüquqa və BMT Nizamnaməsinin tələblərinə söykənir. Nəticədə avqustun 8-də Ağ Evdə Prezident Donald Tramp kimi güclü siyasi liderin şahidliyi ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında Birgə Bəyannamənin imzalanmasına, Bayden administrasiyasının ölkəmizə qarşı yenidən bərpa etdiyi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin qüvvəsinin dayandırılmasına, şəxsən özünün irəli sürdüyü prinsip və şərtlər əsasında Sülh Sazişi mətninin paraflanmasına və Minsk Prosesinin, habelə onunla bağlı bütün strukturların ləğvinə dair tələbinin Ermənistan tərəfindən qəbul edilməsinə nail ola bildi. Buna qədər müxtəlif bəhanələr altında yalnız siyasi çığallıqla məşğul olan Ermənistan Vaşinqtonda Minsk qrupunun ləğvi barədə ATƏT-ə birgə məktubu imzalamağa da məcbur oldu. Beləliklə, Azərbaycan Prezidenti bu tələbini də qəbul etdirdi. Prezident İlham Əliyev ona da nail oldu ki, avqustun 8-də Ağ Evdə Azərbaycan ilə ABŞ arasında “Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun  yaradılması haqqında” Anlaşma Memorandumu imzalandı. Bu, dünyanın ən qüdrətli dövləti, dünya düzənini dəyişmək gücündə olan aparıcı aktorla dövlətlərarası münasibətlərimizdə yeni tarixi mərhələnin başlaması deməkdir.

İkinci güc mərkəzi kimi siyasi iddiasını ortaya qoyan  Çin Xalq Respublikası ilə əlaqələrimizin strateji səviyyəyə yüksəlməsi də Azərbaycan Prezidentinin uzaqgörənliyi, xarici siyasət sahəsində qərarlarının ardıcıllığı və hər bir aktorla balanslı, praqmatik münasibətləri qura bilmək baçarığı ilə bağlıdır. Azərbaycan ötən illər ərzində əməli addımları ilə sübut edib ki, etibarlı tərəfdaş kimi bütün tərəflərin maraqlarının  uzlaşdırılmasına töhfə vermək gücündədir. Ölkəmizə qarşı aparılan çirkin qarayaxma kampaniyasına baxmayaraq, bunun ilk böyük nəticəsini ciddi konsensusların əldə olunduğu COP29 kimi nüfuzlu beynəlxalq tədbirin yekun sənədlərində gördük. Bu gün bunu hətta bəzi bədxahlarımız da etiraf etməli olur.

Azərbaycan-Çin münasibətlərindəki ortaq uğurlarımızın əsas səbəblərindən biri də onların söykəndiyi prinsiplərdir: ərazi bütövlüyünün toxunulmazlığına və ölkələrin suverenliyinə qarşılıqlı hörmət,  bir-birinin daxili işlərinə qarışmamaq və Azərbaycanın Avrasiya məkanındakı coğrafi üstünlüyünü faydalı iqtisadi əməkdaşlıq platformasına çevirmək əzmi. Bu prinsiplərin hər biri ölkələrimizlə yanaşı, Avrasiya məkanında və daha geniş coğrafiyada yerləşən bütün aktorların maraqlarına  cavab verir. Prezident İlham Əliyev Sədr Si Cinpinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk dünya liderlərindəndir. Bu həm də təzyiq və maneələrə baxmayaraq, Azərbaycan Prezidentinin ardıcıl şəkildə müdafiə etdiyi Orta Dəhliz və Zəngəzur dəhlizi ilə bağlı prinsipial mövqeyi ilə tam üst-üstə düşür.

Prezident İlham Əliyev ilə Sədr Si Cinpinin hələ 10 il əvvəl, 2015-ci ilin dekabrında imzaladıqları “Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının dostluq münasibətlərinin və əməkdaşlığın daha da inkişaf etdirilməsi və dərinləşdirilməsi haqqında” Birgə Bəyannamə iki ölkə Liderinin əlaqələrimizin gələcəyi ilə bağlı ortaq siyasi baxışını nümayiş etdirirdi. Ötən il Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında” Birgə Bəyannamə dövlətlərarası münasibətlərimizin yeni səviyyəyə yüksəldiyini nümayiş etdirdi. Bu ilin aprelində Azərbaycan Prezidentinin Çinə dövlət səfəri çərçivəsində Prezident İlham Əliyev və Sədr Si Cinpin tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında”  Birgə Bəyanat isə dövlətlərimiz arasında münasibətlərin strateji mahiyyətinin dönməz xarakter aldığını təsbit edir. Elə bu səbəbdən, o da təsadüfi deyil ki, avqustun 31-də Tiencin şəhərində Sədr Si Cinpin Prezident İlham Əliyevi “mənim əziz dostum” deyərək qarşıladı.

Azərbaycan ilə Çin arasında son on ildə imzalanan sənədlərin tarix və məzmun  ardıcıllığı ona dəlalət edir ki, geosiyasi çağırışlar və zamanın sınaqları ölkələrimiz arasındakı əlaqələrin inkişaf səviyyəsinə təsir göstərə bilməyib. O da şübhəsizdir ki, münasibətlərin hazırkı strateji statusu indiki mürəkkəb dövrdə milli maraqlarımızın qorunmasına xidmət edir. Prezident İlham Əliyev sentyabrın 1-də “ŞƏT plyus” formatındakı çıxışı zamanı bir daha dövlət maraqlarımızdan çıxış edərək  həm qardaş və dost ölkələrin, həm də Zəngəzur dəhlizinin açılmasına qısqanclıqla yanaşan aktorların diqqətinə yeganə həqiqəti çatdırdı: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək. Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.

      Azərbaycan Prezidenti bu bəyanatı ilə tədbir iştirakçıları ilə yanaşı, bütövlükdə beynəlxalq birliyə o mesajı verdi ki, təhlükəsiz dünya nizamının gələcəyi ölkələr və qitələr arasında bütün aktorlara fayda gətirəcək iqtisadi əlaqələrin qurulmasından, bunun üçün dəhliz və bağlantıların açılmasından asılıdır. Prezident İlham Əliyev dünyaya həm də bu mesajı verdi ki, Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan öz coğrafi üstünlüyündən istifadə edərək, qarşıdurmalarda deyil, bütün aktorlarla məhz bu cür faydalı iqtisadi əlaqələrin qurulmasında maraqlıdır. Çünki yalnız bu yol bərabərhüquqlu əməkdaşlığa, sülhə və ortaq rifaha təminat verə bilər. Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı paraflanma prosedurundan keçən Sülh Sazişi isə artıq o deməkdir ki, Cənubi Qafqazda belə əməkdaşlıq üçün tarixi fürsət yaranıb. Azərbaycan Prezidentinin Minsk qrupu ilə bağlı birmənalı tələbi Ermənistan tərəfindən qəbul edildikdən sonra, ATƏT Nazirlər Şurasının sentyabrın 1-də Minsk Prosesinin və onunla əlaqəli strukturların bağlanılması haqda qəbul etdiyi qərar həm Avrasiya məkanına, həm də daha böyük coğrafiyaya o mesajı verir ki, Cənubi Qafqaz faydalı iqtisadi əməkdaşlığa və bütün xalqların rifahına töhfə verməyə hazırdır.

Ülvi Quliyev                                                                                      

Milli Məclisin Deputatı


media-728x90banner

Bənzər xəbərlər