media-ress

“Yeni rezidentura proqramının tətbiqindən sonra bir qrup həkimin Azərbaycanda fəaliyyətə başlaması çox çətinləşib və bəzən tam qeyri-mümkün vəziyyətə düşüb”.

XALQ xəbər verir ki, bunu deputat Rəşad Mahmudov Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı deyib.

O bildirib ki, son aylarda yüzlərlə vətəndaşımızın, xüsusilə də Rusiyada və digər MDB ölkələrində tibbi təhsil və klinik ixtisaslaşma almış azərbaycanlı həkimlərin müraciətləri artıb:

“Söhbət bir mühüm problemdən – xaricdə, xüsusilə MDB məkanında alınmış klinik ixtisasların ölkəmizdə tanınması mexanizminin faktiki olaraq dayanmasından gedir. İlkin baxışda bu mövzu texniki məsələ kimi görünə bilər, lakin əslində, burada həm insani hüquqlara, həm ölkəmizin səhiyyə ehtiyaclarına, həm də hüquqi öhdəliklərə toxunulur”.

Rəşad Mahmudov vurğulayıb ki, həmin həkimlər bizim vətəndaşlarımızdır, əslən azərbaycanlılardır, Azərbaycan dilini bilirlər və ölkələrində xidmət göstərmək istəyirlər:

“Onların böyük bir hissəsi yüksəksəviyyəli klinikalarda təhsil alıb, işləyib və bu gün, sadəcə, öz peşələrini vətənlərində icra etmək istəyirlər.

Bu gün Avropanın bir çox ölkələri dünyanın müxtəlif yerlərində təhsil almış həkimləri, eləcə də azərbaycanlı həkimləri, sadəcə, test, imtahan, təcrübə və adaptasiya mərhələlərindən keçirərək sistemə daxil edir. Heç bir ölkə belə resursu geri çevirmir. Əksinə, xüsusilə kadr çatışmayan sahələrdə bu modeldən aktiv istifadə olunur.

Bizim isə real vəziyyətimiz budur: ölkədə, xüsusilə regionlarda ixtisaslı kadr çatışmazlığı mövcuddur. Biz həkim ehtiyatı axtarırıq, amma hazır, yetişmiş və dil baryeri olmayan bir resursdan istifadə edə bilmirik. Halbuki bu həkimlər imtahan verməyə, adaptasiya keçməyə, hətta regionlarda çalışmağa belə tam hazır olduqlarını bildirirlər.

Bu mövzunun hüquqi tərəfinə gəldikdə isə xatırlatmaq istəyirəm: Azərbaycan Lissabon Konvensiyasına qoşulub və həmin Konvensiya yalnız “əhəmiyyətli fərq” sübuta yetirildiyi halda diplomun tanınmamasına icazə verir. İkinci məsələ, 2023-cü ildə qüvvəyə minmiş “Tanınma qaydaları” isə imtahan, adaptasiya kursu və təcrübə kimi mərhələləri açıq şəkildə göstərir. Yəni rədd qərarının hüquqi əsası olmalıdır, imtahan və ya adaptasiya hüququ təmin edilməlidir.

Məsələ nə siyasi, nə də emosionaldır. Bu, tamamilə texniki, şəffaf və idarəolunan bir mexanizmlə həll edilə biləcək bir problemdir. Bu mexanizmin yaradılması həm ölkəmizin insan kapitalına, həm də səhiyyə sisteminin real ehtiyaclarına xidmət edəcək. Xaricdə, xüsusilə MDB məkanında klinik ixtisas almış azərbaycanlı həkimlərin ixtisaslarının tanınması üçün daimi, şəffaf və hüquqi cəhətdən əsaslandırılmış mexanizm və adaptasiya imtahanlarının təşkil edilməsinə ehtiyac var”.


media-728x90banner

Bənzər xəbərlər