Ümummilli Lider, müasir Azərbaycan dövlətinin  qurucusu Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü tamam olur. Belə bir gündə hər birimiz bir daha Heydər Əliyevin haqqında söz açmağa, Ulu Öndərimizi dərin ehtiram hissi ilə xatırlamağa həm qəlbən, həm də mənəvi baxımdan ehtiyac duyuruq. Çünki dövlət və xalq olaraq nail olduğumuz bütün uğurlara görə Heydər Əliyevə əbədi minnətdarıq. 

Ulu Öndərin 100 illik yubileyi respublikamızda həm də mühüm siyasi-ictimai hadisə kimi nəzərdən keçirilir. Ona görə ki, Ümummilli Liderimizin siyasi fəaliyyətinə, dövlətçilik irsinə nəzər salmaqla həm də respublikamızın dünənini, bu gününü və gələcəyini təhlil edirik. Bütün bunların fonunda isə əlbəttə ki, Ulu Öndərin  dövlətimiz və xalqımız üçün gördüyü işləri minnətdarlıqla, qədirbilənliklə xatırlayırıq. Heydər Əliyevin ideyalarının işığında möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə qazandığımız uğurlardan, respublikamızın yüksəlişindən qürur hissi ilə bəhs edirik. Bu siyasətin davam etdirilməsinin nəticəsində perspektivdə əldə edəcəyimiz nailiyyətləri qətiyyətlə müəyyən edirik.
Biz Ulu Öndəri yalnız əlamətdar hadisələr vaxtı yad etmirik. Heydər Əliyev elə bir dahi şəxsiyyətdir, elə bir uca zirvədir ki, əziz xatirəsi hər gün xalqımız tərəfindən ehtiramla, dərin məhəbbətlə xatırlanır. Çünki hər bir uğurumuzda, hər bir inkişaf nümunəmizdə Heydər Əliyevin ölkəmizə müdrik rəhbərliyinin, zəngin siyasi irsinin izləri var. Birinci dəfə hələ sovet hakimiyyəti illərində Azərbaycanı inkişaf göstəricilərinə görə keçmiş ittifaq üzvləri arasında 14-cü sıradan liderlər cərgəsinə çıxaran Heydər Əliyev xalqımızı dünyaya tanıtmış, milli-mənəvi dəyərlərimizi sovet ideologiyasının təsirlərindən böyük cəsarətlə qorumuşdu. Heydər Əliyev o dövrdə iqtisadiyyatımızın inkişafını təmin etməklə, xalqımızın milli oyanışına xidmət edən tədbirlər görməklə həm də gələcək müstəqilliyimizin etibarlı bünövrəsini yaratmışdı. Müstəqil Azərbaycanın bütün sahələr üzrə təməlləri Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə formalaşmışdı, Ulu Öndər yeni, ən əsası isə həmin vaxt üçün çox müasir Azərbaycan yaratdı.
Heydər Əliyev vətəninə son dərəcə bağlı insan idi, bu dahi şəxsiyyət üçün öz xalqının taleyi və rifahı bütün məsələlərin fövqündə idi. Ona görə Heydər Əliyev 1987-ci ildə tutduğu vəzifələrdən istefa verdikdən sonra da bütün gücünü və siyasi təcrübəsini öz xalqına həsr etdi. Təsadüfi deyil ki, Heydər Əliyevin müdrikliyi, həyat təcrübəsi 90-cı illərin əvvəllərində xalqımızın milli azadlıq mücadiləsinin daha da genişlənərək yeni mərhələyə qədəm qoymasında və öz məntiqi sonluğuna çatmasında mühüm rol oynadı.
Tarix Ulu Öndərə 1993-cü ildə yenə də eyni missiyanı həvalə etdi. Yaxşı xatırlayırıq, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan o zaman sonu görünməyən siyasi və iqtisadi böhrana, xaosa, vətəndaş müharibəsi təhlükəsinə sürüklənmişdi. Gəncədə qardaş qırğını baş vermişdi, Azərbaycan 1920-ci ildə olduğu kimi, Xalq Cümhuriyyətinin taleyini yenidən yaşamaq təhlükəsi ilə üz-üzə qalmışdı.
1993-cü ilin iyun ayında xalqımızın istək və arzusu ilə siyasi hakimiyyətə qayıdan Heydər Əliyev özünün Qurtuluş missiyasını qətiyyətlə və layiqincə həyata keçirdi. Birinci rəhbərliyi dövründə respublikamızın dinamik inkişafına nail olan Heydər Əliyev bu dəfə dövlətçiliyimizi xilas etdi, müstəqilliyimizin itirilməsinin qarşısını aldı. Artıq həmin tarixdən 30 il vaxt ötür və ötüb keçənlərə nəzər yetirdikdə bir daha əmin oluruq ki, əgər 1993-cü ildə Heydər Əliyev xilaskarlıq missiyası ilə siyasi hakimiyyətə qayıtmasaydı, nəinki bugünkü uğurlarımızdan, heç müstəqil dövlətçiliyimizdən belə bəhs edə bilməzdik. Heydər Əliyev xaosdan tərəqiyyə, böhrandan inkişafa uğurlu keçidin əsasını qoydu. Güclü dövlətçiliyi, müstəqilliyi, iqtisadiyyatı, rifahı, sabitliyi olan ölkə yaratdı. Yeni, müasir Azərbaycan qurdu, onun banisinə çevrildi.
