ABŞ-a gedənlərin nəzərinə: Sənətə yiyələnin, yaxşı usta bizim diplomlu maqistrdan daha şanslı olacaq…
Amerikada hamı yağ-bal içində yaşayır, hamı firavan, bütün gələnlərə qara ikra verilir hər səhər “zaftrak”da. Hamının maşını, iki mərtəbəli fərdi evi, yüksək maaşlı işi, işsiz olanlara isə o qədər pasobi verirlər ki, Azərbaycanda qalan əfəl qohumlara Mərdəkanda villa bağışlamaq olur. Uzun sözün qısası, çətini bura gəlib çıxmaqdır, qalanını “padnos”da gətirib pay verirlər. Aeroportda da orkestr qarşılayır ki, xoş gəlmisən, hardaydın bu vaxta qədər, ay insafsız, Amerika boğulurdu intizarda.
Bəzi şərhləri oxuyub bu qənaətə gəldim.
Nə deyim, yaxşı bir misal var, deyir immiqrasiyanı turizm ilə səhv salmayın. Ən maraqlısı isə odur ki, fəal təbliğatçıların əksəriyəti o tərəflərdə heç vaxt olmayanlardır. Ruhdan salma deyil, çəhrayi eynəklərinizi çıxarmaq çağırışıdır. Dediyim odur ki, köçüb getmək fikriniz varsa, hazır olun ki, Amerikanın digər sifəti də var. Sənət seçin, həmin sənətə yiyələnin, yaxşı usta bizim diplomlu magistrdan daha şanslı olacaq…
Azər Qərib










