Yeni Zəngilan: Qayıdışın, yenilənmənin və dayanıqlı inkişafın mərkəzi
20 oktyabr – Zəngilan şəhəri günü müasir Azərbaycan dövlətçiliyinin tarixi yaddaşında xüsusi yer tutur. Zəngilanın siyasi, coğrafi, strateji və mədəni əhəmiyyəti əsrlər boyu müxtəlif mərhələlərdən keçmiş, regionda baş verən geosiyasi hadisələr bu ərazinin taleyinə birbaşa təsir etmişdir.
XIX əsrin əvvəllərində Qafqazın Rusiya imperiyası tərəfindən işğalından sonra aparılan inzibati bölgü nəticəsində Zəngəzur qəzası Gəncə quberniyasına tabe edilmiş, Sisyan, Qafan, Mehri, Zəngilan, Qubadlı və Laçın kimi bölgələr bu əraziyə daxil edilmişdir. Daha sonra 1920-ci il 28 aprel işğalından sonra bolşevik Rusiyasının təzyiqi ilə qədim türk yurdu olan Zəngəzurun böyük hissəsi Ermənistana birləşdirilmiş, yalnız Zəngilan, Qubadlı və Laçın Azərbaycanın tərkibində saxlanılmışdır. Bu tarixi ədalətsizlik Zəngilanın strateji mövqeyini daha da önəmli etmişdir.
Zəngilan təkcə coğrafi mövqe baxımından deyil, həm də təbii sərvətləri və zəngin tarixi-mədəni irsi ilə seçilir. Rayonun ərazisində yura və təbaşir dövrlərinə aid vulkanik çöküntülər, qızıl yataqları, qara mərmər, əhəng daşı və digər faydalı qazıntılar mövcuddur. Rayonun ərazisindən Araz, Oxçuçay, Həkəri və Bəsitçay kimi mühüm çayların keçməsi Zəngilanı həm strateji su resurslarına malik bölgəyə, həm də tarixi məskənlər üçün əlverişli əraziyə çevirmişdir. Zəngilan şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan Araz çayı boyunca İran İslam Respublikası, qərbdən isə Ermənistanın Mehri və Qafan rayonları ilə həmsərhəddir.
İşğaldan əvvəl Zəngilan iqtisadi cəhətdən əsasən kənd təsərrüfatı yönümlü rayon idi və burada 29 kolxoz-sovxoz, arıçılıq təsərrüfatı, kooperativlər, kəndli-fermer təsərrüfatları fəaliyyət göstərirdi. Bununla yanaşı, ərazidə 21 dəmiryolu müəssisəsi və 6 dəmir yolu vağzalı fəaliyyət göstərirdi ki, bu da onun nəqliyyat-logistika mərkəzi kimi əhəmiyyətini göstərirdi.
1993-cü ilin oktyabrında Füzuli və Cəbrayıl rayonlarının işğalından sonra Zəngilan 67 gün mühasirədə qaldı və yerli əhali son nəfəsədək qəhrəmanlıqla vuruşdu. Lakin düşmən qüvvələrinin çoxsaylı hücumları nəticəsində rayonun əhalisi Araz çayını keçərək İran ərazisinə sığınmağa məcbur oldu və Azərbaycanın 43 rayonunda müvəqqəti məskunlaşdı. Bu dövrdə 235 nəfər şəhid oldu və ya itkin düşdü. İşğal illərində Zəngilan təkcə hərbi və demoqrafik itkilərə deyil, həm də mədəni və tarixi irsin məqsədli şəkildə məhv edilməsinə məruz qaldı.
Rayonun ərazisində yerləşən XVII-XIX əsrlərə aid İmam Hüseyn məscidi, Malatkeşin, Qırıq Muşlan, Muşlan, Rəzdərə kəndlərindəki məscidlər, alban kilsələri və çoxsaylı ziyarətgahlar erməni vandalizminin qurbanı oldu. Eyni zamanda XIV əsrə aid səkkizguşəli türbə, Məmmədbəyli türbəsi, Bartaz qalası, Qız qalası, orta əsr istehkamları və yüzlərlə tarixi-memarlıq abidəsi dağıdıldı və talan edildi. Bu, yalnız mədəni irsə zərər deyildi, həm də Zəngilanın tarixi kimliyinin silinməsinə yönəlmiş məqsədli siyasət idi.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi bu tarixi ədalətsizliyə son qoydu. Azərbaycan Ordusunun Cəbrayıl istiqamətində düşmənə endirdiyi sarsıdıcı zərbələr nəticəsində ordumuz Zəngilanın inzibati hüdudlarına çatdı və 18 oktyabrda rayonun azad edilməsi uğrunda əməliyyatlar başlandı. 20 oktyabr 2020-ci ildə Prezident İlham Əliyev xalqa müraciət edərək Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı və Zəngilan şəhərinin azad olunduğunu elan etdi. Ümumilikdə, 4 qəsəbə və 49 kənd işğaldan azad edildi. Bununla da Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsi tam bərpa olundu.
