İyulun 9-da  Milli Məclisin  növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bu qanun layihəsini təqdim edib. O, sənədin həm Naxçıvan Ali Məclisində, həm də Milli Məclisdə geniş müzakirə olunduğunu, deputatlar tərəfindən dəstəkləndiyini deyib və səsə qoyulmasını xahiş edib.

Layihəyə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da öz əksini tapacaq. Əlavə edilməsi nəzərdə tutulan “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” adlı 3-1-ci maddəyə əsasən,  Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının ərazisində Azərbaycan Prezidentinin müəyyən etdiyi vəzifələri yerinə yetirən icra orqanıdır və ona rəhbərliyi Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan Naxçıvan Muxtar Respublikasında Prezidentin səlahiyyətli nümayəndəsi həyata keçirir. Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər Ali Məclis sədrinin təklifləri əsasında Azərbaycan Prezidenti tərəfindən təyin ediləcək. Həmçinin,  Muxtar Respublikanın Nazirlər Kabineti Naxçıvan Ali Məclisinə tabe olmayacaq və iş qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla müəyyənləşdirəcək. Sənəddə, habelə   Azərbaycan Konstitusiyasına uyğunlaşdırma, dəqiqləşdirmə və texniki xarakterli bir sıra dəyişikliklər də nəzərdə tutulub.

Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Daha sonra komitə sədri Əli Hüseynli “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə Konstitusiya qanunu layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.

Nəzərə çatdırılıb ki, dəyişikliyin edilməsində məqsəd Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına ediləcək dəyişikliklərdən sonra “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 2.10-cu maddəsində yarana biləcək uyğunsuzluğun aradan qaldırılmasıdır.

Konstitusiya qanununun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə (üçüncü  oxunuş) qanun layihəsi barədə məlumat verib. O, layihənin ikinci oxunuşda müzakirəsi zamanı deputatlar tərəfindən səslənən fikirlərə münasibət bildirib, qaldırılan məsələlərə aydınlıq gətirib. Komitə sədri təklif olunan dəyişikliyin polis orqanlarının fəaliyyətinin maliyyələşdirilməsində tətbiq ediləcək mexanizmlə bağlı olduğunu qeyd edib.

Layihə polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə hazırlanıb.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Həmçinin Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, təklif edilən dəyişikliklərin bir sıra normaların təkmilləşdirilməsi və dəqiqləşdirilməsi xarakteri daşıdığını, layihədə heç bir dəyişikliyin edilmədiyini deyib və onun olduğu kimi səsə qoyulmasını xahiş edib.

Sənəddə Mülki Prosessual Məcəllədə  və İnzibati Xətalar Məcəlləsində “prokuror” ifadəsinin dəqiqləşdirilərək “ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror” ifadəsi ilə əvəz edilməsi təklif edilir. Cinayət-Prosessual Məcəlləsinə edilən əlavəyə əsasən, icraatında mülki iş, kommersiya və ya inzibati mübahisələr üzrə, yaxud inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan həmin iş üzrə şəxsin əməllərində cinayətin əlamətlərini aşkar etdikdə, bu barədə qəbul etdiyi xüsusi qərardadı və ya məhkəmədə olan materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliyə görə isə barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə şikayətə baxılması üçün vəsatətin verilməsi təklif olunur.

İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa sənəd barədə bu komitənin müsbət rəyini açıqladıqdan sonra, qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) təqdim edib.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Xüsusi icra məmurları haqqında” Azərbaycan Respublikasının qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, diqqətə çatdırıb ki, xüsusi icra məmuru institutunun yaradılması məsələsi ölkə Prezidentinin müvafiq Fərmanında öz əksini tapıb. Komitə sədri bununla bağlı xarici təcrübədə müsbət nəticələrin əldə edildiyini söyləyib, ölkəmizdə məhkəmə qərarlarının icrasında bəzi  problemlərin mövcud olduğunu deyib. O, sənədin bu sahədə fəaliyyətin daha səmərəli qurulmasına xidmət edəcəyinə əminliyini ifadə edib.

