Büdcəyə abadlıq məqsədilə köçürülən milyonlar hara gedir?
“Şabranın “Stansiya” adlanan ərazisində Füzuli küçəsinin vəziyyəti bərbad gündədir. Hər il rayonun büdcəsinə abadlıq məqsədilə milyonlarla manat pul köçürülür, lakin icra başçısı Asif Hüseynov o vəsaiti rayonun abadlaşdırılmasına, yol probleminin həllinə sərf etmək istəmir”.
Bu barədə Şabran rayonu Füzuli küçəsinin sakinləri göndərdikləri şikayət məktubunda yazıblar. Sakinlərin sözlərinə görə, yollarının pis olması səbəbindən yayda toz-torpaqdan, qışda isə palçıqdan əziyyət çəkirlər:
“800 metrdən artıq uzunluğu olan, 80-dən çox ailənin yaşadığı Füzuli küçəsi rayonun ən uzun və ən qədim ( 1940-1950) küçələrindən biridir.
Dahi şairimiz Füzulinin adını daşıyan küçənin acınacaqlı vəziyyətdə olmasının səbəblərindən biri də gözdəniraq, diqqətdənkənar yerdə olmasıdır. Küçəmiz səngəri xatırladır. Yağışlar yağanda bu küçə təmir olunmadığından ərazidən keçmək lap müşkülə çevrilir. Hətta taksi sürücüləri belə Füzuli küçəsinə girməkdən imtina edirlər.
Hər il rayonun büdcəsinə abadlıq məqsədilə milyonlarla manat pul köçürülür. Bu vəsaitlə bəzi küçələr təmir olunsa da, illərdir nə köhnə icra hakimləri, nə də indiki icra başçısı Asif Hüseynov məhz bu küçəyə asfalt çəkmk istəmir.
Füzuli küçəsi salındığı gündən indiyə qədər, az qala 100 ildir asfalt üzü görməyib. Yerli icra hakimiyyəti bura nəinki asfalt çəkib, heç adi çınqıl belə tökməyib, nə edilibsə sakinlər özləri edib. Üstəlik küçə işıqlandırılmadığından, gecə küçə qaranlığa qərq olur. Şikayət edəndə də bildirirlər ki, yolun təmiri üçün büdcədə vəsait nəzərdə tutulmayıb”.
Sakinlərin sözlərinə görə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Rayon İcra Hakimiyyətində yoxlamalara başlayandan rayonda müəyyən işlər görülməyə başlayıb:
“Şəhərin müəyyən küçələrində gözə kül üfürmək üçün “yalandan” asfalt çəkilir. Amma əfsuslar olsun ki, yenə də Füzuli küçəsi kənarda qalıb”.
Sakinlər küçədəki yol probleminin həll ediləcəyi günü gözləyir.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.





















