WUF13 məqsədləri reallığa çevirmək üçün bir təkan oldu…
Bakıda keçirilən dünyanın şəhərsalma sahəsində ən nüfuzlu tədbirlərindən olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası(WUF13) başa çatır.Dünyanın 182 ölkəsindən 45 mindən çox nümayəndənin iştirak etmək üçün qeydiyyatdan keçdiyi .Ümumdünya Şəhərsalma Forumu COP29-dan sonra ikinci böyük BMT tədbiri olmaqla yanaşı, dünya üzrə şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı forum hesab olunur.İki ildən bir təşkil olunan bu forumun məqsədi dayanıqlı urbanizasiya və şəhərsalma sahəsində ölkələr tərəfindən həyata keçirilən siyasət barədə ictimaiyyətin məlumatlandırılması, şəhərlərin dayanıqlı inkişafına vahid yanaşmanın təbliğ edilməsi, açıq debatlar və təcrübə mübadiləsi vasitəsilə biliklərin artırılması va əməkdaşlığın gücləndirilməsidir. Azərbaycanın dünyada artan nüfuzu fonunda bu beynəlxalq tədbir həm də ölkəmizin inkişaf strategiyalarının, işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdəşa dair I Dövlət Proqramının uğurlu nəticələrinin və şəhərsalma sahəsindəki nailiyyətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edir.
Forumda şəhərsalma, dayanıqlı inkişaf, memarlıq, urbanizasiya və insan rifahı və sair bu kimi aktual məsələlər müzakirə olundu,çox mühüm ideyalar irəli sürüldü və çox vacib mesajlar verildi.Azərbaycan Prezidenti İlham Əliyevin WUF13-ün açılış mərasimində çıxışı ölkənin şəhərsalma siyasətinin strateji mahiyyətini, tarixi irsə münasibətini və müasir inkişaf konsepsiyasını əhatə edən mühüm mesajlarla diqqət çəkdi.Prezident öz çıxışında Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyi ilə əlaqədar Şərqlə Qərbin müxtəlifliklərini özündə əks etdirən, keçmişlə indiki zaman, qədimliklə müasirlik, milli və mənəvi köklər və modernləşmə arasında harmoniyaya əsaslanan,eləcə də Azərbaycan üçün müasir şəhərsalmasında aydın şəkildə əks olunan mədəni və tarixi ənənələri üzvi şəkildə mənimsəyən ən son tendensiyalar daxil olmaqla, inkişaf modelini təqdim edib.Prezident bildirib ki,Azərbaycanın Şərqlə Qərbin qovuşduğu məkan kimi Avropa ilə Asiya arasında yerləşməsi ölkənin memarlığında və şəhərsalma ənənələrində də öz əksini tapır.Bakıda qədimliklə yenilik, tarixi irsimizin qorunması ilə şəhərsalmanın müasirləşdirilməsi zəruriliyi arasında təbii vəhdət mövcuddur.Nəinki Bakı,o cümlədən Azərbaycanın bir çox qədim şəhərləri öz memarlığı ilə fərəhlənə bilər.Vaxtilə Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxıda 743-cü ildə tikilmiş dünyanın ən qədim məscidlərindən biri var. Bir vaxtlar Atabəylər dövlətinin paytaxtı olan, dahi memar Əcəmi Naxçıvaninin vətəni Naxçıvanda onun tikdiyi XII əsrə aid Möminə xatun türbəsi var.Dünyanın ən qədim şəhərlərindən biri olan Gəncə bu gün Bakı kimi inkişaf edir və tarixi simasını qoruyur. Qafqaz Albaniyası dövlətinin paytaxtı Qəbələdə və əsas şəhərlərdən biri olan Şəkidə çoxsaylı tarixi abidələr var.