Ağsuda faciə-3 işçi yaralandı, sahə rəisi öldü
Ağsunun Kalva kəndində sel ekskavatoru aşırıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
İlkin məlumatlara görə, ərazidə yol-təmir işləri ilə məşğul olan işçilər yağışın başlamasını müşahidə edərək təhlükəsizlik məqsədilə ekskavatorun içərisinə yerləşiblər. Lakin bir qədər sonra çaya sel gəlib və güclü axının təsirindən ekskavator aşıb.
Hadisə nəticəsində ekskavatorun içində olan 4 nəfərdən biri hadisə yerindəcə həyatını itirib. Digər 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, çətin vəziyyətdə texnikanın içində köməksiz qalıb.
Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunublar. Yaralılar ekskavatorun içindən çıxarılaraq Şamaxı Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.
XALQ.AZ-ın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, hadisə nəticəsində həyatını itirən Həyatullayev Pərviz sahə rəisi olub.
Agentlikdən verilən məlumata görə, ölən və yaralananlar Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsində iştirak edən podratçı şirkətin işçiləri olub.
Qeyd edək ki, “Leysan xarakterli yağış nəticəsində Ağsu rayonunun Kalva kəndi ərazisindən keçən çaya sel gəlməsi səbəbilə xəsarət alan üç nəfər şəxs (kişi cinsli) Şamaxı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 1992-ci il təvəllüdlü və 1982-ci il təvəllüdlü şəxslər boğulma, hipotermiya, travmatik şok, hipoksik ensefalopatiya, bədənin müxtəlif nahiyələrinin travmatik zədələnmələri və sıyrılmış yaralar diaqnozu ilə tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicə alır. 1988-ci il təvəllüdlü şəxs isə boğulma, hər iki baldırın sıyrılmış yarası diaqnozu ilə Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. Aparılan zəruri tibbi yardımdan sonra pasiyentlərin vəziyyətləri stabil olaraq qiymətləndirilir”, – deyə məlumatda qeyd olunub.
Ekskavatordan sağ çıxarılan şəxslər Qazax rayonunun Yuxarı Salahlı kənd sakini 33 yaşlı Bəxtiyar Nəsib oğlu Abdullayev, Cəbrayıl rayonunun Niyaziqullar kənd sakini 43 yaşlı Elnur Məhəmməd oğlu Salahov və Gədəbəy rayonunun Çiçəkli kənd sakini 37 yaşlı Bəxtiyar Fazil oğlu Qasımovdur.
XALQ.AZ məlumat verir ki, Muğanlı- İsmayıllı-Qəbələ yolu layihəsinin tikintisinə nəzarəti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Yolların İstismarı və Təmiri Baş İdarəsinin rəisi Kamran Əzizov icra edir.
Faciə nəticəsində ölən və yaralanlar isə podratçı şirkətin işçiləridir.