Tarix, işğal, Zəfər və böyük qayıdışın simvolu Kəlbəcər!
25 noyabr Azərbaycan tarixində xüsusi bir gün – Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir. Bu tarix həm qədim mədəni irsimizi, həm də Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbənin nəticələrini özündə birləşdirir.
Kəlbəcər Azərbaycanın ən qədim insan məskənlərindən biridir. “Kəlbəcər” toponimi qədim türk dilində “çay üzərində qala” mənasını verir. Ərazidə 30 min illik yaşayış izləri, 6 min illik qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkarlanıb. Buradakı abidələr türklüyün, atəşpərəstliyin, xristianlığın və İslamın müxtəlif dövrlərini əks etdirir.
Kəlbəcərə İnzibati rayon statusu 1930-cu ildə verilmiş, işğala qədər əhalisi 53 min nəfər, ərazisi isə 3054 km² idi və 1993-cü il işğal faciəmiz başladı. Belə ki, 2 aprel 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri Kəlbəcəri işğal etdi. İşğal nəticəsində.511 dinc sakin qətlə yetirildi, 321 nəfər əsir və itkin düşdü, əhali Azərbaycanın 56 rayonunda məcburi köçkün kimi yerləşdirildi, yüzlərlə tarixi abidə, məktəb, xəstəxana, mədəniyyət ocağı dağıdıldı, milyardlarla manatlıq sərvət talan edildi.
BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsi Ermənistanın ərazidən dərhal çıxmasını tələb etsə də, sənəd icra olunmadı. Əksinə, 1999-cu ildən başlayaraq Kəlbəcərdə qeyri-qanuni erməni məskunlaşdırılması həyata keçirildi.
2020-ci il Vətən müharibəsi Azərbaycan tarixinin dönüş nöqtəsi oldu. Döyüşlərin ilk günlərində Azərbaycan Ordusu Kəlbəcərin şimalında mühüm yüksəklikləri azad edərək Ermənistan ordusunun hərəkətini iflic vəziyyətinə saldı. Bu, müharibənin gedişinə ciddi təsir göstərdi.
Qələbədən sonra imzalanmış 10 noyabr Bəyanatı ilə 25 noyabr 2020-ci ildə Kəlbəcər Azərbaycana təhvil verildi. Bu, həm hərbi gücün, həm diplomatik dəyanətin parlaq nəticəsi idi.
Təxliyə zamanı qeyri-qanuni erməni sakinlərin törətdiyi yanğınlar və dağıntılar bir daha erməni vandalizminin miqyasını dünyaya göstərdi.
2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalı təsis edildi və 9455 Azərbaycan hərbi qulluqçusu bu medala layiq görüldü.
Azərbaycan dövləti işğaldan azad olunmuş torpaqlarda misilsiz miqyasda quruculuq işləri aparır. Prezident İlham Əliyevin müxtəlif illərdə Kəlbəcərə etdiyi səfərlər zamanı onlarca layihənin təməli qoyulub və açılışı olub.
Kəlbəcər şəhərinin 2040-cı ilə qədər Baş planı hazırlanmış, yeni yaşayış kompleksləri təsdiq edilmiş layihələrə uyğun olaraq tikintilər davam etdirilir.
Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu 82 km uzunluğunda 87 faizi tamamlanıb. 11,7 km uzunluğundakı Murovdağ tuneli Avropanın ən uzun tunellərindən biridir.
Rayonda enerji infrastrukturu, müasir kiçik su elektrik stansiyaları qurulub.
3,4 MVt “Kəlbəcər-1”, 8,33 MVt “Çıraq-1”, 5,3 MVt “Soyuqbulaq”, 3,6 MVt “Çıraq-2”, 8,6 MVt “Aşağı Vəng”, 8,8 MVt “Nadirxanlı”, 5 MVt “Çaykənd”.
İstisu – Azərbaycanın sağlamlıq brendinə yeni həyat verilib.
“İstisu” mineral su zavodu istifadəyə verilib.
2021–2025-ci illər ərzində dövlət başçısının Kəlbəcərə etdiyi çoxsaylı səfərlər bu ərazilərdə aparılan böyük quruculuğun miqyasını göstərir. Tunellərdən tutmuş yaşayış komplekslərinə, Su Elektrik Stansiyalarından İstisu sanatoriyasına qədər onlarla layihə məhz bu səfərlər zamanı təqdim olunub.
Kəlbəcər təkcə bir rayon deyil — Azərbaycanın tarixi, mədəni yaddaşı, təbiət incisi və Zəfərin rəmzidir.
25 noyabr – Kəlbəcər Şəhəri Günü, işğaldan azad edilmiş torpaqlarda həyatın yenidən doğulduğunu, xalqımızın iradəsini və gücünü göstərən şanlı tarixdir.
Bütün vətəndaşlarımızı, ələxsus bütün Kəlbəcərliləri “Kəlbəcər Şəhəri Günü ” münasibətilə ürəkdən təbrik edirəm!
Ülviyyə Həmzəyeva
Millət vəkili











