Laçında quruculuq işləri yüksək zövq və keyfiyyətlə həyata keçirilir
Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən 2020-ci il dekabrın 1-də Laçın rayonu Azərbaycana təhvil verildi. Vətənimizin bu dilbər guşəsinin bir güllə atılmadan və qan tökülmədən qaytarılması Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik gücünün göstəricisi idi. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Prezident İlham Əliyevin Sərəncamı ilə 26 avqust Laçın Şəhəri Günü kimi müəyyən olunub. Strateji əhəmiyyətə malik olan Laçının azad olunması ilə Azərbaycan qərb sərhədlərinə nəzarəti təmin etdi. Azərbaycan dövlətinin Laçın rayonunda nəzarət-buraxılış məntəqəsi qurmasından sonra Qarabağdakı erməni separatçılarının son nəfəsliyi də bağlanmış oldu.
Bu fikirləri Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O ermənilər tərəfindən Laçının həm 1992-ci il mayın 18-də işğal olunanda, həm də 2020-ci ildə boşaldılanda yandırıldığını vurğulayıb: “Ermənistan Cenevrə Konvensiyasının müddəalarını pozaraq işğaldan sonra Laçındakı coğrafi adları dəyişdirdi, rayonun təbii resurslarını talan etdi, məqsədyönlü şəkildə qanunsuz məskunlaşma həyata keçirdi. AXC-Müsavat cütlüyünün hakimiyyət hərisliyindən istifadə edən ermənilər Laçını müqavimətsiz ələ keçirmişdilər. Sonradan təsdiq olundu ki, Şuşa və Laçın xəyanətin qurbanı olub. Laçının işğalı növbəti fəlakətlərin başlanğıcı oldu.
Ermənistan rəhbərliyi 1994-cü ildə əldə olunmuş atəşkəs razılaşmasından sonra aparılan danışıqlarda belə Laçını özlərinə dəhliz “seçərək” onu Azərbaycana qaytarmaqdan imtina edirdi. Düşünürdülər ki, rəsmi Bakı onların bu cür “ərköyünlüyünə” sonacan göz yumacaq. Amma onlar bir gerçəkliyi unutmuşdular. Müstəqil dövlət olan Azərbaycanın güclü ordusu, cəsarətli, uzaqgörən siyasi rəhbərliyi ərazilərimizin işğaldan azad olunması üçün var gücü ilə çalışır, əlverişli məqamı gözləyirdilər. 2020-ci ilin sentyabrında başlayan Vətən müharibəsi ilə Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdik”.
M.Vəliyeva işğaldan azad olunmuş digər ərazilərimiz kimi Laçında da bərpa-quruculuq işlərinin yüksək səviyyədə davam etdirildiyini söyləyib: “Bu gün Laçınımız əsl laçın çağlarını yaşayır. Artıq Laçın şəhəri, Zabux və Sus kəndləri də daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda məcburi köçkünlərin qayıdışı təmin olunur, sakinlərin doğma yurd-yuvasına köçürülməsi davam edir”.
Prezident İlham Əliyevin 2023-cü il mayın 28-də Laçın şəhərinə qayıdan əhali ilə görüşünü xatırladan deputat dövlətimizin başçısının çıxışından bu fikri sitat gətirib: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur. Gözəl təbiət, əzəmətli dağlar, gözəl binalar, evlər – hər şey çox böyük zövqlə yaradılır ki, həm insanlar burada rahat yaşasınlar, həm də Laçın şəhərinin müasir siması Azərbaycanın əldə etdiyi uğurları ilə eyni səviyyədə olsun”.
Deputat xatırladıb ki, 2024-cü ildə Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan edilməsi də əhəmiyyətli hadisədir: “Bu qərarla MDB üzvü olan ölkələrin dövlət başçıları Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə, mədəniyyətimizə yüksək dəyər verdiklərini nümayiş etdirdilər”.
Mehriban Vəliyeva Prezident İlham Əliyevin Laçın rayonuna səfərləri zamanı Beynəlxalq Hava Limanının, “Laçın” qovşaq yarımstansiyasının, Güləbird, Şəlvə kəndlərinin, Qorçu qəsəbəsinin, Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin, ilk çoxmənzilli yaşayış məhəlləsinin, mehmanxana kompleksinin təməlini qoyduğunu qeyd edib: “Laçında həyata keçirilən genişmiqyaslı quruculuq işləri yüksək zövq və keyfiyyətlə aparılır. Baş plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri yaradılacaq. Planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Bu il 28 May – Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı böyük siyasi, iqtisadi və strateji əhəmiyyət kəsb etdi. Üç qardaş ölkənin liderlərinin – Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı ilə baş tutan açılış mərasimi bir neçə aspektdən diqqət çəkdi. Azərbaycan, Türkiyə və Pakistan arasında getdikcə möhkəmlənən strateji, hərbi, diplomatik və iqtisadi müttəfiqlik Laçında bir daha öz təsdiqini tapdı. Laçındakı açılış mərasimi Türkiyə-Azərbaycan-Pakistan ittifaqının çoxqütblü münasibətlər sistemində tarazlaşdırıcı qüvvə və ya “Orta güc” olduğunu təsdiq etdi”.
Deputat əlavə edib ki, Laçında bütövlükdə 1000-dən çox yaşayış evi tikilib və bərpa edilib: “Laçın şəhərində 626 fərdi ev, çoxmənzilli binada 138 mənzil, 87 qeyri-yaşayış sahəsi istifadəyə verilib. Hazırda şəhərdə 89 fərdi ev, 28 çoxmənzilli bina, 26 qeyri-yaşayış sahəsinin tikinti və bərpası davam edir. Eyni zamanda, 237 fərdi ev və 29 çoxmənzilli binanın (436 mənzil) tikintisi planlaşdırılır. Laçın rayon 2 nömrəli tam orta məktəbin 510 şagird yeri var, məktəbin üçmərtəbəli binasının sahəsi 4550 kvadratmetrdir. Binada 24 yerlik doqquz, 18 yerlik beş və 12 yerlik dörd sinif otağı, 1 informatika, 1 texnologiya kabineti, 3 laboratoriya, 18 yerlik məktəbəhazırlıq otağı və 24 yerlik hərbi hazırlıq kabineti var. 2023-cü ildə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayıb.
Laçınlılar 31 ildən sonra öz doğma kəndlərinə qayıdıblar. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib. Bu gün Laçında görülən işlər heyrətamizdir. Laçın çox yaxın gələcəkdə təkcə Azərbaycanın deyil, bölgəmizin ən füsunkar, ən gözəl məkanlarından birincisi olacaq”.