Alı Alıyev daha 5 milyon manat “qabağa düşdü”
Füzulinin icra başçısı Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinə ayrılmış pulun da «başına» «daş salacaq»
Məlum olduğu kimi, dünən Azərbaycan prezidenti İlham Əliyev Füzuli rayonunun Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Həmin sərəncama əsasən 28 min nəfər əhalinin yaşadığı 13 yaşayış məntəqəsini birləşdirən Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə Füzuli Rayon İcra Hakimiyyətinə dövlət büdcəsindən 5,4 milyon manat ayrılıb.
Qeyd edək ki, bu yolun tikintisi üçün əvvəl də pul ayrılıb. Amma Füzulinin icra başçısının qılıncdan iti nəfsi həmin pulun təyinatı üzrə tam xərclənməsinə imkan verməyib. Alı Alıyevin ümumilikdə, rayonda bu tip böyük işlərə maliyyə ayrılmasında xüsusi marağı var. Çünki icra başçısı həmin pulların bir qismini şəxsi vəsaitinə çevirməyə nail olur.
Böyük ehtimalla Qarabağ-Böyük Bəhmənli-Arayatlı-Mirzənağılı avtomobil yolunun tikintisinə ayrılmış növbəti 5,4 milyon manatı da başqa bir aqibət gözləmir. Həmin pulların səsi isə ya yerli və ya xarici banklardan, ya da hansısa biznes sahəsindən gələcək. Mümkündür ki, bu vəsaitin bir qismi də daşınmaz əmlaka sərf olunsun. Axı, Füzulinin icra başçısı Alı Alıyevin ev, villa, bahalı maşın, torpaq sahələri almaqdan xoşu gəlir. Jam.az