31 martda xalqımızın milli varlığına ağır və sarsıdıcı zərbə vuruldu
Suveren ərazilərini tam təmin edərək dünyanın sayılıb-seçilən ölkələrindən birinə çevrilən Azərbaycan bu xoşbəxtliyə heç də asanlıqla nail olmayıb. Min illər boyunca ölkəmiz xarici qüvvələrin təsiri altında parçalanmış, tarixi torpaqları hədiyyə edilmiş və müxtəlif basqılara, soyqırımlara məruz qalmışdır. Bütün bunlar azmış kimi torpaqlarımızda və ocaqlarımızda imperiya qüvvələrinin dəstəyi ilə bu coğrafiyada heç vaxt yaşamayan ermənilər yerləşdirilmişdir. Nəticədə xalqımız ağır faciələr yaşamış və məhrumiyyətlər çəkmişdir. Xalqımızın 31 mart tarixində yaşadığı məşəqqətlər isə bəşərin ən böyük faciələrindəndir. Bakı və digər ərazilərimizdə baş vermiş erməni vəhşiliyi tarixin qara səhifələrindən biridir. Etnik təmizləmə siyasəti nəticəsində xalqımız soyqırıma məruz qalmış və tarixin ən ağır dövrlərini yaşamışdır. Çünki onlar azərbaycanlı idilər və erməni silahlı dəstələri bir xalqı yer üzündən silməyi hədəfləmişdi.
“Böyük Ermənistan” xülyasını reallaşdırmaq naminə yürüdülən siyasət 1918-ci ilin mart–aprel aylarında xalqımıza qarşı misli görünməmiş vəhşiliklə müşayiət olundu. Həmin günlərdə Bakı şəhərində və quberniyanın digər bölgələrində soydaşlarımız etnik və dini mənsubiyyətinə görə kütləvi şəkildə qətlə yetirildi, minlərlə günahsız insan amansızcasına öldürüldü, insanlıq adına qara ləkə olan cinayətlər törədildi. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində Bakı ilə yanaşı Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və İrəvan bölgələrində həyata keçirilən qırğınlar öz miqyasına və qəddarlığına görə daha amansız oldu. Təkcə bu günlərdə 30 mindən artıq azərbaycanlı qətlə yetirildi, on minlərlə insan doğma yurdlarından didərgin salındı, nəticədə xalqımızın milli varlığına ağır və sarsıdıcı zərbə vuruldu.
İmperiya dövründə 1918-ci il mart soyqırımı faktları geniş şəkildə gizlədildi, müstəqil Azərbaycanın ilk illərində isə bu faciəyə hüquqi qiymət verilmədi. Ulu öndər Heydər Əliyev xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkənin milli yaddaşının bərpası və tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində mühüm addımlar atdı. Ümummilli liderin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı bu baxımdan xüsusi əhəmiyyət daşıdı. Bu sənədin imzalanması ilə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrə siyasi-hüquqi qiymət verilməsi prosesi başlandı. Fərman xüsusilə 1918-ci ildə azərbaycanlılara qarşı törədilmiş qırğınların araşdırılması, sənədləşdirilməsi və dünya ictimaiyyətinə çatdırılması üçün əsas yaratdı. Bu addım milli kimliyin möhkəmləndirilməsi, tarixi ədalətin bərpası və gələcək nəsillərin maarifləndirilməsi baxımından mühüm rol oynadı. Bundan sonra hər il 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunmağa başlandı və bu faciənin unudulmaması istiqamətində sistemli işlər həyata keçirildi. Aparılan tədqiqatlar nəticəsində yeni sənədlər və faktlar toplandı, Quba şəhərində kütləvi məzarlıq aşkarlandı. Bir daha sübut olundu ki, 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçiləri tərəfindən həyata keçirilən qanlı aksiyalar sistemli şəkildə təşkil edilmiş və faciənin miqyası geniş olmuşdur.
Tarixi torpaqlarımızda məskunlaşaraq dövlət quran ermənilər zaman keçdikcə daha geniş iddialarla çıxış edərək regionu ağır qarşıdurmalara sürüklədilər. Bu proses ərzində torpaqlarımızda zorakılıqlar, qətliamlar baş verdi, suveren ərazilərimizin bir hissəsi işğal olundu və böyük humanitar faciələr yaşandı. Lakin uzun illər davam edən bu gərginliyə nəhayət ki, son qoymaq istiqamətində qəti addımlar atıldı.
Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan nəhayət ki, iki əsrə yaxın Vətənimizdə kök salmış erməni separatizminə və terroruna sərt və qətiyyətli cavab verdi, işğala son qoyaraq ərazi bütövlüyünü tam təmin etdi. Mülki şəxslər hədəf alınmadan soyqırım qurbanlarının qisası döyüş meydanında alındı. Prezidentin qətiyyəti sayəsində soyumuza və milli kimliyimizə düşmən kəsilən qüvvələr tarix qarşısında ən ağır dərsini aldılar. Bu gün soyqırım qurbanlarının ruhu şaddır. Bir daha Vətənimizin üzərinə qara yellər əsməyəcək. Soyqırım, terror, separatizm və işğal alovunda yanan torpaqlarımızda bu gün Azərbaycan bayrağı qürurla və təhlükəsiz şəkildə dalğalanır. Liderimizin qətiyyəti və xalqımızın birliyi sayəsində düşmən ayağı bu müqəddəs torpaqlara bir daha dəyməyəcək.
Rəşad Mahmudov,
YAP İdarə Heyətinin üzvü,
Milli Məclisin deputatı










