Leyla Əliyeva Mingəçevirdə-Fotolar
Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevir şəhərinə səfəri çərçivəsində avarçəkmə bazası ilə tanış olub.Leyla Əliyevaya Kür çayı üzərində salınmış “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin fəaliyyəti, burada yaradılan infrastruktur, idmançıların hazırlıq prosesi və qazanılan nailiyyətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Avropada, eləcə də MDB məkanında bənzəri olmayan avarçəkmə bazalarından biridir.
Mərkəz avarçəkmə idman növü üzrə milli komandanın əsas hazırlıq bazalarından biri kimi fəaliyyət göstərir. Burada müxtəlif yaş qruplarına aid idmançıların peşəkar səviyyədə məşq etmələri üçün müasir standartlara cavab verən şərait yaradılıb, zəruri infrastruktur, idman avadanlıqları və təhlükəsizlik tələblərinə cavab verən sistemlər təmin olunub.
Görüş zamanI, həmçinin gənclərin sağlam həyat tərzinə cəlb olunması, avarçəkmə idman növünün daha geniş təşviqi və regionda idman infrastrukturunun gücləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Leyla Əliyeva avarçəkmə üzrə məşq prosesini izləyib və idmançılarla səmimi söhbət edib.

Mingəçevirdə səfərdə olan Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva səfər çərçivəsində Mingəçevir şəhərində yerləşən yaşlılar üçün “Yaşa” mərkəzinə baş çəkib.
L. Əliyeva yaşlılılarla səmimi söhbət edib, onların hazırladıqları əl işlərinə baxıb, məşğələlərin məzmunu və mərkəzin gələcək fəaliyyət planları barədə məlumat alıb.
Qeyd olunub ki, mərkəzdə pensiya yaşında olan şəxslər müxtəlif əl işləri, dekorativ-tətbiqi sənət nümunələri və digər yaradıcılıq fəaliyyəti ilə məşğul olur, onlar üçün mütəmadi olaraq maarifləndirici və mədəni tədbirlər təşkil edilir.
Səfər çərçivəsində L. Əliyeva Mingəçevir Uşaq Nevroloji Sanatoriyasını ziyarət edib. Sanatoriyada daimi əsasda 20-yə yaxın uşaq müalicə və reabilitasiya alır. Müəssisədə yaradılan şərait, tibbi xidmətin təşkili, uşaqlar üçün reabilitasiya proqramları haqqında ətraflı məlumat verilib. O, balaca pasiyentlərlə maraqlanıb, həkim və tibb personalı ilə söhbət edərək onların fəaliyyətinə uğurlar arzulayıb. Leyla Əliyeva tərəfindən Uşaq Nevroloji Sanatoriyasına ayaq və əl reabilitasiyası üçün müxtəlif avadanlıqlar, o cümlədən robotik reabilitasiya əlcəkləri, həmçinin müxtəlif terapiya cihazları hədiyyə olunub.
Daha sonra L.Əliyeva Mingəçevirdə Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində olub. Məktəbdə tar, kaman, qarmon və digər siniflər üzrə tədrislə tanış olan Leyla Əliyevaya təhsil ocağının şagirdlərinin müxtəlif yerli və beynəlxalq müsabiqələrdə uğurla iştirakı barədə məlumat verilib. Bildirilib ki, 70-dən çox yaşı olan musiqi məktəbində fortepiano, violin, tar, qarmon, kamança, nağara və xanəndəlik ixtisasları tədris edilir. Mədəniyyət Nazirliyinin nəzdindəki tədris ocağı 2011-ci ildən onbirillik musiqi məktəbi kimi fəaliyyətini davam etdirir. Hazırda məktəbdə 600-dən çox şagird təhsil alır. L.Əliyeva tərəfindən 30-dan çox zəruri musiqi aləti – tar, kamança, qarmon, violin, royal, piano və s. tədris müəssisəsinə hədiyyə edilib.
Daha sonra məktəbin akt zalında şagirdlərin ifasında konsert proqramı təqdim olunub.













































