Alena Əliyeva sərgilərdə-Fotolar
İçərişəhərdə XV əsrə aid ölkə əhəmiyyətli abidə – Buxara karvansarasının əsaslı bərpa və konservasiya işlərindən sonra təntənəli açılışı və burada fəaliyyət göstərəcək “BuxarArt” sənət məkanının təqdimatı keçirilib.
XALQ AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Alena Əliyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, digər şəxslər, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qədim ticarət magistralı üzərində ucaldılan və Mərkəzi asiyalı tacirlərin sığınacağına çevrilən bu möhtəşəm tikili Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən həyata keçirilən genişmiqyaslı layihə çərçivəsində hazırda öz əvvəlki əzəmətinə qovuşub. Bərpa prosesi abidənin həm memarlıq, həm də mühəndislik xüsusiyyətlərinin qorunması prinsipi ilə aparılıb.
Tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud bildirib ki, həyata keçirilən bərpa işləri tarixi irsin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, yeni yaradılan “BuxarArt” sənət məkanı İçərişəhərin mədəni həyatına töhfə verəcək.
Bərpaçı Erich Pumer çıxışında Buxara karvansarasının əsaslı təmiri və möhkəmləndirilməsi prosesinin böyük həssaslıqla həyata keçirildiyini deyib: “Görülən işlər zamanı abidənin orijinal memarlıq üslubunun və tarixi xüsusiyyətlərinin qorunması əsas prioritet olub. Eyni zamanda, tikilinin uzunömürlü olması üçün müasir mühəndislik həlləri də tətbiq edilib”.
Özbəkistanın Azərbaycandakı səfiri Bahrom Aşrafxanov vurğulayıb ki, bu məkan tarixən müxtəlif bölgələrdən gələn insanların görüşdüyü, yeni ticarət əlaqələrinin qurulduğu və xalqlar arasında münasibətlərin möhkəmləndiyi bir mərkəz kimi fəaliyyət göstərib. O bildirib ki, Buxara karvansarasının tarixi Özbəkistan və Azərbaycan xalqları arasında əsrlərə söykənən əlaqələrlə birbaşa bağlıdır.
Diplomat qeyd edib ki, tarixən Mərkəzi Asiyadan olan tacirlər Böyük İpək Yolu vasitəsilə regionlar arasında fəal şəkildə səyahət ediblər. Bakı isə bu marşrut üzərində mühüm ticarət və mədəniyyət mərkəzlərindən biri olub.
Daha sonra qonaqlar abidənin yenilənmiş siması ilə yaxından tanış olublar.
Bərpa və konservasiya işləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sifarişi ilə bu sahədə beynəlxalq təcrübəyə malik Avstriyanın məşhur “Atelier Erich Pummer GmbH” şirkəti tərəfindən 3,5 il ərzində aparılıb. Qədim abidənin identikliyinin qorunması məqsədilə bərpa işləri zamanı orijinal hörgü üsullarına və autentik materiallardan istifadəyə, həmçinin tarixi obyektin memarlıq detallarına və konstruktiv xüsusiyyətlərinə xüsusi diqqət yetirilib. Abidənin tarixi görünüşünə xələl gətirməyən ən müasir texnologiyalardan və materiallardan istifadə olunub. Karvansaranın divarları sonradan əlavə edilmiş yad qatlardan təmizlənib, daşların konservasiyası aparılaraq binanın orijinal statik vəziyyəti bərpa edilib.
Yeni konsepsiyaya əsasən Buxara karvansarası yerli sənətkarların fəaliyyət göstərdiyi funksional və yaradıcı məkana transformasiya olunub. Karvansaranın daxilində ümumilikdə 18 otaq yerləşir ki, onların hər biri müxtəlif sənət sahələrini təmsil edən sənətkarların istifadəsinə verilib. Hər bir otaqda fəaliyyət göstərəcək sənətkarlar gündəlik olaraq öz əl işlərini hazırlayıb nümayiş etdirəcək, eyni zamanda həmin məhsulların satışını həyata keçirəcəklər.
Bununla yanaşı, “BuxarArt” yerli və xarici ziyarətçilər üçün interaktiv sənət məkanı kimi fəaliyyət göstərəcək. Sənətkarlar qonaqlar üçün müxtəlif ustad dərsləri təşkil edərək Azərbaycan xalq sənətinin incəliklərini praktiki şəkildə nümayiş etdirəcəklər. Burada toxuculuq, heykəltaraşlıq, dəriçilik, rəssamlıq, xalçaçılıq, dəmir döymə, miniatür sənəti, bədii keramika, ebru sənəti, keçəçilik və taxtaoyma kimi ənənəvi sənət sahələri təmsil olunur.