Bu güclü potensial üzərində Prezident İlham Əliyev inkişafın Azərbaycan modelini yaradıb. Cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi tariximizin qürurdoğuran uğurları ilə zəngindir. Bu illər ərzində Azərbaycan cənab İlham Əliyevin qətiyyətli siyasəti ilə inkişafına görə Cənubi Qafqazın lider dövlətinə çevrilib. Hazırda Azərbaycan bir çox qlobal məsələdə söz sahibi kimi çıxış edir, müstəqil mövqe nümayiş etdirir. Bütün bunlar Heydər Əliyev ideyalarının təntənəsinə çevrilməklə getdiyimiz yolun düzgün olduğunu göstərir. Bu inkişaf yolunun möhtəşəm nailiyyəti kimi Azərbaycanın öz tarixinin ən qüdrətli dövlətinə çevrilməsi bir daha Heydər Əliyev siyasi kursunun alternativsizliyini təsdiqləyir.
Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin, əbədiyaşar ideyalarının ən böyük təcəssümü isə əlbəttə ki, 44 günlük Vətən müharibəsində qazandığımız zəfərdir. Bu zəfəri xalqımıza yaşadan, Azərbaycanın ərazi bütövlüyünü təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev bununla həm də Heydər Əliyevin ən böyük arzusunu həyata keçirdi. Bu zəfər ondan xəbər verdi ki, Azərbaycan Ulu Öndərin yaratdığı möhkəm təməllər üzərində möhtərəm İlham Əliyevin rəhbərliyi ilə inkişaf edərək elə bir zirvəyə yüksəlib ki, özünün hər bir milli haqqını qətiyyətlə təmin etməyə qadirdir. Bu günlərdə Laçın yolunda sərhəd buraxılış məntəqəsinin yaradılması, Ermənistandan ölkəmizin Qarabağ iqtisadi rayonuna silah və hərbi texnikanın daşınmasının qarşısının alınması bir daha  Prezident İlham Əliyevin qətiyyətli siyasətindən xəbər verir.
Heydər Əliyev öz fəaliyyətində humanizm dəyərlərinə böyük yer verən şəxsiyyət idi. Ulu Öndərin dövlət quruculuğu təliminin əsasında həm də humanizm və insanpərvərlik kimi mənəvi dəyərlər dayanırdı. Bu mənada müstəqillik illərində Azərbaycanda Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının təşəkkül tapması da Heydər Əliyevin humanizm  prinsiplərindən irəli gəlirdi. Bütün dünyada qeyd olunan 8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Günündə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin üzvləri bir daha Ümummilli Liderimizin fəaliyyətimizə verdiyi böyük töhfələri minnətdarlıqla andılar.
Regionda, MDB məkanında nümunəvi bir quruma çevrilən Azərbaycan Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının demək olar ki, bütün strukturlarında təmsil olunur. Azərbaycan beynəlxalq arenada qəbul olunan qərarlara təsiretmə gücünə malik, bizimlə məsləhətləşirlər. Bütün bunlar məhz Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısının sayəsində mümkün olub. Azərbaycan Prezidentinin təşkilatımızın fəxri üzvü olması bu qurumun dəyərini, xüsusi çəkisini artırıb. Bu həm də fəaliyyətimizə diqqət və qayğının yüksək göstəricisi olmaqla bizi işimizdə daha məsuliyyətli olmağa, ölkəmizə layiqincə xidmət etməyə sövq edir.
Biz heç vaxt 8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününü qeyd etmirdik. Çünki 1992-ci ilin həmin tarixində Şuşa işğal olunmuşdu. Lakin indi Şuşa azaddır. Ona görə artıq biz 8 May Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı Gününü artıq ürəkdolusu və həm də qələbə sevinci ilə qeyd edirik. Bu sevinci bizlərə yaşadan Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımız isə sonsuzdur.
Qalib Azərbaycan yüksəlişinin keyfiyyətcə yeni mərhələsində yeni uğurlara imza atır.  Bütün bu nailiyyətlərin fonunda özünü aydın şəkildə göstərən əsas həqiqət odur ki, Heydər Əliyev yolu və İlham Əliyev siyasi kursu güclü dövlətçiliyimizin və aydın gələcəyimizin yeganə təminatçısıdır. Anadan olmasının 100-cü ildönümündə bir daha Heydər Əliyevi sayğı ilə anır, əziz xatirəsi önündə baş əyirik.

Novruzəli ASLANOV,
Milli Məclisin deputatı,
Azərbaycan Qızıl Aypara Cəmiyyətinin  prezidenti


media-728x90banner

Bənzər xəbərlər