Zəngilanın azadlığı Azərbaycanın suverenliyinin bərpası, Zəngəzur dəhlizinin reallaşması, regionun yeni geosiyasi mənzərəsinin formalaşması baxımından strateji əhəmiyyət daşıyır. 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçu bu şərəfli medala layiq görüldü. 31 iyul 2023-cü il tarixli Prezident Sərəncamı ilə 20 oktyabr “Zəngilan şəhəri günü” olaraq təsis edildi.
Azadlıqdan sonra Zəngilan “Böyük Qayıdış” proqramının ön xəttində dayanan ilk rayonlardan biri oldu. İlk pilot layihə kimi Ağalı “Ağıllı kənd” konsepsiyası həyata keçirildi. 200 ev, məktəb, bağça, tibb məntəqəsi, “ASAN”, “DOST” xidmətləri, biznes imkanları ilə inteqrasiya olunmuş müasir kənd salındı. Enerji səmərəliliyi, innovativ texnologiyalar, yaşıl enerji, ekoloji balans, rəqəmsal idarəetmə və yüksək sürətli internetlə təchiz olunmuş bu layihə dünya səviyyəsində nümunəyə çevrildi. Artıq 175 ailə – 871 nəfər doğma torpaqlarına qayıdıb və məşğulluq imkanları ilə təmin edilib.
Bununla yanaşı, Zəngilan şəhərinin 2040-cı ilədək Baş Planı təsdiqlənib. Şəhərsalma, yaşayış kompleksləri, infrastruktur, su, işıq, yol, sosial obyektlər üzrə iri həcmli bərpa-quruculuq işləri həyata keçirilir. Zəngilan Beynəlxalq Hava Limanının açılması Qarabağın və Zəngəzur dəhlizinin logistika mərkəzinə çevrilməsinə xidmət edir. Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun və Zəngilan-Horadiz avtomobil yolunun tikintisi regionu Naxçıvanla birləşdirəcək və beynəlxalq nəqliyyat dəhlizlərinin strateji hissəsinə çevriləcək. Yolun 124 km-lik məsafəsində onlarla körpü, tunel, suötürücü və keçidlər inşa edilir.
Zəngilanın tarixi simvolu olan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş, yeni memarlıq konsepsiyası ilə iki minarəli, geniş ibadət zallı, interyerində nəqqaşlıq elementləri olan müasir dini-mədəni mərkəzə çevrilmişdir. Rayonda turizm potensialının inkişafı üçün “Ağalı” hotel istifadəyə verilmişdir. “Dost Aqropark” kənd təsərrüfatı kompleksinin yaradılması isə regionun iqtisadi inkişafına yeni nəfəs gətirib və layihə tam başa çatdıqda 100 milyon dollarlıq investisiya qoyuluşu ilə minlərlə iş yeri açılacaq.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin Zəngilana çoxsaylı səfərləri bu bölgənin strateji əhəmiyyətini bir daha göstərir. Prezident burada bayrağın qaldırılmasından ağıllı kəndin təməlinə, hava limanının açılışından yaşayış komplekslərinin təməlinə, su elektrik stansiyalarının işə salınmasından turizm və şəhərsalma layihələrinin icrasına qədər bütün proseslərin birbaşa rəhbərliyini həyata keçirib.
Bu gün Zəngilan Azərbaycanın dövlətçilik qürurunun, tarixi ədalətin bərpasının, güclü liderliyin və “Böyük Qayıdış”ın rəmzidir. Zəngilan həm strateji coğrafiyası, həm iqtisadi potensialı, həm də tarixi-mədəni irsi ilə Qarabağın gələcək inkişaf modelində mühüm yer tutur. 20 oktyabr Zəngilan şəhəri günü yalnız şanlı Zəfərin tarixi deyil, həm də yeni Zəngilanın – müasir, güclü, dayanıqlı, yaşayış üçün ideal məkana çevrilən azad yurdun bayramıdır.
Mehriban Vəliyeva
Milli Məclisin deputatı