8 Noyabr – Qürur, birlik və yenilməzliyin simvolu
Müzəffər Azərbaycan Ordusu 44 gün ərzində öz qəhrəmanlığı, şücaəti, döyüş qabiliyyəti ilə tarix yazdı. Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində möhtəşəm Qələbə qazanaraq torpaqlarımızı işğaldan azad etdi. Beləliklə, torpaqlarımızın uzun müddət davam edən işğalına son qoyuldu və tarixi ədalət bərpa edildi.
2020-ci il noyabrın 8-də Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan olmuşdur.
Vətən uğrunda canlarından keçən şəhidlərimizin qisası düşməndən döyüş meydanında alındı. Onların qanı yerdə qalmadı. Bu onların yaxınları və eyni zamanda, bütün Azərbaycan xalqı üçün təsəllidir.
Cəmi 44 gün davam edən Vətən müharibəsində əldə edilən Zəfər cənab Prezident İlham Əliyevin qələbəsi, ulu öndər Heydər Əliyev siyasi kursunun təntənəsidir. Bu qələbə xalqımızın, milli birliyimizin və ədalətin Zəfəridir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Bu il xalqımız Vətən müharibəsində qazanılmış möhtəşəm Zəfərin beşinci ildönümünü qeyd edir. Bu qələbə nəinki, ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəltdi, həmçinin, bugünkü və gələcək nəsillərin qürur mənbəyinə çevrildi.
44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir desək, heç də yanılmarıq. Bu müharibə təkcə torpaqlarımızın azadlığı uğrunda deyil, həm də milli birliyimizin, xalqımızın güc və iradəsinin təntənəsi idi. Bu döyüşlərdə iştirak etmək hər bir Azərbaycan vətəndaşı üçün böyük şərəfdir. Mən də bu müqəddəs mübarizədə iştirak etdiyim üçün qürur duyuram. Çünki illərlə düşmən tapdağında qalan yurd yerlərimizin azad olunması uğrunda döyüşmək mənim üçün təkcə vətəndaşlıq borcu deyil, həm də vicdan məsələsi idi. Müharibənin həlledici mərhələsi olan Şuşa əməliyyatında iştirak etmək isə hər birimizin yaddaşımızda dərin izlər buraxdı. Biz o an başa düşdük ki, bu qələbə sadəcə hərbi deyil, həm də mənəvi qələbədir – xalqımızın birliyinin və igidliyinin simvoludur.
2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix bizim şanlı Zəfərimizin günüdür!
Namiq Cəfərov
Göygöl RİHB Aparatının Ərazi idarəetmə
və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri











