Liderlər Azərbaycan Prezidentini təbrik edirlər
Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Hörmətli İlham Heydər oğlu!
Tacik xalqı adından və şəxsən öz adımdan Sizə və bütün dost Azərbaycan xalqına ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Sizin uzaqgörən və quruculuq siyasətiniz sayəsində Azərbaycan irəliləyiş və tərəqqi yolunda möhtəşəm nəticələr əldə edib, bununla da beynəlxalq arenada öz nüfuzunu yüksəldib.
Biz ikitərəfli münasibətlərin konstruktiv atmosferindən və əlbəttə ki, ölkələrimizin xalqlarımızın köklü maraqlarına cavab verən qarşılıqlı faydalı əlaqələrinin dinamik inkişafından məmnunuq.
Sizin bu yaxınlarda Tacikistana dövlət səfəriniz zamanı görüşlərimizi səmimiyyətlə xatırlayıram. Əminəm ki, bu səfər çərçivəsində əldə olunan razılaşmaların praktik icrası uzunmüddətli perspektivə istiqamətlənmiş səmərəli Tacikistan-Azərbaycan əməkdaşlığına yeni impuls verəcək.
İnanıram ki, biz birgə səylərimizlə ikitərəfli tərəfdaşlığımızı xalqlarımızın və ölkələrimizin rifahı naminə yeni inkişaf üfüqünə çıxaracağıq.
Əziz İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, ali dövləti vəzifənizdə yeni-yeni uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram”.
Koreya Respublikasının Prezidenti Yun Sok Yol Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:
“Zati-aliləri!
Ölkənizin Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan Respublikası vətəndaşlarına səmimi təbriklərimi çatdırmaq istəyirəm.
Ötən illər ərzində ölkələrimiz güclü əməkdaşlıq və tərəfdaşlıq əlaqələri qurmuşdur. Ölkələrimiz arasında münasibətləri daha da inkişaf etdirəcəyimizə və xalqlarımızın mövcud dostluğunu daha da möhkəmləndirəcəyimizə ümid edirəm.
Bu xoş fürsətdən istifadə edərək, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına daimi firavanlıq arzu edirəm”.
İspaniyanın Kralı VI Felipe Prezident İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“Cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Zati-alinizə öz adımdan, İspaniya hökuməti və xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Cənab Prezident, Sizə möhkəm cansağlığı, istəkli Azərbaycan xalqına isə sülh və rifah arzu edirəm”.










