2025-ci ildə büdcədəki maliyyə pozuntuları aşkarlanıb
Nəzarət tədbirləri çərçivəsində dövlət büdcəsi üzrə 6,7 milyard manat vəsait audit olunub.
XALQ xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Yoxlamalara həmçinin Dövlət Neft Fondu, İcbari Tibbi Sığorta Fondu, Naxçıvan Muxtar Respublikasının büdcəsi və qeyri-büdcə vəsaitləri də daxil edilib.
Yoxlama tədbirlərində gəlir və xərclərin proqnozlaşdırılması, hesablanması, icrası və digər öhdəliklərin yerinə yetirilməsi uyğunluq, maliyyə və səmərəlilik elementləri aspektindən qiymətləndirilib. Yoxlama tədbirləri ilə uyğunluq elementləri üzrə pozuntu 584,8 mln. manat, maliyyə təhrifləri 626,3 mln. manat, səmərəsiz xərclər 342,9 mln. manata bərabər olub.
Uyğunluq elementləri üzrə aşkarlanmış maliyyə pozuntularının 170,4 mln. manatını büdcəyə hesablanmış zərər təşkil edib. Büdcəyə hesablanmış zərərin 101,5 mln. manatı üzrə vəsaitin bərpası, 40,2 mln. manatı üzrə isə müvafiq materialların hüquq-mühafizə orqanlarına göndərilməsi barədə qərar qəbul edilib. 28,7 mln. manatının əhaliyə sosial xarakterli ödənişlərdən ibarət olması fonunda bu məbləğin bərpası istiqamətində birbaşa tədbir müəyyənləşdirilməmiş, bu ödənişlərin müvafiq qaydada dayandırılması barədə qərar verilib.
Həmçinin 2025-ci ilin İş Planına əsasən dövlət vəsaitlərinin bərpası istiqamətində nəzərdə tutulan 101,5 milyon manata qarşı 93,9 milyon manat icra olunub.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.
Digər tədbirlər – o cümlədən debitor və kreditor borcların bağlanması, müqavilə məbləğinin azaldılması və yerinə yetirilmiş işlərin ekspertizadan keçirilməsi üzrə isə planlaşdırılan 48,1 milyon manata qarşı cəmi 8,5 milyon manatlıq icra təmin edilib.
2024-cü ilin İş Planına uyğun olaraq üzrə nəzarət tədbirləri ilə hesabat dövründə 15,4 mln. manat bərpa edilib, 2024-cü ildən əvvəlki illərin iş planları üzrə daha 6,7 min manatın 2 qurum tərəfindən müvafiq büdcələrə bərpası təmin olunub.










