media-gun8

Bakıda bəzi ərazilərdə sakinlərin günlərlə susuz qalması narazılıqlara səbəb olub. Vətəndaşlar su təchizatında yaranan problemlərlə bağlı aidiyyəti qurumların vaxtında məlumat vermədiyini bildirirlər.

Tanınmış jurnalist Naibə Qurbanova sosial şəbəkə hesabında paylaşdığı statusda Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) fəaliyyətini tənqid edib.

Jurnalist qeyd edib ki, suyun kəsilməsi ilə bağlı vətəndaşlara əvvəlcədən məlumat verilməməsi ciddi narazılıq yaradır: “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, niyə həmişə istirahət, bayram günləri xəbərdarlıqsız-filansız suyu kəsirsiniz? Zəng edib soruşmağa adam tapmayaq deyə? Onsuz da yox kimisiniz”.

Naibə Qurbanova paylaşımında su təchizatındakı problemlərin davam etməsini tənqid edərək bildirib: “Əvvəl deyirdiniz əhali supulunu ödəmir, indi ki hər şey şəffafdır – smart sayğac, seyid-peyğəmbər balası kimi təmiz başbilənləriniz, düzgün qurulmuş iş… Bəs onda iki gündür suyumuz niyə gəlmir?”

Jurnalist həmçinin qurumun vətəndaşlarla kommunikasiya siyasətinə də irad bildirib: “Heç nə yox, elə göydən tökülən yağışı yığsanız, məsələ həll olunar. Prosto, onu da bacarmırsınız… Bacardığınız səhifənizdə şərh yerini camaatın üzünə bağlamaqdır. Onu edincə suyun kəsilmə səbəbini yazsanız, daha urvatlı olarsınız”.

Qeyd edək ki, son günlər Bakının müxtəlif ərazilərində su təchizatı ilə bağlı problemlər barədə sosial şəbəkələrdə çoxsaylı şikayətlər paylaşılır. Sakinlər aidiyyəti qurumlardan suyun verilməsində yaranan fasilələrin səbəbləri və bərpa müddəti ilə bağlı operativ məlumatlandırma gözlədiklərini bildirirlər.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.


media-728x90banner

Bənzər xəbərlər