COP29 ərəfəsində Azərbaycanın imicinə zərbə vurmağa çalışırlar

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə yüksək nüfuzunun göstəricisidir. Hazırda Azərbaycan bu müstəvidə fəal siyasət aparır. Həm ölkəmizdə, həm də beynəlxalq təşkilatlarda COP29 müstəvisində müxtəlif tədbirlər keçirilir, bir sıra sazişlər imzalanır”.

Bu sözləri “Azərbaycan” qəzetinə Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. O bildirib ki, bütün bunlar Azərbaycanın qlobal iqlim dəyişiklikləri ilə mübarizədə nə qədər fəal olduğunu göstərir. Amma təəssüf ki, Qərbdə müəyyən dairələr bu mühüm beynəlxalq tədbir ərəfəsində ölkəmizə qarşı qərəzli kampaniyalar təşkil edirlər.

Deputat qeyd edib ki, ABŞ Konqresinin bir qrup üzvünün oktyabrın 3-də Dövlət katibi Entoni Blinkenə müraciəti də obyektivlikdən tamamilə uzaqdır. ABŞ Cənubi Qafqazda sülhün təmin olunmasında maraqlı olduğunu dəfələrlə bəyan edib, sentyabrın sonlarında məhz Birləşmiş Ştatların təşəbbüsü ilə Nyu Yorkda Dövlət katibi Entoni Blinken, Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri arasında üçtərəfli görüş baş tutub. “Bu görüşdən bir neçə gün sonra isə konqresmenlər Blinkenə məlum müraciəti ünvanladılar. Bu, çox təzadlı mövqedir və rəsmi Vaşinqtonun sülh və vasitəçilik təşəbbüsləri ilə üst-üstə düşmür”, – deyə o əlavə edib.

S.Fətəliyevanın sözlərinə görə, Qərbdə müəyyən dairələr Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilmirlər: “Çünki bəzi xarici qüvvələr Ermənistanın işğalçılıq siyasətindən Cənubi Qafqazda öz maraqları üçün istifadə etməyə və Azərbaycana qarşı təzyiq göstərməyə çalışıblar. Otuzillik işğal dövründə baş verənlər də bunu təsdiqləyir. Ona görə də COP29 ərəfəsində Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa cəhd göstərirlər. Azərbaycanda mötəbər beynəlxalq tədbirlər ərəfəsində həmin xarici qüvvələrin həmişə “fəallaşdığının” şahidi olmuşuq. Əgər onlar həqiqətən də insan haqlarının müdafiəçiləridirsə, nə üçün bir milyondan artıq azərbaycanlının Ermənistandan və vaxtilə işğal edilmiş Azərbaycan ərazilərindən etnik təmizləməyə məruz qalmasına, həmin ərazilərin Ermənistan tərəfindən viran qoyulmasına və minalanmasına etiraz səslərini ucaltmadılar? Səbəb aydındır, çünki həmin qüvvələr erməni diasporunun maliyyəsi ilə ermənilərə lobbiçilik edirlər. Digər tərəfdən bütün bunlar Qərbdə islamofob və azərbaycanofob mövqeyin təzahürləridir”.

Deputat vurğulayıb ki, kimin nə deməsindən asılı olmayaraq, ölkəmiz haqq yolundadır və mövqeyimiz beynəlxalq hüquqa əsaslanır. COP29-a gəlincə, hansısa dövlət və ya təşkilat bu tədbirin Azərbaycanda keçirilməsinə əngəl ola bilməz. Bu məsələdə dövlətimizə beynəlxalq səviyyədə dəstək çox güclüdür.


media-728x90banner

Bənzər xəbərlər