AHİK Anım Günü ilə əlaqədar tədbir keçirdi – FOTOLAR
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Milli birliyimiz qələbəmizin təməlidir” tədbiri keçirilib.
Xalq.online bildirir ki, tədbirdə AHİK-in kollektivi, üzv və tabe təşkilatların rəhbərləri, şəhid ailələri və müharibə veteranları iştirak ediblər.
Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan oğullarının Vətən müharibəsindəki qəhrəmanlığından, şərəfli döyüş yolundan bəhs edən film nümayiş etdirilib.
Tədbirdə Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, əsgər və zabitlərimizin rəşadətindən, xalqımızın nümayiş etdirdiyi həmrəylikdən danışıb, Qələbənin Azərbaycan tarixinə ən parlaq səhifə kimi yazıldığını vurğulayıb. Qeyd edilib ki, 27 sentyabrın Anım Günü kimi təsis olunması dövlətimizin şəhidlərimizin əziz xatirəsinə ehtiramının ifadəsidir.
Çıxışda həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərindən, “Böyük Qayıdış” Proqramının uğurlu icrasından, dövlətimizin Vətən naminə canından keçənlərin ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs edilib.
Vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrini, müharibə iştirakçılarını qayğı ilə əhatə edən çoxsaylı layihələr reallaşdırılır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən şəhid ailələrinə dəstək məqsədilə həyata keçirilən müxtəlif tədbirlər də iştirakçıların nəzərinə çatdırılıb.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əks-hücum əməliyyatlarının əhəmiyyətini, Azərbaycan Ordusunun qəhrəmanlığını və hərbçilərimizin şücaətini, onların tarixi Zəfərin əldə olunmasında xüsusi rolunu qeyd edib.
Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Sahil Xəlilov keçdiyi döyüş yolundan və cəbhə xatirələrindən danışaraq qəhrəmanlarımızın gələcək nəsillər üçün əsl örnək olduğunu bildirib.
Vəfa Abdullayeva şəhid həyat yoldaşı Nurid Abdullayevlə bağlı xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən dövlət qayğısından söz açıb.
Tədbir bədii hissə ilə davam edib. Şəhid gizir Telman Kəlbiyevin oğlu Elcan Kəlbiyevin səsləndirdiyi Vətənə həsr olunan şeir və qazi polkovnik Əhməd Şərifovun oğlu Əli Şərifzadənin ifasında “Ey Vətən” mahnısı iştirakçılara duyğulu anlar yaşadıb və alqışlarla qarşılanıb.















