31 mart soyqırımı yalnız bir dövrün faciəsi deyil, xalqımızın üzləşdiyi tarixi ədalətsizliklərin acı nümunəsidir
31 mart tarixi Azərbaycanda xalqımızın yaddaşında dərin iz buraxmış faciələrin anım günü kimi qeyd olunur. Bu gün 1918-ci il mart hadisələri zamanı həyatını itirmiş minlərlə günahsız insanın xatirəsi ehtiramla yad edilir. Həmin hadisələr yalnız bir dövrün faciəsi deyil, eyni zamanda xalqımızın üzləşdiyi tarixi ədalətsizliklərin acı nümunəsidir”.
Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
O, açıqlamasında qeyd edib ki, bu günün dövlət səviyyəsində qeyd olunması Heydər Əliyev tərəfindən verilmiş siyasi-hüquqi qiymətin nəticəsidir:
“Bu qərar milli yaddaşın qorunması, tariximizin unudulmaması və gələcək nəsillərə düzgün çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Ulu öndər Heydər Əliyevin bu istiqamətdə atdığı addımlar tarixə verilən dəyərin və milli yaddaşa hörmətin bariz nümunəsidir.
Eyni zamanda qeyd etmək lazımdır ki, tariximizin müxtəlif mərhələlərində, o cümlədən Birinci Qarabağ müharibəsi dövründə də Azərbaycan xalqı oxşar faciələrlə üzləşib. Bu hadisələr bütövlükdə xalqımızın yaddaşında böyük ağrı və itki hissi formalaşdırıb.
31 mart təkcə keçmişi xatırlamaq günü deyil. Bu, həm də tarixdən nəticə çıxarmaq, milli birliyimizi gücləndirmək və belə faciələrin bir daha təkrarlanmaması üçün çalışmaq günüdür. Bu baxımdan, cəmiyyət olaraq həmrəyliyimizi qorumaq, tariximizi düzgün öyrənmək və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur”.










