Ağstafada Zəfər Gününün beşinci ildönümü münasibəti ilə tədbirlər keçirilib
Ağstafada 8 Noyabr – Zəfər Gününün beşinci ildönümündə Şəhidlər Memorial Abidə Kompleksində qəhrəman Vətən övladlarının əziz xatirəsi dərin ehtiramla anılıb.
Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunan ümumrayon bayram tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, rayon ərazisində yerləşən hərbi hissələrdən əsgər və zabitlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Mərkəzin foyesində istedadlı yeniyetmə və gənclərin Zəfər Gününə həsr etdikləri əl işlərindən ibarət sərgilərə nəzər salınıb.
Ümumrayon tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ümumrayon tədbirini giriş nitqi ilə açan RİH başçısı xalqımızın böyük coşqu və sevinclə qeyd etdiyi tarixi Zəfərin beşinci ildönümü münasibəti ilə hər kəsi təbrik edərək qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasi xəttini layiqincə davam etdirən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, zabit və əsgərlərimizin böyük şücaəti, xalqımızın möhtəşəm həmrəyliyi sayəsində Vətən müharibəsi məntiqi sonluqla, şanlı Zəfərlə başa çatdı. Dövlət başçımızın ən yaxın silahdaşı olan Birinci vitse-prezident Mehriban Əliyevanın Vətən, xalq və dövlət qarşısındakı misilsiz xidmətləri, xeyirxahlıq missiyası gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
Digər çıxış edən natiqlər, Yap Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Tovuz Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Nicat Göyüşov, şəhid atası İlqar Quliyev, Vətən müharibəsi qazisi Fərid Əsgərov, ağstafalı gənc Aysu Quliyeva, rayon ziyalısı Məmməd Məmmədov mövzuya dair geniş məruzələrlə çıxış ediblər. Çıxışlarda 8 Noyabr – Zəfər gününün tarixi əhəmiyyətindən, eləcə də dövlətimizin şəhid ailələrinin üzvlərinə, müharibə iştirakçılarına göstərdiyi yüksək diqqət və qayğısından bəhs olunub.
Sonra Zəfər Gününün beşinci ildönümü münasibəti ilə ağstafalı yeniyetmə və gənclər arasında keçirilən Zəfər veloyürüşünün və təhsil işçiləri arasında keçirilən şahmat yarışının qalibləri Ağstafa Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri ilə təltif olunublar. Veloyürüşdə Kərimov Uğur Qiyas oğlu 1-ci, Yaqubzadə Telman Rövşən oğlu 2-ci, Nəsibli Nizami Elfaq oğlu 3-cü, şahmat yarışı üzrə isə İsgəndərov Yaşar Çoban oğlu 1-ci, Həsənov Şirin Tarif oğlu 2-ci və Nəsibov İmran Süleyman oğlu 3-cü yerlərə layiq görülüblər.
Ümumrayon tədbirinin bədii hissəsində mədəniyyət nümayəndələrinin, eləcə də məktəblilərin təqdimatında nümayiş etdirilən geniş konsert proqramı böyük coşqu ilə qarşılanıb. Bayram konsertində Hüseyn Arif adına Ağstafa şəhər Uşaq musiqi məktəbinin xor kollektivi “Vətən”, gənc müğənnilər – Vüsalə Quliyeva “Yaşasın Azərbaycan”, Ramal Balacanov “Azərbaycan”, Nicat Zeynallı “Azərbaycanım” və “Göyəzən” aşıqlar qrupu “Bəhri divani”, “Yurd” vokal qrupu “Vətən” mahnılarını ifa ediblər, öz növbəsində məktəblilər – İslam Cəfərli gitarada Vətənə həsr olunmuş kompozisiyanı, “Yallı”, “Xarıbülbül” və “Qazax” milli rəqslərimizi məharətlə təqdim ediblər, Məmmədhüseynova Cahan isə Xalq şairi Zəlimxan Yaqubun “Azərbaycan” şeirini səsləndirib.





















