AQSİA rəhbəri Səkinə Babayeva və nümayəndə heyəti Vyetnamda
Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) rəhbərliyinin nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş konfransda və Azərbaycan-Vyetnam Qadınlarının Biznes Forumunda iştirak məqsədilə Vyetnama səfər ediblər.
AQSİA -dan bildirilib ki, mayın 9-da Hanoy şəhərində Vyetnam Qadın Sahibkarlar Şurasının (VQSŞ) sədri xanım Nguyen Thi Tuyet Minh ilə AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayevanın arasında görüş olub.
S.Babayeva Azərbaycan ilə Vyetnam arasında diplomatik əlaqələrin qurulduğu vaxtdan ilk dəfə olaraq Azərbaycan-Vyetnam Qadınlarının Biznes Forumunun keçirilməsinin əlamətdar hadisə olduğunu və BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “Məqsədlər üçün tərəfdaşlıq” bəndinə əsaslanan bu səfərin qadınların şəbəkələşməsi üçün uğurlu bir addım olduğunu söyləyib. Öz növbəsində xanım T.Tuyet Minh hər iki ölkənin işgüzar qadınlarının fəaliyyətinin inkişafı məqsədilə imkanların araşdırılması və beynəlxalq əməkdaşlığın genişlənməsinin önəmindən danışıb. Daha sonra Vyetnam Ticarət və Sənaye Palatasında Azərbaycan nümayəndə heyəti ilə VQSŞ-nın rəhbər heyəti və üzvləri arasında geniş tərkibdə görüş keçirilib.
Tədbiri giriş sözü ilə acan VQSŞ-nın sədr müavini xanım Mai Thi Dieu Huyen Şura haqqında qonaqlara ətraflı məlumat verərək, iki ölkə sahibkarları arasında əlaqələrin yaradılması istiqamətində ilk dəfə olaraq belə bir görüşün keçiriməsinin əhəmiyyətini yüksək qiymətləndirib.
AQSİA-nın İdarə heyətinin sədri Səkinə Babayeva, rəhbərlik etdiyi assosiasiya haqqında ətraflı məlumat verib, Vyetnama işgüzar səfərlərinin məqsədi və Azərbaycan-Vyetnam arasında əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb. Daha sonra Azərbaycanın Vyetnamdakı səfiri Şövqi Mehdizadə bu görüşün təşkili üçün Vyetnam tərəfinə təşəkkürünü bildirərək, ölkələrimiz arasında inkişaf edən əlaqələr haqqında məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Tədbirdə Azərbaycandan olan nümayəndə heyətindən səhiyyə, xidmət, təhsil, konsaltinq və kənd təsərrüfatının düyü istehsalı sahəsindən olan sahibkar qadınlar iştirak edib və AQSİA-nın Regionlarla İşin Təşkili Komissiyasının rəhbəri Kamalə Məmmədli, Xidmətlərin təşkili komissiyasının rəhbəri Aynur Hüseynova, Rəqəmsal Texnologiyalar komissiyasının rəhbəri Mədinə Paşayeva və digəriləri öz çıxışlarında Azərbaycan bazarında mövcud vəziyyət haqqında məlumat verərək, Azərbaycanın Vyetnam ilə potensial sahələri üzrə əməkdaşlıq barədə öz təkliflərini irəli sürüblər.
Görüşdə iştirak edən qadın sahibkarlar fəaliyyətləri ilə bağlı bir-birini məlumatlandırıb, sahibkar qadınların şəbəkələşməsinə dəstək məqsədilə keçirilən bu görüşlərin onlar üçün çox faydalı olduğunu vurğulayıblar.