Qumar oyununu kim reklam edir? -Video
Qumar yasaqlanıb, amma “oyun” adı ilə hələ də reklam edilir – məsuliyyət hardadır?
Ölkə qaydaları aydındır – qumar oyunları qadağandır. Lakin bəzi şəxslər bunu görməzlikdən gələrək “əyləncə” və ya “oyun” adı altında xalqa qumarı sırımaqdan çəkinmirlər. Onlar sosial şəbəkələr və müxtəlif tətbiqlər vasitəsilə insanlara asan pul qazanmaq vədi verirlər.
Son günlər internetdə yayılan “Chicken Road” adlı oyun da buna bariz nümunədir. Reklamlarda tanış simalar çıxış edərək, az miqdarda pul yatırıb böyük məbləğlər qazanmağın mümkün olduğunu deyir. Ekranda isə “Pul çıxarmaq: 250.80 AZN” kimi yazılar göstərilərək insanlarda real qazanc təəssüratı yaradılır. Halbuki bu cür tətbiqlərin böyük hissəsi qumar prinsipi ilə işləyir və nəticədə insanların həm maddi, həm də mənəvi itkilərinə səbəb olur.
Xalqın ulu öndərinin dövlət başçısı olduğu dövrdə qəbul edilən dəyişikliklə qumarın oynanılması, oynadılması və reklam edilməsi yasaqlanıb. Amma təşkilatçıların bir hissəsinə qarşı tədbirlər görülsə də, reklam edənlər çox vaxt cəzasız qalır.
Mütəxəssislər xəbərdarlıq edir ki, bu məsələ ciddi nəzarətə götürülməsə, “oyun” adı altında qumar daha da yayılacaq, yeni ailələr dağılacaq. Cəmiyyət isə tələb edir: qanun hər kəs üçün eyni işləməlidir – istər oynadan, istər reklam edən, istərsə də arxasında duran gizli şəbəkə olsun.