Şəki şəhərinin yaxınlığında yerləşən Kiş kəndindəki kilsə ola bilsin,dünyadakı ən qədim kilsələrdən biridir. VI əsrə aid Qız qalası ilə Bakı, işğala, dağıntılara və talana məruz qalan abidələr müxtəlif nəsillərə aid azərbaycanlılar tərəfindən yenidən tikilib və bərpa olunub, eyni zamanda, qorunaraq bu günədək saxlanılıb.Bu, bizim tarixi irsimizə, mirasımıza münasibətimizin ən yaxşı göstəricisidir.Biz təkcə musiqimizdə və şeirlərimizdə deyil, eyni zamanda, memarlıqda öz əksini tapan qədim tariximizlə qürur duyuruq.Prezident xüsusi vurğulayıb ki,”Bizim vəzifəmiz bunları növbəti nəsillər üçün qoruyub saxlamaqdır və mən əminəm ki,növbəti nəsil də eyni cür edəcək.İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır. Bu ərazi 30 il müddətində erməni işğalı altında idi və tamamilə dağıdılaraq məhv edilmişdir. Beynəlxalq müşahidəçilər və ziyarətçilər Ağdamı Xirosima ilə müqayisə edirdilər,onlar Ağdamı “Qafqazın Xirosiması” adlandırırdılar. Çünki şəhər, sadəcə, mövcud deyildi. Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır.Hazırda Böyük Qayıdış Proqramı həyata keçirilir, şəhər və kəndlərin Baş planları hazırlanır. Yalnız dağıtmaq, məhv etmək üçün gələnlərdən fərqli olaraq, məhz torpağın yiyələri bu cür davranırlar. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar işləyir, yaşayır, təhsil alır və onların məşğulluğu hökumətimizin ən mühüm hədəflərindən biridir. Həmin sahələrdə artıq salınmış və salınacaq çoxsaylı sənaye zonaları öz torpağında yaşamaq kimi fundamental hüququndan məhrum olmuş yüz minlərlə insanın sürətli qayıdışına birmənalı dəstək olacaq.”
BMT-nin Baş katibi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına müraciətində WUF13-ün məqsədləri reallığa çevirmək üçün bir təkan olacağını vurğulayıb.
BMT Baş Assambleyasının prezidenti Annalena Berbok bildirib ki, WUF13 “…həmçinin mənzil böhranı ilə bağlı fəaliyyətləri gücləndirmək üçün də imkan yaradır.”
BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) Assambleyasının prezidenti Nqa Kor Minq bildirib ki,”qlobal şəhərsalma gündəliyi heç zaman çoxtərəfli əməkdaşlıq üçün Bakıdakı qədər mühüm bir əsas kimi götürülməmişdir. Qədim İpək Yolunun üzərində və Xəzər dənizinin sahilində yerləşən tarixi Bakı Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası dövründə dünyanın paytaxtına çevrilib.WUF13-ün mövzusu sadəcə bir şüar deyil, bu, bizi zəriri tədbirlərin görülməsinə səsləyən bir çağırışdır.Amma bu çağırış, tədbirlərin görülməsi real dünyaya və real iqtisadiyyata söykənməlidir.BMT-nin Məskunlaşma Proqramının göstəricilərinə görə, qlobal ev şəraitləri böhranı ilə üzləşən insanların sayı 2,8 milyarddır və onlar qeyri-rəsmi yaşayış yerlərində məskunlaşırlar. Gəlin, öz səylərimizi iki dəfə artıraq ki, Yeni Şəhərsalma Gündəliyinə və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün yerli səviyyədə işlər görək. Bizim Assambleyamız hamı üçün adekvat iş yerlərinin yaradılması baxımından hökumətlərarası işçi qrupunu yaratmışdır.Bu, tarixi bir platformadır ki, çoxtərəfli əməkdaşlıq baş tutsun və qlobal siyasət ilə yerli səviyyədə görülən işlər arasında körpü salınsın.Bir halda ki, dünya qeyri-sabit vəziyyətlə üzləşir və təsisatlar öz səlahiyyətlərini yerinə yetirmir, yetirə bilmir, texnologiyalar bizim cəmiyyətimizi dəyişir-bu anlarda yadda saxlayın ki, gələcək onu proqnozlaşdıranlara yox, onu quranlara, onu inşa edənlərə məxsusdur və bizim vəzifəmiz gələcək şəhərsalmanın memarlarına kömək etməkdir.”
