Ağstafada Həmid Abbasın 90 illik yubileyi qeyd olunub
Ağstafa rayon Heydər Əliyev Mərkəzində Ağstafa Rayon İcra Hakimiyyəti, Azərbaycan Yazıçılar Birliyi və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin birgə təşkilaçılığı ilə Xalq şairi Həmid Abbasın yubiley tədbiri keçirilib.
XALQ xəbər verir ki, tədbirdə Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Xalq şairinin yaxınları, şəhid ailələrinin üzvləri, eləcə də digər bölgələrdən təşrif buyurmuş elm və sənət adamları, ziyalılar, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ağstafa şəhəri, Heydər Əliyev prospektində Xalq şairinin büstü ziyarət olunub.
Tədbir iştirakçıları Mərkəzin foyesində şairin həyatı və yaradıcılığı haqqında kitablardan ibarət sərgini tamaşa ediblər.
Azərbaycan Yazıçılar Birliyinin Qazax Zona filialının sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın aparıcılığı ilə keçən yubiley tədbirində Ağstafa RİH başçısı Seymur Orucov, şairin qardaşı Teyyub Abbasov, Ağsaqqallar Şurasının sədr müavini Xalid Kərimov, “Hüseyn Arif ədəbi məclisinin” sədri şair Saqif Qaratorpaq, rayon ağsaqqalı Gülgün Kərimov, şair Rəfail İncəyurd, AYB Qazax bölməsinin ədəbi məsləhətçisi Mustafa Rasimoğlu və şairin qardaşı oğlu Rafiq Abbasov Həmid Abbasın həyat və fəaliyyəti haqqında geniş danışıblar.
Tədbirdə mədəniyyət və incəsənət nümayəndələri Həmid Abbasın şeirlərini və sözlərinin müəllifi olduğu mahnıları ifa ediblər.
Məlumat üçün qeyd edək ki, Həmid Məmmədəli oğlu Abbasov 1935-ci il oktyabrın 10-da Ağstafa şəhərində qulluqçu ailəsində anadan olub.
Əmək fəaliyyətinə Azərinformda tərcüməçi şagirdliyindən başlamış, ədəbi işçi, səyyar müxbir, tərcüməçi, yerli mətbuat üçün xəbərlər şöbəsinin redaktoru və bu sahədə bir sıra yüksək vəzifələri icra edib. Onun şeirlərinə mahnılar bəstələnib.
“Tarla qızları” adlı ilk şerlər toplusu “A.Həmid” təxəllüsü ilə çapdan çıxıb.
1981-ci ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı komitəsinin sədri vəzifəsində işləyib. “Şərəf nişanı” Ordeni və müvafiq medallarla təltif olunub. 1999-cu il noyabrın 19-da Bakıda vəfat edib.











