media-pul
Uşaqpulu məsələsinin müzakirəsi təkcə maliyyə deyil, həm də demoqrafiya, sosial siyasət, ailə institutunun möhkəmlənməsi və gələcək insan kapitalının qorunması baxımından strateji əhəmiyyət daşıyır.
Azərbaycanda hazırda yeni doğulan uşağa görə 600 manat birdəfəlik müavinət verilir. Bu, xüsusilə azgəlirli ailələr üçün müəyyən dəstəkdir, lakin son illərin inflyasiyası və bazar qiymətlərini nəzərə aldıqda məbləğin real dəyərinin aşağı düşməsi ictimai müzakirələri artırıb. Ona görə də, vətəndaşların məbləğin artırılması ilə bağlı təklifləri başa düşüləndir.
Mətbuatda və sosial şəbəkələrdə Ermənistanla müqayisələr edilir. Ermənistan uzun müddət 300 min dram civarında birdəfəlik ödəniş tətbiq edib. Bu, manat ekvivalentində təxminən 1300–1400 manat aralığına düşür. Son dönəmlərdə hökumət bu məbləğin artırılması və yeni doğulan uşaqlar üçün daha yüksək dövlət dəstəyi paketi barədə rəsmi açıqlamalar verib. Buna görə də bəzi mediada 2300 manat kimi rəqəmlər səsləndirilir, lakin bu rəqəmlər valyuta kursu və yeni təkliflərin dəyərləndirilməsinə və qəbuluna uyğun olaraq dəyişə biləcək. Yəni standart, sabit şəkildə “Ermənistan 2300 verir, Azərbaycan 600 verir” yanaşması tam dəqiq deyil. Müqayisələr aparılarkən konkret tarix və məzənnə nəzərə alınmalıdır.
Müqayisələri yalnız Ermənistanla deyil, digər ölkələrlə də edək. Regionda müxtəlif modellər var.
Gürcüstanda birdəfəlik müavinətlər 1000–2000 lari arasında dəyişir, sosial durum və statusdan asılı olur. Bu da bizim valyuta ilə 600 -1230 manat edir. Türkiyə ailəyə yalnız birdəfəlik pul verilməsi ilə kifayətlənilmir – hamiləlikdən sonrakı dövrə qədər geniş paket, aylıq müavinətlər və vergi güzəştləri kimi sistemli dəstəklər var. Rusiyada isə “ana kapitalı” modeli tətbiq edilir, hansı ki, ailə bu pulu təkcə istehlaka yox, ipoteka, uşaq bağçası, təhsil və mənzilə yönəldə bilir. Bir çox Avropa ölkələri uşaqpulunu sosial siyasətin əsası sayır və hər uşağa görə həm aylıq, həm də vergi güzəştləri verir. Yəni beynəlxalq təcrübə göstərir ki, bu məsələdə “verilsin, yoxsa verilməsin” yox, “necə verilsin və hansı effekt yaratsın” sualı daha aktualdır.
Bəzən səslənən fikir budur ki, dövlət məcbur deyil, kim uşaq dünyaya gətirirsə, özü baxmalıdır. Bu yanaşma daha çox 19-cu əsr liberal iqtisadi fəlsəfəsinə uyğun gəlir. Müasir dövrdə isə sosial dövlətlər uşaq və ana təhlükəsizliyi, sağlamlıq, təhsil və insan kapitalı məsələsinə strateji yanaşır. Uşağın sağlam böyüməsi gələcəkdə əmək bazarına daha sağlam, təhsilli və bacarıqlı nəsil vermək deməkdir. Uşaqların erkən yaşda qidalanması, uşaqpulu vasitəsilə sosial müdafiəsi, peyvəndi, tibbi müayinəsi və psixoloji inkişafı üçün qoyulan dövlət xərcləri bu gün dövlətin yükünü artıra bilər, amma gələcəkdə xərcləri azaldır və iqtisadi məhsuldarlığı artırır. Bu səbəbdən uşaqpulu həm humanist addımdır, həm də iqtisadi sərmayədir.
Eyni zamanda, burada məsələ təkcə məbləğin artırılmasında deyil. Əgər büdcəyə düşən yük ağır görünürsə, mərhələli siyasət tətbiq edilə bilər: daha aşağı gəlirli ailələr üçün daha yüksək dəstək, inflyasiyaya uyğun indeksləşmə və şəffaf mexanizm. Nağd vəsaitin özü ilə yanaşı, dövlətin xidmət paketləri də gücləndirilə bilər. Bura uşaq bağçalarının əlçatanlığı, ana və uşağın pulsuz tibbi xidməti, doğuşdan sonra sosial dəstək proqramları, doğuşdan sonrakı tibbi nəzarət, psixoloji və sosial reabilitasiya proqramları, sağlam qidalanmaya əlçatanlıq, dərman təminatı və buna bənzər digər xidmətlər daxildir.
Nəticə etibarilə, müzakirələr emosional deyil, real faktlar, iqtisadi imkanlar və uzunmüddətli milli maraqlar əsasında aparılmalıdır. Uşaqpulu nə xərclənən puldur, nə də sadəcə populist addım. Bu, dövlətin gələcək vətəndaşı üçün qoyduğu sərmayədir. Əsas odur ki, siyasət şəffaf, ədalətli, mərhələli və davamlı olsun.
Razi Nurullayev 
Millət vəkili 


media-728x90banner

Bənzər xəbərlər