media-99

 

Azərbaycanın idman salnaməsinə yazılan hər böyük qələbə əslində təkcə idman nəticəsi deyil, dövlət siyasətinin və cəmiyyətin birgə uğurudur.

Prezident İlham Əliyev tərəfindən Avropa çempionatında tarixi nailiyyət qazanan güləşçilərin qəbul edilməsi də bu yanaşmanın parlaq nümunəsidir. Belə görüşlər formal protokol çərçivəsini çoxdan aşaraq, Azərbaycan idmanının fəlsəfəsini, inkişaf modelini və gələcəyə olan inamını əks etdirən mühüm ictimai-siyasi hadisəyə çevrilir.

Tiranada keçirilən Avropa çempionatı göstərdi ki, Azərbaycan güləşi təsadüfi uğurların yox, sistemli inkişafın məhsuludur. Komanda hesabında birincilik, həm sərbəst, həm də yunan-Roma güləşi üzrə zirvəyə yüksəlmək, bu, idman məktəbimizin gücünü ortaya qoyur.

Bu gün güləş dünyasında rəqabət əvvəlki dövrlərlə müqayisədə qat-qat sərtləşib. Güclü məktəblər, yüksək texnologiyalı hazırlıq metodları və artan idman diplomatiyası fonunda belə nəticə əldə etmək yalnız fiziki hazırlıq deyil, həm də güclü iradə, psixoloji dayanıqlıq və düzgün idarəetmə tələb edir.

Dövlət başçısının çıxışında xüsusi vurğulanan məqam “qələbənin ədalətli mübarizədə qazanılması” Azərbaycan idmanının əsas prinsiplərindən biridir. Bu prinsip təkcə xalça üzərində deyil, bütövlükdə idman siyasətində də özünü göstərir. Çünki idman yalnız nəticə deyil, həm də dəyərlər sistemidir. Azərbaycan idmançısı qalib gələndə yalnız medal qazanmır, eyni zamanda ölkəsinin ləyaqətini nümayiş etdirir.
Bu uğurun təməlində isə düzgün qurulmuş sistem dayanır. Seçimdən başlayaraq hazırlıq mərhələlərinə qədər hər bir detalın düşünülməsi, regionlarda idmanın inkişafı, gənclərin erkən yaşdan aşkar edilməsi bir zəncirin halqalarıdır. Bu gün ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən idman kompleksləri artıq nəticə verməkdədir. Paytaxtla regionlar arasında idman imkanları baxımından fərqin azalması yeni istedadların üzə çıxmasına şərait yaradır. Bu isə gələcək qələbələrin əsas təminatıdır.

Ən önəmli məqamlardan biri də nəsillərarası varisliyin qorunmasıdır. Vaxtilə Olimpiya və dünya arenalarında uğur qazanmış idmançıların bu gün federasiyalarda və məşqçi heyətində təmsil olunması Azərbaycan idman modelinin güclü tərəflərindən biridir. Bu yanaşma təkcə təcrübənin ötürülməsi deyil, həm də qalib ruhun davamlılığını təmin edir. Dünənin çempionları bu gün yeni çempionların yetişməsində aparıcı rol oynayırsa, deməli sistem sağlam və davamlıdır.
Azərbaycanın ev sahibliyi etdiyi mötəbər yarışlar da bu inkişafın mühüm hissəsidir. Avropa Oyunları və İslam Həmrəyliyi Oyunları kimi böyük tədbirlər ölkənin idman infrastrukturunu və təşkilatçılıq imkanlarını dünyaya nümayiş etdirməklə yanaşı, gənclər arasında idmana marağı daha da artırıb. Bu yarışlar göstərdi ki, Azərbaycan yalnız iştirakçı deyil, həm də qlobal idman məkanında təşəbbüskar və lider ölkələrdən biridir.

Dövlət başçısının çıxışında qadın güləşinə toxunması isə xüsusi diqqətə layiqdir. Bu sahədə əldə olunan uğurlar göstərir ki, idman artıq cəmiyyətin bütün təbəqələrini əhatə edir. Qadın idmançılarımızın beynəlxalq arenada qazandıqları medallar həm gender balansının təmin olunmasına, həm də idmanın kütləviləşməsinə xidmət edir. Bu istiqamətdə gözləntilər böyükdür və real nəticələr bu gözləntilərin əsassız olmadığını sübut edir.

İdmanın sosial-mənəvi tərəfi də çıxışda geniş yer alır. Prezident İlham Əliyevin vurğuladığı kimi, idmançının davranışı onun nəticələri qədər önəmlidir. Bu yanaşma əslində Azərbaycan idmanının fərqləndirici xüsusiyyətidir. Çünki tarixdə çoxsaylı nümunələr var ki, böyük idmançılar karyeradan sonra öz nüfuzlarını qoruya bilməyiblər. Azərbaycanda isə çempionlar yalnız yarış meydanında deyil, cəmiyyətdə də nümunə olmağa çalışırlar. Bu, idmanın tərbiyəvi funksiyasının real təzahürüdür.

Eyni zamanda, bəzi hallarda beynəlxalq yarışlarda müşahidə olunan ədalətsizliklərə baxmayaraq, Azərbaycan idmançılarının ləyaqətli davranışı xüsusi qeyd olunur. Bu, sadəcə etik məsələ deyil, həm də milli imicin formalaşmasında mühüm amildir. Çünki idman artıq qlobal informasiya məkanının bir hissəsidir və hər bir davranış ölkənin simasını formalaşdırır.
Bütün bu məqamları ümumiləşdirəndə aydın görünür ki, Azərbaycan idmanı artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mərhələ təsadüfi uğurların deyil, davamlı strategiyanın nəticəsidir. Güləşçilərimizin Avropa çempionatında qazandığı qələbə isə bu strategiyanın uğurla həyata keçirildiyini bir daha sübut edir.
Prezident İlham Əliyevin idmançılarla görüşü həm də bir mesajdır ki, bu uğurlar davamlı olacaq. Dövlət dəstəyi, peşəkar yanaşma və milli ruh olduğu müddətdə Azərbaycan idmanı yeni zirvələr fəth etməyə davam edəcək. Bu isə o deməkdir ki, bugünkü qələbələr sabahın daha böyük uğurlarının başlanğıcıdır.

Prezidentin çıxışında xüsusi vurğulanan məqamlardan biri də idmanın cəmiyyət üçün daşıdığı mənəvi yükdür. Bayrağımızın beynəlxalq arenada ucaldılması hər bir azərbaycanlı üçün qürur mənbəyidir. Bu qürur isə təkcə emosional deyil, həm də ideoloji məna daşıyır; gənc nəslin vətənpərvərlik ruhunda formalaşmasına xidmət edir. İdman burada sadəcə yarış deyil, milli kimliyin və dövlətçilik şüurunun möhkəmlənməsi üçün bir platformadır.

Prezident İlham Əliyevin güləşçilərlə görüşü dövlətin gənclərə, milli dəyərlərə və gələcəyə verdiyi önəmin rəmzidir. Bu görüşdən çıxan əsas mesaj aydındır: Azərbaycan idmanı yalnız bu günün deyil, həm də sabahın uğur hekayəsidir və bu hekayə hələ uzun illər davam edəcək.

media-meshur

Məşhur Məmmədov,
Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər