Ağstafada 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirilir
Xalqımızın milli qürur və şərəf tarixi 20 Yanvar faciəsinin 36-cı il dönümü ərəfəsində Ağstafa Rayon İcra Hakimiyyətinin könüllü gəncləri şəhidlərimizin məzarlarını ziyarət edib, iməclik aksiyasında fəallıq nümayiş etdiriblər. Könüllülər əvvəlcə Vurğun qəsəbəsində ağstafalı 20 Yanvar şəhidimiz Habil Əzizovun məzarını ziyarət edib, ətrafda abadlıq, təmizlik işləri həyata keçiriblər. Aksiya Ağstafa Rayon Şəhidlər Xiyabanı, eləcə də rayonun digər yaşayış məntəqələrində davam etdirilib. Allah şəhidlərimizə rəhmət eləsin!
Ağstafa rayonunda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlarda 20 Yanvar faciəsinin 36-cı il dönümü ilə əlaqədar anım tədbirləri təşkil olunur, ölkəmizin suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının ruhu dərin ehtiramla yad olunur. Tədbirlərdə tariximizdə təkcə faciə deyil, həm də azadlıq, müstəqillik uğrunda mübarizə, qəhrəmanlıq səhifəsi və milli azadlığın oyanış günü kimi həkk olunan 20 Yanvar hadisələrindən bəhs olunur.























