Ulu Öndərimizin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi idi
Bu günlərdə hər birimiz Heydər Əliyev dühasının əzəmətinin təsiri altındayıq. Ulu Öndərimizin anadan olmasının 100 illiyi Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də respublikamızın hüdudlarından kənarda böyük təntənə ilə qeyd edilməkdədir. Hər birimiz xalqımızın Ümummilli Liderini dərin ehtiramla anır, əziz xatirəsini yad edirik.
Müasir Azərbaycan tarixinin yarım əsri ötən bir dövrü Heydər Əliyevin adı ilə bağlıdır. Bu müddət ərzində nə nailiyyət əldə etmişiksə, onların müəllifi birmənalı olaraq Heydər Əliyevdir və onun dövləti fəaliyyətində bu gün prioritetliyini qoruyan ideyalarıdır. Haqlı olaraq Heydər Əliyev epoxası adlandırdığımız bu dövrün hər bir mərhələsi Azərbaycan xalqına yalnız inkişaf və yüksək rifah bəxş edib. Bu baxımdan Heydər Əliyevin bioqrafiyası Azərbaycan xalqının tarixidir, yüksəliş salnaməsidir. Azərbaycanın tarixi də Ulu Öndərin tərcümeyi-halına həkk olunub. Azərbaycanın hansı nailiyyətinə, hansı uğuruna, son 54 ildəki hansısa bir yüksəliş nümunəsinə diqqət yetirsək, mütləq orada Ulu Öndərimizin adını, imzasını, müəllifliyini görəcəyik. Ona görə Heydər Əliyev və Azərbaycan bütövlük təşkil edir, bu ifadələr bir-birindən ayrı nəzərdə tutula bilməz.
İlk dəfə 1969-cu ildə respublikamızda siyasi rəhbərliyə başlayan Heydər Əliyevin həmin dövrdəki fəaliyyəti Azərbaycanın sovet tarixinin sürətli inkişaf və quruculuq mərhələsidir. Təsadüfi deyil ki, Heydər Əliyevin rəhbər seçildiyi vaxt respublikaların inkişaf göstəricilərinə görə ittifaq miqyasında 14-cü cərgədə dayanan Azərbaycan cəmi 13 il ərzində ən qabaqcıllarından birinə çevrilmişdi. Heydər Əliyev həm də xalqımızı kommunist ideologiyasının təsirlərindən qorumuş, milli-mənəvi dəyərlərimizin yaşaması üçün əlindən gələni etmişdi. Bütövlükdə, həmin illərdə Ulu Öndərimizin fəaliyyəti Azərbaycanın inkişafı ilə yanaşı, milli oyanışa yol açmış, gələcək müstəqilliyimizin möhkəm təməllərini formalaşdırmışdı. Onu da xüsusi vurğalamalıyıq ki, Heydər Əliyev istər Azərbaycanın rəhbəri, istərsə də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini çalışdığı illərdə həm də Qarabağda erməni separatizminin, bütövlükdə Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının qarşısını qətiyyətlə almışdı.
Heydər Əliyevin siyasi fəaliyyətinin mühüm bir hissəsi Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Ulu Öndərin Naxçıvanda 1990-1993-cü illəri əhatə edən fəaliyyəti dövlətçilik tariximizin hər zaman öyrənilməli, tədqiq olunmalı bir mərhələsidir. SSRİ rəhbərliyinin fəaliyyətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verən Heydər Əliyevin 1990-cı ilin iyul ayında Naxçıvana gəlişindən sonra respublikamızda başlanmış dövlət müstəqilliyimizin bərpası uğrunda mücadilə tamamilə yeni keyfiyyət mərhələsinə qədəm qoymuşdu. Bu dövrün əsas xüsusiyyətləri ondan ibarətdir ki, 1990-1991-ci illərdə xalqımızın milli azadlıq mübarizəsinə əhəmiyyətli dərəcədə təsir edən praktik siyasi qərarlar qəbul edilmişdir. Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan və ölkəmizdə sovet hakimiyyətinin qurulmasından sonra üçrəngli bayrağımız birinci dəfə 1990-cı ilin noyabrında məhz Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda rəsmi şəkildə ucaldılmış, muxtar respublikanın bayrağı elan olunmuşdu. Muxtar respublikada kommunist partiyasının bütün dayaqlarının fəaliyyətinə son qoyan Ulu Öndərin başqa bir təşəbbüsü ilə Naxçıvanın rəsmi adından “sovet” və “sosialist” sözlərinin çıxarılması da sıradan bir siyasi hadisə deyildi. Bu, hələ sovet dövlətinin mövcud olduğu bir vaxtda öz dövlətinin və xalqının maraqları uğrunda qətiyyətlə mübarizə aparmağın, cəsarətin, milli fədakarlığın ən böyük nümunəsi idi.
