15 iyun dahi Heydər Əliyevin müəllifliyi ilə Azərbaycanın QURTULUŞ tarixidir
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən şanlı səhifələrindən biridir. Çünki həmin gündən sonra Azərbaycan tənəzzüldən çıxaraq, müstəqil siyasət həyata keçirən dövlət kimi tanınır.
Tarixdə elə insanlar var ki, onların əzəmətini heç bir sözlə ifadə etmək mümkün deyil. Heydər Əliyev də belə insanlardandır. Bu adın ucalığı bütün epitetləri kölgədə qoyur. Azərbaycan xalqı olaraq biz, Heydər Əliyevi ulu öndərimiz adlandırırıq. Amma etiraf edək ki, bütün bunlar da onun milli təfəkkürümüzdə daşıdığı statusun yalnız müəyyən bir hissəsidir.
Bəs Heydər Əliyev bizim üçün kimdir? Bu sualın cavabı Heydər Əliyevin dünyaya gəlişindən bəri ötən tarixin hər anında əks olunub və biz Heydər Əliyev ömrünün hər anına tarix kimi yanaşmalıyıq. Ona görə ki, Heydər Əliyev onun müəllifliyi ilə yaranan tarixin yaddaşlara köçürülməsi məsələsində son dərəcə həssas idi. Bu tarix heç də asan, sadə bir ömrün tarixi deyil, ən mürəkkəb situasiyaların, çıxılmazlıqların və mübarizələrin tarixidir. İndi elə bir arxiv sənədi göstərin ki, ömrü boyu jurnalistlərin əhatəsində, kamera qarşısında olmuş bu insanın bu qədər kəşməkəşlər, çıxılmazlıqlar önündə Azərbaycan xalqına qarşı hansısa bir yanlış addımına şəhadət gətirsin. Yoxdur belə bir fakt.
Heydər Əliyevin xarizması, liderlik keyfiyyətləri ona sanki tanrının hədiyyəsi idi. Bu keyfiyyətləri təhsil, özünütəlim nəticəsində mənimsəmək qeyri-mümkün görünür. Heydər Əliyev filoloq deyildi, natiqlik elmi ilə məşğul olmamışdı, amma ən qabiliyyətli filoloqlar da, nitq mədəniyyəti üzrə peşəkar mütəxəssislər də Heydər Əliyev nitqinin aydınlığına, səlisliyinə, əlvanlığına, bu kamil insanın Azərbaycan və rus dillərinin incəliklərinə, hətta məhəlli xüsusiyyətlərinə belə dərindən bələd olmasına, sözləri belə sərrastlıqla seçməsinə həsəd aparırdılar.
Xalqını dərin məhəbbətlə sevən bu insan özünə qarşı son dərəcə tələbkar, hətta deyərdim ki, bir qədər amansız idi. Heydər Əliyev ömrünün ixtiyar çağlarında da o şax, əzəmətli qaməti ilə eyni nöqtədə saatlarla ayaq üstə dayanıb nitq söyləyirdi. Amma heç kim onun çöhrəsində, hərəkətlərində yorğunluq sezə bilməzdi. Heydər Əliyev fasilə vermədən görüşlər keçirirdi. Çıxışlarında mövzudan-mövzuya keçid edirdi. Ayrı-ayrı məsələlərə münasibət bildirirdi. Saysız-hesabsız faktlar sadalayırdı, amma heç kim onun bircə dəfə də olsun yanıldığını, hansısa bir məsələdə yanlışlığa yol verdiyini görməmişdi. Bu böyük şəxsiyyət dünyanın hansısa nüfuzlu universitetində siyasət, diplomatiya təhsili almamışdı. Amma onun hər addımının, hər jestinin, dilə gətirdiyi hər kəlmənin, hətta üzündəki xəfif bir təbəssümün də öz mənası vardı. Bütün bunlar böyük bir diplomatiya məktəbinin incəlikləri idi.
Heydər Əliyev Azərbaycan dövlətini qurdu, səsimizi, sözümüzü dünyaya çıxardı. Müstəqil dövlətçiliyimizin dayaqlarını möhkəmləndirdi. Bu gün də həmin dayaqlar üzərində gələcəyə, xoşbəxt Azərbaycana doğru yollar çəkilir, körpülər tikilir. O xoşbəxt günlərə doğru can atan insanların təminatlı gələcəyi üçün möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkənin, millətin tərəqqisinə yönəlmiş saysız-hesabsız tədbirlər həyata keçirilir.
Azərbaycanı bürümüş geniş tikinti-quruculuq işləri qəlbimizə mənəvi rahatlıq gətirir və bu möhtəşəm quruculuq işlərini seyr etdikcə sevinirik ki, Heydər Əliyevin şad olmuş ruhu daim bizimlədir.
Bu gün Ali Baş Komandan işğaldan azad edilmiş torpaqlara səfər edir, yeni-yeni binaların tikilməsi üçün təməllər atır. Qazanılan bu qələbələr Azərbaycanın müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasına səbəb olur”.
İmamverdi İsmayılov
Milli Məclisin deputatı