Hazırda dünyada müharibələrin sayının artması və dünyanın müxtəlif yerlərində şəhər mühitinin dağıdılması fonunda urbisid konsepsiyası getdikcə daha da аktuallaşır. Urbisid anlayışı genosid və ekosid daxil olmaqla daha geniş zorakılıq kateqoriyaları ilə sıx bağlıdır və müharibə şəraitində şəhər mühitinin qəsdən məhv edilməsini ifadə edir.Bu baxımdan WUF13-də,eləcə də panel səviyyəli xüsusi müzakirələrində daha çox diqqət mərkəzində olan məsələ Qarabağ həqiqətləri və Azərbaycanın bərpa modeli oldu.“Dirçəliş və urbisid:Dayanıqlı şəhərsalma və davamlı icmalar”adlı beynəlxalq panel müzakirə olunan bu ciddi məsələ ətrafında fikirləşmək üçün çox zəngin material vermək baxaımdan əhəmiyyətli oldu.Müzakirələr urbisid, postmünaqişə dövründə şəhərlərin bərpası və Azərbaycanın yenidənqurma təcrübəsinin beynəlxalq səviyyədə təhlili üçün mühüm platforma rolunu oynadı. Müzkirələrdə urbisid anlayışının beynəlxalq hüquq və təhlükəsizlik kontekstində daha geniş tanınmasının vacibliyi vurğulanıb.Urbisid fenomenini müharibə şəraitində şəhərlərin və yaşayış məkanlarının məqsədli şəkildə dağıdılması, onların sosial-mədəni kimliyinin silinməsi və əhalinin geri dönüş imkanlarının aradan qaldırılması kimi xarakterizə edilib.Vurğulanıb ki, Qarabağda baş verən urbisid digər nümunələrdən fərqlənərək hərbi əməliyyatlardan sonra sistemli şəkildə həyata keçirilib və məqsəd yalnız şəhərlərin dağıdılması deyil, həm də azərbaycanlı əhalinin həmin ərazilərə qayıdışının qarşısını almaq, bölgənin mədəni yaddaşını və tarixi kimliyini silmək olub.Azərbaycanın 30 il işğal altında qalmış ərazilərinə gedən hər kəs çox əyani şəkildə bu dəhşətli mənzərənin nümunələrini görə bilər.
Forum iştirakçıları məlumatlandırılıb ki, işğal nəticəsində xarabazara çevrilən ərazilər qısa zaman ərzində böyük bərpa və quruculuq arenasına çevrilib.”Azad edilmiş ərazilərdə həyata keçirilən bərpa layihələri 8 şəhəri və 100-dən çox kəndi əhatə edib” və getdikcə genişlənir. İşğaldan azad olunmuş ərazilərin inkişafı üçün strateji yol xəritəsi rolunu oynayan Baş plan hazırlanıb. Bu sənəd gələcək bütün proseslər üçün vahid çərçivə müəyyən edir.
Xaricı mütəxəssislər kompleks yanaşmanın uğurlu şəhər inkişafı üçün əsas şərt olduğunu bildiriblər. Postmünaqişə şəhərlərində rəqəmsal və yaşıl texnologiyaların inteqrasiyasını gələcəyin əsas istiqaməti kimi qiymətləndirib.Şəhər infrastrukturunun yenilənməsinin konseptual həlləri, institusional koordinasiyanı və layihələrin praktik icra imkanlarını birləşdirən vahid proses kimi nəzərdən keçirilməsinin vacibliyi vurğulanıb.Bildirilib ki, postmünaqişə ərazilərində şəhərlərin sıfırdan planlaşdırılması yeni texnologiyaların tətbiqi və dayanıqlılıq prinsiplərinin həyata keçirilməsi üçün unikal imkan yaradır.Xüsusi vurğulanıb ki,”Qarabağ qlobal standartlara əsaslanan inteqrasiya olunmuş bərpa yanaşmasının nümunəsi olmaq potensialına malikdir”.Şəhərlərin bərpasında mədəni kimliyin qorunmasının strateji əhəmiyyəti,eləcə də mədəni irsin bərpasının yalnız tarixi yaddaş deyil, həm də sosial həmrəyliyin bərpası olduğu qeyd edilib.Dayanıqlı turizmin postmünaqişə regionlarında iqtisadi və mədəni inkişaf üçün mühüm vasitə ola biləcəyi bildirilib.Bu kontekstdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə Bötük Qayıdış Proqramı üzrə həyata keçirilən tədbirlərin kompleksliliyi və modernliyi WUF13 -də iştirak edən xarici qonaqlar və mütəxəssislər tərəfində yüksək qiymətləndirilib.
