Milli Məclisdə 2025-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələri qəbul olunub.

XALQ.AZ xəbər verir ki,  bu gün keçirilən iclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib.

O, bildirib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmiş 2025-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər layihələr həm komitədə, həm də plenar iclaslar çərçivəsində hökumət üzvlərinin və aidiyyəti dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə geniş müzakirə edilib, birinci və ikinci oxunuşda deputatlar tərəfindən dəstəklənib. Komitə sədri qanun layihəsinin müzakirə olunduğu ərəfədə bir sıra dövlət qurumlarında struktur dəyişikliklərinin həyata keçirildiyini, dövlət və icmal büdcələrindən maliyyələşən maliyyə yardımı alan subyektlərin fəaliyyəti ilə ölkə Prezidenti tərəfindən hökumətə müvafiq icra tapşırıqlarının verildiyini, eyni zamanda, büdcə müzakirələri zamanı millət vəkillərinin bir sıra təkliflər irəli sürdüyünü qeyd edib. Bu amillərin 2025-ci ilin dövlət büdcəsinin ikinci oxunuşda qəbul edilmiş layihəsinə müəyyən dəyişikliklərin edilməsi zərurəti yaratdığını və həmin dəyişikliklərin sənədin üçüncü oxunuşu üçün təqdim edilmiş layihəsində öz əksini tapdığını söyləyib.

Azər Əmiraslanov diqqətə çatdırıb ki, dövlət büdcəsinin həm gəlirləri, həm də xərcləri üzrə 40 milyon manat məbləğində artım istiqamətində dəyişiklik edilir. Bu məbləğ büdcədən kənar gəlirlərin, eləcə də bu gəlirlərdən formalaşan xərclərin artımı ilə bağlıdır. Bununla yanaşı, dövlət büdcəsinin bəzi xərc istiqamətlərində ümumi məbləğ daxilində dəyişiklik edilir. Qeyd olunub ki, bəzi istiqamətlər üzrə xərclər ümumilikdə 229.8 milyon manat azaldılır, digər istiqamətlər üzrə həmin məbləğ qədər artırılır. Beləliklə, dövlət büdcəsinin gəlirləri növbəti il üçün 38 milyard 356 milyon manat, xərcləri isə 41 milyard 407 milyon 600 min manat nəzərdə tutulur.

O, qeyd edib ki, dövlət büdcəsi təkcə, iqtisadi göstəricilərdən, rəqəmlərdən  ibarət illik maliyyə planı deyil. O milli iqtisadiyyatla yanaşı, dövlət siyasətinin də güzgüsüdür. Belə ki, büdcə rəqəmləri həm də dövlətin hansı strateji məqsəd və təşəbbüsləri, hansı siyasi qərarları reallaşdırdığını özündə əks etdirir.

Komitə sədri bildirib ki, əgər dövlət büdcəsində müdafiə xərcləri artırılırsa, xarici borclanmaya mühafizəkar yanaşılırsa, strateji layihələrin maliyyələşməsi daxili resurslara əsaslanırsa, bu büdcənin arxasında milli maraqlara söykənən dövlət siyasəti dayanır. Büdcə zərfi hökumət tərəfindən təqdim edilsə də, o icra və qanunverici orqanların birgə müzakirə platformasından keçdikdən sonra dövlət başçısı tərəfindən imzalanır və qanun qüvvəsinə malik olan dövlət büdcəsi statusunu qazanır və ümummilli, vahid strateji  sənədə çevrilir.

Qeyd edilib ki, bir ay davam edən büdcə müzakirəsi zamanı 2025-ci ilin dövlət büdcəsi layihəsinə münasibətdə hökumətlə parlament vahid mövqe nümayiş etdirib. Vurğulanıb ki,  ölkəmizdə vahid dövlət siyasətinin həyata keçirilməsi ənənəsi bundan sonra da davam edəcək, sosial, iqtisadi, siyasi və institusional islahatların reallaşdırılması üçün imkanlar yaradacaq, dövlət idarəçiliyinin ahəngdarlığına və sabitliyinə öz töhfəsini verəcək.

Azər Əmiraslanov vurğulayıb ki, 2025-ci ilin dövlət büdcəsi layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər ölkənin iqtisadi reallıqlarına və büdcə qanunvericiliyinin tələblərinə cavab verir. Habelə ölkəmizin milli təhlükəsizliyinə, iqtisadiyyatın inkişafına, sosial rifaha, Qarabağın və Şərqi Zəngəzurun bərpasına və digər dövlət maraqlarına xidmət edir. O, bildirib ki, 2025-ci ilin büdcəsi dövlətimizin siyasi, iqtisadi və hərbi gücünü nümayiş etdirməklə, növbəti ildə də ölkə Prezidenti tərəfindən qarşıya qoyulmuş çox mühüm və təxirəsalınmaz strateji vəzifələrin yerinə yetirilməsi üçün etibarlı maliyyə təminatı yaradır deyə komitə sədri bildirib.

Həmçinin parlamentin iclasında  İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bu iki sənədin rəhbərlik etdiyi komitə tərəfindən dəstəkləndiyini açıqlayıb.

Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, bildirib ki, layihəyə əsasən, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2025-ci il üçün ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilir.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məsələyə dair bu komitənin müsbət rəyini səsləndirdikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Sonra parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Azərbaycan Respublikasında 2025-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (üçüncü oxunuş) barədə məlumat verib. O, 2025-ci il üçün ehtiyac meyarının həddinin 285 manat məbləğində müəyyən edildiyini diqqətə çatdırıb.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov sənədin bu komitə tərəfindən dəstəkləndiyini söylədikdən sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (üçüncü oxunuş) təqdim edib. O, layihənin birinci və ikinci oxunuşda komitədə və plenar iclaslarda geniş müzakirə edildiyini, deputatlar tərəfindən bir sıra təkliflərin səsləndirildiyini deyib. Müzakirə dövründə qanun layihəsində tənzimlənməsi zəruri bilinən bir sıra məsələlərin diqqət mərkəzində saxlanıldığını qeyd edib. Bildirilib ki, bu məsələlər komitə və İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən nəzərdən keçirilərək məqbul hesab edilib və qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırılıb.

Komitə sədri bu düzəlişlərlə bağlı diqqətə çatdırıb ki, Məcəllənin 13.2.11-ci maddəsində dəqiqləşdirmə məqsədilə “torpağa mülkiyyət” sözlərindən sonra, “habelə torpaqdan istifadə” sözləri əlavə edilir və bununla da vergi qanunvericiliyinin məqsədləri üçün torpaqdan istifadə hüququnun verilməsinin hüquqi rejimi müəyyən olunur. Habelə, 16.1.11-17-ci maddəyə təklif olunan dəyişikliyə əsasən, kənd təsərrüfatı məhsulları bazarları istisna olmaqla, bazarların mülkiyyətçiləri və idarəediciləri tərəfindən vergi ödəyiciləri barədə məlumatın hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dək uçotda olduğu vergi orqanına təqdim edilməsi nəzərdə tutulur. Üçüncü oxunuşa təqdim olunan layihədə bu məlumatın elektron formada olması ilə bağlı müvafiq düzəliş edilib. Bununla yanaşı, Məcəllənin digər maddələrində istifadə olunan terminlə eyniliyi təmin etmək üçün 50.1.15-ci maddədə “subyekt” sözü “təsərrüfat subyekti” sözləri ilə əvəz edilir. Bildirilib ki, qanun layihəsi ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində özəl tərəfdaşlara bir sıra vergi növləri üzrə güzəştlər tətbiq ediləcək. Güzəştlərin özəl tərəfdaşlarla yanaşı, layihə şirkətinə da şamil edilməsi nəzərdə tutulur. Bu məqsədlə 106.1.35, 106.1.63, 207.13 və 199.22-ci maddələrə təklif olunan mətnə “özəl tərəfdaş” sözlərindən sonra “müəyyən layihə şirkəti” sözləri əlavə edilir.

Azər Əmiraslanov təklif olunan düzəlişlərin Vergi Məcəlləsinin təkmilləşdirilməsinə xidmət etdiyini söyləyib.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

Sonra komitə sədri Azər Əmiraslanov “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanununda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsinə dair məlumat verib. O, əvvəlki oxunuşlarda layihəyə heç bir əlavə düzəlişlərin edilmədiyini nəzərə alaraq, sənədin səsə qoyulmasını xahiş edib.

Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Nağdsız hesablaşmalar haqqında” Qanunda dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihəsindən bəhs edib. O, bu qanun layihəsinə hər hansı bir dəyişikliyin edilmədiyini deyib və sənədin səsə qoyulmasını xahiş edib.

Layihəyə əsasən, bütün ƏDV ödəyiciləri, həmçinin ictimai iaşə fəaliyyəti ilə məşğul olan və 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi ödəyən vergi ödəyiciləri tərəfindən ay ərzində aparılmasına icazə verilən nağdsız hesablaşma limiti onların satış dövriyyəsindən asılı olaraq, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin (ƏDV daxil olmaqla) 2 faizi həcmində müəyyən edilir.

Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.


media-728x90banner

Bənzər xəbərlər