Ağ Evdə baş tutan görüş Cənubi Qafqazın tarixində yeni bir səhifə açdı
44 günlük Vətən müharibəsi ilə təsdiqlənmiş qələbəmiz, həm döyüş meydanında, həm də diplomatik masada Azərbaycanın əzmini, gücünü və iradəsini bütün dünyaya göstərdi.
XALQ-ın məlumatına görə, bunu Milli Məclisin “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda keçirilən xüsusi iclası zamanı millət vəkili Ülviyyə Həmzəyeva deyib.
Azərbaycan Prezidenti cənab İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən üçtərəfli danışıqlar yalnız siyasi hadisə deyil, həm də bütün regionun taleyində dönüş nöqtəsi oldu.
Millət vəkili bildirib ki,bu görüş zamanı bütün dünya bir daha şahidlik etdi ki, Azərbaycan qalib mövqeyi, iqtisadi gücü və diplomatik nüfuzu ilə regionun əsl lider dövlətinə çevrilib. İllərlə davam edən münaqişələrdən sonra imzalanan bəyannamə, bölgənin gələcək inkişafı üçün strateji yol xəritəsini müəyyən etdi.
Prezident İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi sayəsində ərazi bütövlüyümüz bərpa olundu, işğala son qoyuldu. O gündən etibarən Azərbaycan bütün danışıqlara qalib, şərtləri müəyyən edən tərəf kimi qatılır. Vaşinqtonda baş tutan tarixi görüş də bu reallığın ən parlaq sübutudur.
Ağ Evdə imzalanan bəyannamə yalnız kağız üzərində söz deyil — bu sənəd regionun siyasi arxitekturasını dəyişdirən, gələcəyə yön verən müqəddəs bir sənəddir. “Tramp yolu” adlandırılan Zəngəzur tranzit marşrutu,
Azərbaycanın Naxçıvanla quru əlaqəsini bərpa etməklə yanaşı, ölkəmizi beynəlxalq nəqliyyat arteriyasının əsas mərkəzinə çevirəcək. Bu yol Azərbaycanı təkcə regionla deyil, dünya bazarları ilə də birləşdirəcək, dövlətimizin siyasi və iqtisadi mövqeyini daha da gücləndirəcək. Prezident İlham Əliyevin həyata keçirdiyi çoxvektorlu diplomatiya — Azərbaycanın milli maraqlarını ən yüksək səviyyədə təmin edir. ABŞ kimi böyük gücün vasitəçiliyi ilə keçirilən bu görüş, Azərbaycanın beynəlxalq nüfuzunun parlaq göstəricisidir.
Deputat Ülviyyə Həmzəyeva qeyd edib ki,ən önəmlisi isə budur: Azərbaycan qalib xalq olaraq sülhün təşəbbüskarı və təminatçısıdır. Ermənistanın da bu prosesə qoşulması, iqtisadi əməkdaşlıqdan faydalanması, regionun sabitliyi və rifahı üçün yeni imkanlar yaradacaq.
Ağ Evdə imzalanan bəyannamə, Cənubi Qafqazda uzun illərdir davam edən münaqişələrin sülh və əməkdaşlıq müstəvisinə keçidinin rəmzinə çevrildi.
Vaşinqton görüşü həm də ABŞ-Azərbaycan münasibətlərinin yeni mərhələsinin başlanğıcıdır. Enerji, təhlükəsizlik, investisiya və logistika sahələrində əməkdaşlıq ölkəmizin qlobal sistemdə rolunu daha da möhkəmləndirəcək.
Bu tarixi hadisə Azərbaycanın güclənən mövqeyinin, dövlət başçımızın uzaqgörən siyasətinin və xalqımızın əzminin təntənəsidir.
Prezident İlham Əliyevin dəfələrlə söylədiyi kimi:
“Biz digər dövlətlərin daxili işlərinə qarışmırıq və özümüzə qarşı da eyni münasibəti gözləyirik.”
Məhz bu prinsipial mövqe Azərbaycanın beynəlxalq siyasətində dayanıqlı sülhün, sabitliyin və qarşılıqlı hörmətin əsasını təşkil edir.
Bu gün dünya görür ki, Azərbaycan yalnız öz qələbəsini deyil, həm də regionun gələcək sülhünü, sabitliyini və rifahını təmin edən lider dövlətdir deyə millət vəkili Ülviyyə Həmzəyeva qeyd edib.