Beləliklə:
1.Azərbaycan, Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası kimi qlobal tədbiri çox yüksək səviyyədə təşkil etməklə həm şəhərsalmanın inkişafına sadiqliyini nümayiş etdirirdi,həm öz böyük töhfəsini,həm beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili baxımından öz nüfuzunu bir daha təsdiqlədi və həm də COP29-dan WUF13-ə doğrü yeni reallıq formalaşdırdı.
2.Bakı Ümumdünya Şəhərsalma Forumunda sırf şəhərsalma məsələləri ilə yanaşı onunla bağlı və vəhdətdə götürüldükdə müasir dövrdə onun səmərəli inkişafı üçün çox zəruri olan məsələlər, dayanıqlı inkişaf, memarlıq, urbanizasiya,Minilliyin İnkişaf Məqsədləri ilə bağlı məsələlər,insan rifahı məsələləri,beyin mərkəzlərinin prosesdə iştirakı kimi məsələlər və sair kifayət qədər qlobal və genişmiqyaslı məsələlər müzakirə olundu.Forum şəhərsalma və urbanizasiya tarixində çox mühüm hadisə kimi yadda qaldı.
3.Bakı Forumunun ən mühüm tərəflərindən biri də Azərbaycanın dünyaya yenidən təqdim olunması oldu.180-dən çox ölkədən gələn nümayəndələr Azərbaycan haqqında daha geniş məlumat əldə etmək imkanı qazandılar.Xüsusən də Qarabağ həqiqətləri,Azərbaycanın bərpa modeli diqqət mərkəzində oldu.Forumda Bakı özünü həm yaxşı ev sahibi, həm şəhərsalma transformasiyasının işlək modeli kimi təqdim edə bildi.Azərbaycan həyata keçirdiyi böyük quruculuq layihələri, şəhərsalma mədəniyyəti, işğaldan azad edilmiş ərazilərdə qurulan yeni yaşayış məntəqələri və müasir şəhər konsepsiyaları ilə öz təcrübəsini beynəlxalq ictimaiyyətlə paylaşdı.
4.Bakı Forumunda səslənən fikirlər, irəli sürülən təşəbbüslər, təqdim olunan ideyalar və qarşılıqlı təcrübə mübadiləsi şəhərsalma və urbanizasiya sahəsində mühüm töhfələr verə bilər. Forum çərçivəsində müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsi gələcəkdə daha dayanıqlı və müasir şəhər modellərinin formalaşmasına xidmət edəcək.
5.Forum qlobal medianın diqqətini Bakıya yönəltdi.Müzakirə olunan məsələlərin məğzi,əhəmiyyəti,gözləntiləri dünya mediasında geniş işıqlandırıldı. Azərbaycanda, xüsusən də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim olundu.
WUF13-də Azərbaycan bu mühüm platforma vasitəsilə həm beynəlxalq təcrübədən faydalandı, həm də öz uğurlu təcrübəsini dünya ilə bölüşdü və beləliklə qlobal urbanizasiya problemlərinin həlli,dayanıqlı urbanizasiya və şəhərsalma sahəsində ölkələr tərəfindən həyata keçirilən siyasət barədə dünya ictimaiyyətinin məlumatlandırılması,şəhərlərin dayanıqlı inkişafına vahid yanaşmanın təbliğ edilməsi və sair istiqamətində növbəti mühüm addım atılmış oldu.Azərbaycanın təcrübəsi dünyada müharibə və onun törətdiyi dağıntı və fəlakətlərin artdığı hazırkı dövrdə regoional və qlobal anlamda fikirləşmək və nəzərə almaq üçün zəngin mateial verir ki, postmünaqişə dövründə aparılan bərpa və yenidənqurma işləri güclü siyasi iradə və dayanıqlı inkişaf prinsiplərinə əsaslandıqda, belə bölgələr inkişafın, regional bağlantının və sülhün mühüm mərkəzlərinə çevrilə bilər.










