media-mahirr

 

31 Mart – Azərbaycanlıların Soyqırımı Günü xalqımızın yaddaşında dərin və silinməz izlər buraxmış faciələrin anıldığı tarixdir. Həmin gün, eyni zamanda tarixi yaddaşın qorunması və həqiqətlərin gələcək nəsillərə çatdırılması baxımından mühüm ideoloji və mənəvi platforma kimi çıxış edir.

Xalqımıza qarşı yönəlmiş zorakılıq və kütləvi qırğınların kökləri XIX əsrin əvvəllərindən etibarən formalaşmağa başlamışdır. Regionda etnik tərkibin süni şəkildə dəyişdirilməsi, yerli əhalinin sıxışdırılması və tarixi torpaqlardan uzaqlaşdırılması məqsədilə həyata keçirilən siyasət tədricən sistemli xarakter almışdır. Bu proses müəyyən ideoloji və siyasi məqsədlərə xidmət edən ardıcıl strategiya idi. Həmin siyasətin ideoloji əsasını təşkil edən “Böyük Ermənistan” iddiası bölgədə uzunmüddətli qarşıdurma və qeyri-sabitliyin yaranmasına səbəb olmuşdur. Etnik təmizləmə, deportasiya və kütləvi qırğınlar müxtəlif dövrlərdə təkrarlanaraq geniş miqyas almışdır.

1918-ci ilin mart-aprel aylarında baş verən hadisələr xalqımıza qarşı həyata keçirilmiş soyqırımı siyasətinin kulminasiya nöqtəsi kimi qiymətləndirilir. Bakı şəhərində və ətraf ərazilərdə silahlı dəstələr tərəfindən dinc əhaliyə qarşı törədilən qırğınlar qısa müddətdə on minlərlə insanın həyatına son qoyub. Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan və Lənkəran bölgələrində də eyni qəddarlıqla reallaşdırılan qırğınlar geniş coğrafiyanı əhatə edib. Yaşayış məntəqələrinin yandırılması, tarixi və dini abidələrin dağıdılması, mülki əhalinin amansızcasına məhv edilməsi bu hadisələrin miqyasını və məqsədli xarakterini ortaya qoyur. Şamaxıda törədilən qırğınlar xüsusi qəddarlığı ilə seçilmiş, minlərlə insanın qətlə yetirilməsi və yüzlərlə yaşayış məntəqəsinin məhv edilməsi ilə nəticələnib. Bu hadisələr bölgənin sosial və demoqrafik strukturuna ağır zərbə vurub.

1918–1920-ci illərdə İrəvan quberniyası və Zəngəzur bölgəsində həyata keçirilən deportasiya və qırğınlar soyqırımı siyasətinin davamlı xarakter daşıdığını göstərir. Yüzlərlə yaşayış məntəqəsinin dağıdılması, əhalinin kütləvi şəkildə qətlə yetirilməsi və ya doğma yurdlarından qovulması bu prosesin tərkib hissəsi olmuşdur. Bu siyasət, eyni zamanda xalqın tarixi-mədəni irsinin silinməsinə yönəlmişdir. Abidələrin dağıdılması, dini məkanların məhv edilməsi və tarixi izlərin yox edilməsi gələcək nəsillərin yaddaşına təsir göstərmək məqsədi daşımışdır.

1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış “Azərbaycanlıların soyqırımı haqqında” Fərman bu hadisələrə dövlət səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilməsi ilə tarixə düşdü. Bu sənəd həm də həqiqətlərin beynəlxalq miqyasda tanıdılması üçün strateji istiqamətin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Beləliklə, soyqırımı faktlarının sistemli şəkildə araşdırılması və dünya ictimaiyyətinə çatdırılması yeni mərhələyə qədəm qoydu. Ümummilli Liderin vurğuladığı kimi, xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir.

Soyqırımı həqiqətlərinin tanıdılması istiqamətində həyata keçirilən siyasət ardıcıl və məqsədyönlü xarakter daşıyır. Bu istiqamətdə qəbul edilən sənədlər, keçirilən beynəlxalq tədbirlər və aparılan elmi araşdırmalar tarixi faktların dünya ictimaiyyətinə çatdırılmasına xidmət edir. Xüsusilə soyqırımının ildönümləri ilə bağlı həyata keçirilən tədbirlər, beynəlxalq konfranslar və nəşrlər bu mövzunun qlobal gündəmdə saxlanmasına imkan yaradır. Tarixi faktların arxiv sənədləri və elmi sübutlarla təqdim olunması obyektiv yanaşmanın formalaşmasında mühüm rol oynayır.

Qubada aşkarlanan kütləvi məzarlıq soyqırımı faktlarının inkaredilməz sübutlarından biridir. 2007-ci ildə üzə çıxarılan həmin məzarlıq törədilmiş cinayətlərin planlı və sistemli şəkildə həyata keçirildiyini bir daha təsdiqləyir. Bu cür faktlar beynəlxalq hüquq və tarixşünaslıq baxımından mühüm sübut bazası formalaşdırır.

Quba şəhərində fəaliyyət göstərən Soyqırımı Memorial Kompleksi bu faciənin qurbanlarının xatirəsinin yaşadılması baxımından mühüm əhəmiyyət kəsb edir. Kompleks həm də tarixi araşdırmaların aparıldığı və həqiqətlərin təqdim olunduğu mühüm elmi-mədəni mərkəzdir. Burada nümayiş etdirilən materiallar, arxiv sənədləri və arxeoloji tapıntılar ziyarətçilərə hadisələrin real mahiyyətini anlamağa imkan verir. Bu isə tarixi yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından əvəzsiz rol oynayır.

Azərbaycanlılara qarşı törədilmiş bu cinayətlə bağlı həqiqətlərin həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyətə daha dolğun və sistemli şəkildə çatdırılması məqsədilə Prezident İlham Əliyev tərəfindən 2018-ci ildə – soyqırımının 100 illiyi ərəfəsində müvafiq Sərəncam imzalanmışdır. Həmin Sərəncama uyğun olaraq genişmiqyaslı tədbirlər planı hazırlanmış və ardıcıl şəkildə həyata keçirilmişdir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu soyqırımı qurbanlarının, şəhidlərin qısasını döyüş meydanında aldı. Ermənistanın 30 il davam edən işğalına son qoyuldu, ölkəmizin ərazi bütövlüyü bərpa olundu. 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində isə suverenliyimiz tam təmin edildi. Bu zəfərlər xalqımızın əzmkarlığının və şanlı ordusunun yüksək döyüş hazırlığının nəticəsidir. Eyni zamanda, əldə olunan uğurlar regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə mühüm töhfə verir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər