Prezident İlham Əliyev Zəngilanda
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşüb.
XALQ xəbər verir ki, dövlət başçısı kəndlərə köçən sakinlərə mənzillərin açarlarını təqdim edib.
Prezident İlham Əliyev dedi: Salaməleyküm.
Sakinlər: Xoş gəlmisiniz.
Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz. Salam, xoş gördük.
Sakinlər: Allah Sizi var eləsin, cənab Prezidentimiz. Allah canınızı sağ eləsin.
Prezident İlham Əliyev: Çox sağ olun.
Qadın sakin: Sizi hamımız çox istəyirik.
Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.
Bu gün Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri üçün çox sevincli bir gündür. Ağalı kəndində əlavə 100 ailə yerləşəcək. Ağalının hüdudları demək olar ki, daha da böyük olur. Məmmədbəyli kəndində isə 180 ailə üçün gözəl evlər, yaraşıqlı binalar inşa edilib. Mən bilirəm ki, siz bu gün buraya gəlmisiniz. Hələ demək olar ki, yerləşməmisiniz. Ancaq əlbəttə ki, gələn günlər ərzində burada tam yerləşib öz doğma dədə-baba torpağında rahat, firavan həyat yaşayacaqsınız. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm.
Sakinlər: Çox sağ olun.
Prezident İlham Əliyev: Xoş gəlmisiniz doğma vətəninizə. Bu gün doğrudan da çox gözəl bir gündür. Bu gün “Böyük Qayıdış”ın növbəti mərhələsidir. Bilirsiniz ki, biz “Böyük Qayıdış” Proqramının başlanğıcını da Zəngilan rayonunda qoyduq. Birinci kənd – Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və çox gözəl şərait yaradılmışdır və gözəl də saxlanılır. Mən indi Ağalının içi ilə keçdim və yeni binalarla tanış olarkən gördüm ki, bütün həyətyanı sahələr sanki gözəl bir bağa çevrilib. Biz buranı keçmiş köçkünlərə təhvil verəndə qupquru bir yer idi. Necə ki, indi Məmmədbəyli kəndində də hələ ki, o qədər də çox ağac yoxdur. Ancaq illər keçdikcə vətəndaşlar özləri qurub-yaradırlar, əkib-becərirlər. Dövlət nə lazımdırsa edib, sizi gözəl şəraitlə təmin edib və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz.
Sakinlər: Sizin sayənizdə, Allah Sizi var eləsin.
Prezident İlham Əliyev: Uzun illər ərzində ağır şəraitdə yaşamısınız. Köçkün həyatı çox ağır həyatdır. Ancaq artıq o günlər arxada qaldı. Beş ilə yaxındır ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və azad olunmuş bütün torpaqlarda geniş quruculuq işləri gedir, o cümlədən Zəngilan rayonunda. Yenə də deyirəm, birinci “Böyük Qayıdış” Proqramını biz Zəngilan rayonundan başlamışdıq. Bu gün Zəngilan şəhərində də birinci yaşayış kompleksinin tikintisi demək olar ki, yekunlaşır. Digər binaların tikintisi, məktəb, xəstəxana. Zəngilan məscidi tikilmişdir, gözəl bir memarlıq əsəridir. Konqres Mərkəzi, Zəngilan Beynəlxalq Hava Limanı. Yəni, bura, bu bölgə çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq – qurduğumuz şəhərlər və kəndlər bunu göstərir.
Ermənilər viran qoyub bizim dədə-baba torpaqlarımızı, biz isə qurub-yaradan xalqıq. Biz düşməni torpaqlarımızdan qovmuşuq. İndi də doğma torpağımızda qurub-yaradırıq, şərait yaradırıq, binalar, məscidlər tikirik, tarixi abidələri bərpa edirik. Yəni, biz – bu torpaqların sahibləri qayıtmışıq və burada əbədi yaşayacağıq. Mən sizə də xoşbəxt həyat arzulayıram. Bir daha sizi təbrik edirəm.
Sakinlər: Çox sağ olun.
Sonra açarların təqdim edilməsi mərasimi oldu.




























Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 28-də Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib.
Ağalı kəndinin ikinci mərhələsində istifadəyə veriləcək evlərin sayı 103 ədəddir. Bunlar 55-i ikiotaqlı fərdi evlərdən, 3-ü isə üçmərtəbəli 2 bloklu “Townhouse” tipli binalardakı mənzillərdən ibarətdir.
36 ədəd birotaqlı, 12 ədəd isə ikiotaqlı mənzil inşa edilib. Kənddə bütün evlərə kommunikasiya xətləri çəkilib, yaşayış və qeyri-yaşayış binalarının hamısı qazla təmin edilib, evlərdə kombilər quraşdırılıb. Burada ümumi sahəsi 2 hektardan çox olan park salınıb.
Park Ağalı və Məmmədbəyli kənd sakinləri, eləcə də qonaqlar üçün açıq istirahət və əyləncə zonası kimi fəaliyyət göstərəcək. Parkın ərazisi 5 funksional zonaya bölünüb. Bu zonalarda uşaqların istirahəti, idman fəaliyyəti və əyləncəsi üçün bütün şərait yaradılıb. Ərazidə müxtəlif ağac və kol bitkiləri əkilib.
Sonra Prezident İlham Əliyev Məmmədbəyli kəndinin açılışında iştirak edib.
Dövlət başçısına kənddə yaradılan şərait barədə məlumat verilib.
Bildirildi ki, kəndin ümumi sahəsi 51,6 hektardır. Kənddə 188 fərdi ev inşa edilib ki, onlardan 39-u iki, 55-i üç, 55-i dörd və 39-u beşotaqlıdır. Hər bir ev üçün həyətyanı ərazi nəzərə alınaraq hasarlanıb. Evlərdə Günəş panelləri quraşdırılıb, onlar su, işıq, qaz, yüksəksürətli internet şəbəkəsi ilə təmin olunub.
Kənddaxili yollar asfaltlanıb. Kənddə çoxfunksiyalı 2 qeyri-yaşayış binası da inşa olunub. İnzibati binalarda, eləcə də keçid və istinad divarlarında zövqlə işlənmiş rəsmlər çəkilib. Bu isə kəndin ümumi görünüşünə əlavə çalarlar qatır. Məmmədbəyli kəndi Ağalı kəndinə çox yaxın məsafədə yerləşdiyindən iqtisadi səmərəliliyin təmin olunması məqsədilə bu kəndləri birləşdirən keçid inşa edilib ki, bu da 360 şagird yerlik Ağalı kənd tam orta məktəbindən, 60 yerlik uşaq bağçasından, Ailə sağlamlıq mərkəzindən, məişət xidməti obyektindən, xidmətlər mərkəzindən, aptekdən, bazar kompleksindən və digər qeyri-yaşayış təyinatlı obyektlərdən istifadənin rahatlığını təmin edəcək.
Kənddə yaradılmış şəraitlə tanış olandan sonra dövlətimizin başçısı Məmmədbəyli və Ağalı kəndlərinə köçən sakinlərlə görüşüb, onlara mənzillərin açarlarını təqdim edib.




