Azərbaycanın ovaxtkı rəhbərliyi susqunluq nümayiş etdirdiyi bir vaxtda yenə də Heydər Əliyevin sayəsində Naxçıvan Ali Məclisində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilmişdi. 1991-ci ildə sovet dövlətinin gələcək taleyi ilə bağlı referendum Naxçıvan Muxtar Respublikasında ümumiyyətlə keçirilməmişdi. Bütün bunların hər biri Azərbaycan xalqının öz milli azadlığı uğrunda mübarizəsinə təkan verən, onu yeni mərhələyə yüksəldən siyasi qərarlar idi. Ona görə bu siyasi qərarların hər biri Azərbaycanı dövlət müstəqilliyinə aparan şərəfli yolun mühüm hadisələri kimi tariximizə həkk olunmuşdu.
Heydər Əliyev həm də Naxçıvanı düşmənin işğalından qorudu. Muxtar Respublika Ulu Öndərimizin sayəsində sərt sınaqlardan layiqincə çıxdı.
Xalqımız Heydər Əliyevi həm də müasir müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu kimi daim ehtiramla xatırlayacaq. 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsi Ulu Öndər Heydər Əliyevin daha da sürətləndirdiyi milli azadlıq mücadiləsinin təntənəsi idi. Lakin müstəqilliyimizin ilk illərində baş verənlər, respublikamızın dərin siyasi və iqtisadi problemlərlə üzləşməsi, anarxiyanın baş alıb getməsi, hətta dövlətçiliyimizin təhlükə altında qalması təsdiq edirdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etmək qədər çətindir. Həmin gərgin vaxtlarda Heydər Əliyevə edilən müraciətlər, Yeni Azərbaycan Partiyasının təsis edilməsi Ulu Öndərə olan inamın və etimadın təsdiqi idi. Bu prosesin məntiqi nəticəsi kimi 1993-cü ilin iyun ayında Naxçıvandan Bakıya gələn Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası, Azərbaycanın müstəqilliyinin və bütövlükdə dövlətçiliyimizin qorunub saxlanması müstəqillik tariximizin Ulu Öndərimizin müəllifliyi ilə yazılan şərəfli səhifəsini təşkil edir.
Heydər Əliyevin yaratdığı möhkəm və sarsılmaz təməllər üzərində indi Azərbaycan möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə öz tarixinin ən qüdrətli dövrünü yaşayır. Bu bünövrə üzərində ötən 20 ildə sürətli inkişaf yolu keçən Azərbaycan indi regionun lideridir, qlobal miqyasda etimadla qarşılanan dövlətdir. Azərbaycan beynəlxalq miqyasda aktuallıq kəsb edən enerji təhlükəsizliyi məsələsində söz sahibi olan dövlətdir. Azərbaycan həm də kosmik klubun üzvüdür, öz yüksəlişi və uğurları ilə nümunələr yaradan dövlətdir.
Heydər Əliyev Azərbaycanı məhz bu cür, hər zaman yüksəklərdə görmək istəyirdi. Ulu Öndərimizin ən böyük arzusu isə torpaqlarımızın işğaldan azad edilməsi idi. Artıq torpaqlarımız işğaldan azad edilib, ərazi bütövlüyümüz bərpa olunub. Prezident İlham Əliyevin bir neçə gün əvvəl Şuşada bəyan etdiyi kimi bu Qələbə tarixi ədalətin və beynəlxalq hüququn Zəfəridir. Heydər Əliyevin arzusunu reallığa çevirən, Vətən müharibəsində Zəfərimizin müəllifi olan Müzəffər Ali Baş Komandan İlham Əliyev indi Qarabağ və Şərqi Zəngəzuru yenidən qurur, düşmənin dağıtdığı şəhər və kəndlərimizi cənnətə çevirir. Bir neçə gün əvvəl cənab Prezidentin Qarabağa və Şərqi Zəngəzura səfəri də göstərdi ki, azad olunmuş ərazilərimizin bərpası sürətlə və yüksək keyfiyyətlə davam edir.
Azərbaycanın dövlətçilik tarixinin ən qüdrətli və sürətli yüksəliş mərhələsinə qədəm qoyması, öz haqqını təmin etməsi müasir tariximizin qürurdoğuran nailiyyətləridir. Bu uğurları bizə bəxş edən əbədiyaşar şəxsiyyət, xalqımızın Ulu Öndəri Heydər Əliyevin ölməz ideyaları və cənab Prezident İlham Əliyevin qətiyyətli və müdrik rəhbərliyidir. Xalqımızın ətrafında sıx səfərbər olduğu və alternativi olmayan bu siyasi kurs Azərbaycanımızı bundan sonra da qarşıda dayanan bütün hədəflərə qətiyyətlə çatdıracaq.
Cəbi QULİYEV,
Milli Məclisin deputatı