Buxara karvansarasının fəaliyyətə başlaması milli sənətkarlıq ənənələrinin qorunması, sənətkarların yaradıcılıq imkanlarının genişləndirilməsi və Azərbaycanın zəngin mədəni irsinin həm yerli, həm də xarici qonaqlara daha yaxından təqdim edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. “BuxarArt” özünəməxsus memarlıq üslubu və mistik atmosferi ilə həm yerli sakinlər, həm də paytaxtımızın qonaqları üçün ən cəlbedici mədəniyyət ocaqlarından birinə çevriləcək.






















***
Azərbaycan Milli Xalça Muzeyində rəssam Nigar Əliyevanın fərdi sərgisi açılıb.
XALQ AZƏRTAC-a istinadən xəbər verir ki, açılışda Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Alena Əliyeva, mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, muzey fəaliyyət göstərdiyi bütün dövr ərzində daim rəssamlara dəstək olmağa çalışıb.
Direktor qeyd edib ki, sərginin müəllifi Nigar Əliyeva gənc olmasına baxmayaraq, artıq 10 ildən çoxdur sənət yolunda uğurla fəaliyyət göstərir. Bu gün o, təkcə ölkəmizdə deyil, Azərbaycanın hüdudlarından kənarda da tanınır.
Əminə Məlikovanın sözlərinə görə, rəssam öz əsərlərində Azərbaycanın milli irsini, milli yaddaşını və mədəni dəyərlərini bədii şəkildə ifadə etməyi bacaran sənətkarlardandır. Bu kimi təşəbbüslər milli irsimizin yeni baxışla təqdim olunmasına, daha geniş auditoriyaya çatdırılmasına və müasir incəsənətdə yeni ifadə vasitələri ilə yaşadılmasına xidmət edir.
Mədəniyyət nazirinin müavini Səadət Yusifova bildirib ki, rəssamın yaradıcılığında İrəvan üslubu özünəməxsus və uğurlu bədii yanaşma ilə təqdim olunur.
Novruz bayramının önəminə toxunan nazir müavini deyib ki, bu, təkcə bayram deyil, eyni zamanda keçmişlə gələcək arasında mənəvi körpü yaradan, insanlarda ümid və inam hissini gücləndirən müqəddəs dəyərdir.
Bu layihə üzərində iki il çalışdığını bildirən Nigar Əliyeva qeyd edib ki, bu müddət ərzində milli irsimizi yenidən araşdırmağa, xüsusilə gənc nəslə Azərbaycan irsini daha yaxından tanıtmağa səy göstərib.
Rəssam sərginin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkürünü bildirərək vurğulayıb ki, ekspozisiyada müxtəlif muzeylərə aid eksponatlardan da istifadə olunub. Sərgidə təqdim olunan mövzular təsadüfi seçilməyib, onların hər biri xalqımızın tarixinə, milli yaddaşına və zəngin sənət irsinə söykənir.
Sərgidə müəllifin 2024–2026-cı illərdə kətan üzərində yağlı boya ilə yaratdığı əsərləri təqdim olunub. Rəssam apardığı araşdırmalar əsasında ərsəyə gətirdiyi əsərlərdə milli mətbəxə, xalq tətbiqi sənətinin zərgərlik, toxuculuq, tikmə, bədii metal, soyuq silah, geyim və digər nümunələrinə müraciət edib. Kompozisiyalarda klassik Azərbaycan rəssamlıq ənənələrinə xas ornamental və bədii elementlərdən, xüsusilə Mirzə Qədim İrəvani üslubunun incəliklərindən məharətlə istifadə olunub.
Sonda qonaqlar sərgi ilə tanış olublar.
Qeyd edək ki, Nigar Əliyeva yaradıcılığı ilə Azərbaycanı həm ölkə daxilində, həm də beynəlxalq məkanda uğurla təmsil edən rəssamlardandır. O, ABŞ, Pakistan və Gürcüstan da daxil olmaqla müxtəlif ölkələrdə keçirilən sərgilərdə iştirak edib. Bu sərgi isə ideya və məzmun baxımından digərlərindən fərqlənir. Bu, yalnız keçmişə baxış deyil, eyni zamanda tariximizin, mədəniyyətimizin və milli yaddaşımızın qorunub yaşadılmasının, gələcək nəsillərə ötürülməsinin vacibliyini ifadə edən mühüm mesajdır.
Azərbaycan Milli Xalça Muzeyi və “Arts Council Azerbaijan”ın birgə təşkil etdiyi sərgi martın 31-dək davam edəcək.





























