Trampın Kral III Çarlza davranışı müzakirə yaratdı
Böyük Britaniya Kralı III Çarlz və Kraliça Kamilla ABŞ-a rəsmi səfərləri çərçivəsində Ağ Evdə Prezident Donald Tramp və birinci xanım Melaniya Trampla görüşüblər.
XALQ xəbər verir ki, tərəflər Ağ Evə daxil olmamışdan əvvəl media nümayəndələri qarşısında söhbət ediblər.
Məlumata görə, ABŞ prezidenti və birinci xanım qonaqların şərəfinə əvvəlcə qapalı çay süfrəsi təşkil edəcək, daha sonra isə açıq havada ziyafət keçiriləcək.
Qeyd edək ki, kral ailəsinin ABŞ-a rəsmi səfərinin ümumilikdə dörd gün davam edəcəyi bildirilir.

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Kralı III Çarlzla görüş zamanı kral protokolunu pozub.
Xəbərə görə bu barədə Britaniyanın “Daily Mail” qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, kral protokoluna əsasən, monarx ailəsinin üzvləri ilə fiziki təmasa yol verilməməlidir. Buna baxmayaraq, Tramp Vaşinqtonda Kral III Çarlzla görüş zamanı Britaniya monarxının çiyninə “nəzakətlə toxunub”.
Hadisə Kral III Çarlz və Kraliça Kamillanın Ağ Evə səfəri zamanı baş verib. Görüntülərdə Trampın əl sıxma və rəsmi foto çəkilişindən sonra kralın çiyninə yüngülcə toxunduğu görünür.
“Daily Mail”in yazdığına görə, Ağ Ev rəhbəri bu jestlə III Çarlza xüsusi rəğbətini nümayiş etdirmək istəyib.
Bədən dili üzrə ekspert Cudi Ceyms bildirib ki, bu hərəkət formal olaraq protokol pozuntusu sayıla bilər.
Bununla belə, ekspertin fikrincə, kral bu jestə etiraz etməyib və onu siyasi xoşməramlılıq əlaməti kimi qəbul etmək mümkündür.
Qeyd edək ki, Britaniya monarxının ABŞ-a dövlət səfəri aprelin 30-dək davam edəcək.
Həmçinin qeyd edək ki, Böyük Britaniyanın ABŞ-dəki səfirliyində Kral III Çarlzın şərəfinə təşkil olunan qəbulda qonaqlara sırf britaniyalıların sevimlisi olan qidalar təqdim edilib.
“Daily Star” nəşrinə istinadən xəbər verir ki, menyuda nə hamburger, nə də kartof qızartması yer alıb.
Kral üçün hisə verilmiş qızılbalıqlı ingilis sendviçləri, qıtığotu ilə hazırlanan rostbif, xiyarlı və yumurtalı salatlar hazırlanıb. Şirniyyat masasında isə qaymaq və çiyələk mürəbbəsi ilə təqdim olunan təzə bişmiş skonlar (ənənəvi ingilis bulkaları), məşhur “Viktoriya” biskviti və digər şirniyyatlar üstünlük təşkil edib.
Bildirək ki, tədbirdə ABŞ Prezidenti Donald Tramp da iştirak edib.
Xatırladaq ki, Britaniyanın İran əleyhinə ABŞ-İsrail hərbi kampaniyasına qoşulmaması Trampın narazılığına səbəb olmuş və o, Baş nazir Kir Starmeri “o qədər də faydalı olmayan” şəxs adlandırmışdı.
Qeyd edək ki, qəbul zamanı Donald Trampın III Çarlzla şənbə günü Ağ Evdə baş verən atışma barədə söhbət etdiyi də bildirilir.