Qanun layihəsi xüsusi icra məmurlarının fəaliyyətinin təşkili və fəaliyyətinə nəzarətlə bağlı ictimai münasibətləri, xüsusi icra məmurlarının hüquqi statusunu tənzimləyir. Layihəyə əsasən, xüsusi icra məmuru bu Qanunda nəzərdə tutulmuş məhkəmələrin və qanunla icrası icra məmurlarına həvalə edilmiş digər orqanların sənədlərinin icrasını həyata keçirmək üçün xüsusi icra məmuru şəhadətnaməsi almış fiziki şəxs hesab olunur.  Layihədə xüsusi icra məmurunun fəaliyyətinin hüquqi əsasları, fəaliyyət prinsipləri, onun tələblərinin məcburiliyi, habelə xüsusi icra məmurlarının fəaliyyəti ilə bağlı dövlətin vəzifələri ilə bağlı müddəalar öz əksini tapıb.

Sənəddə, habelə qeyd olunur ki, xüsusi icra məmurlarının özünüidarə orqanı Xüsusi İcra Məmurlarının Palatasıdır. Palatanın əsas məqsədi xüsusi icra məmurlarının fəaliyyətinin idarə olunmasında iştirak etmək, onların fəaliyyətinin təşkili və bu fəaliyyətə nəzarət olunması sahələrinin inkişafını və təkmilləşdirilməsini təmin etməkdir.

Bununla yanaşı, layihədə xüsusi icra məmuruna dair tələblər qoyulur. Bildirilir ki, ali təhsilli və bu Qanunun 1-ci, 7.2-ci və 7.3-cü maddələrinin tələblərinə cavab verən Azərbaycan Respublikasının vətəndaşı xüsusi icra məmuru ola bilər. Həmçinin icrası xüsusi icra məmurları tərəfindən həyata keçirilən icra sənədlərinin növləri, icra sənədlərinin xüsusi icra məmurunun icraatına yönəldilməsi qaydası təsbit olunur. Xüsusi icra məmurunun hüquq və vəzifələri, onların dövlət orqanları ilə əməkdaşlığı ilə bağlı məsələlər, eyni zamanda, xüsusi icra məmurlarının fəaliyyətinə nəzarətlə bağlı müddəalar əks olunur.

Növbəti məsələ olan Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində,  Mülki Məcəllədə, Vergi Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, Rəqabət Məcəlləsində, “Sosial sığorta haqqında”, “Polis haqqında”, “Tibbi sığorta haqqında”, “Notariat haqqında”, “İcra məmurları haqqında”, “İcra haqqında”, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “İnzibati icraat haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və “Siyasi partiyalar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) hazırda Milli Məclisin müzakirəsinə təqdim edilmiş “Xüsusi icra məmurları haqqında” qanun layihəsinə uyğunlaşdırma məqsədilə hazırlanıb.

Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa rəhbərlik etdikləri komitələrin bu qanun layihəsi barədə müsbət rəylərini diqqətə çatdırıblar.

Hər iki qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının Torpaq Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Mənzil Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Notariat haqqında”, “İcra haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və “İpoteka haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib.

O, layihənin məhkəmə qərarlarının icrasının bir elementi olan hərracın aparılma prosesi ilə bağlı olduğunu bildirib. Komitə sədri qanunvericilikdə və təcrübədə elektron icranın, elektron hərracın mövcud olduğunu deyərək, ölkə Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunan bu layihənin həmin prosesin daha da təkmilləşdirilməsinə xidmət etdiyini vurğulayıb.

Qanun layihəsi icra sənədinə əsasən satılmalı olan əmlakın, borclunun üzərinə həbs qoyulmuş əmlakının və ipoteka predmetinin satılması ilə bağlı kompleks tənzimləməni nəzərdə tutur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev məsələyə dair rəhbərlik etdikləri komitələrin müsbət rəylərini bildirəndən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Sonra parlamentin komitə sədri Əli Hüseynli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” qanunlarda dəyişiklik edilməsi haqqında (ikinci oxunuş) qanun layihəsinə dair məlumatı nəzərə çatdırıb.

O, bildirib ki, layihə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb. Habelə qeyd edilib ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur.

Sənəddə şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda, elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.

Layihədəki digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, İAMAS (İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Bu, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.

Sənədlə bağlı müzakirələrdə komitə sədri Fazil  Mustafa bəzi qeydlərini səsləndirib.  Əli Hüseynli qaldırılan məsələyə aydınlıq gətirdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin bugünkü plenar iclası başa çatıb.


media-728x90banner

Bənzər xəbərlər