Ceyhun Bayramov ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 77-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində ATƏT-in Baş katibi Helqa Şmit ilə görüşüb.
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildirilib.


C.Bayramov ATƏT-in Baş katibinə Ermənistanın bölgədə həyata keçirdiyi son genişmiqyaslı təxribatlar və cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində Azərbaycanın irəli sürdüyü təşəbbüslər barədə ətraflı məlumat verib. Nazir Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası, ərazilərin minalardan təmizlənməsi kimi məsələlərə diqqət çəkib. Son hərbi toqquşmalara və itkilərimizə baxmayaraq, Azərbaycanın sülh müqaviləsi üzrə prosesə vaxt itirmədən başlamağın tərəfdarı olduğunu vurğulayıb.

Tərəflər Azərbaycan-ATƏT əməkdaşlığı məsələləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Xalq.Az