Arzu Əliyevanın prodüsseri olduğu film “Oscar” mükafatına namizəd oldu
Azərbaycan kinosu beynəlxalq arenaya daha bir güclü addım atır.
XALQ məlumat verir ki, “Tağıyev: Neft” filmi 98-ci Kino Sənəti və Elmləri Akademiyasının (“Oscar”) mükafatlarına “Ən Yaxşı Beynəlxalq Bədii Film” kateqoriyasında ölkəmizdən rəsmi namizəd seçilib.
Kino Sənəti və Elmləri Akademiyası (“Oscar”) “Ən Yaxşı Beynəlxalq Bədii Film” kateqoriyası üzrə qısa siyahını 2025-ci il dekabrın 16-da, əsas nominasiyaları isə 2026-cı il yanvarın 15-də elan edəcək. Mükafatlandırma mərasimi isə 2026-cı il martın 15-də Los-Anceles şəhərində baş tutacaq.
Azərbaycan Kinematoqrafçılar İttifaqının nəzdində fəaliyyət göstərən Film Seçim Komitəsinin qərarı ilə təqdim edilən ekran əsəri xalqımızın yaddaşında dərin iz buraxmış sənayeçi, neft maqnatı və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ömür yolunu və Azərbaycanın sosial, iqtisadi və mədəni inkişafına verdiyi misilsiz töhfələri tamaşaçılara çatdırmaq məqsədi daşıyır.
Film Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və ARKA-nın dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən istehsal olunub. “Tağıyev: Neft” filmi güclü yaradıcı komandanın birgə əməyinin nəticəsidir. Baş prodüser Arzu Əliyeva, prodüser Orman Əliyev, rejissor Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operator Vladimir Artemyev, rəssam Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim və bəstəkar Etibar Əsədli filmin uğurunda mühüm rol oynayıblar.
Filmdəki tarixi obrazları Xalq artistləri Pərviz Məmmədrzayev (Tağıyev), Qurban İsmayılov, Əməkdar artistlər Rasim Cəfər, Elşən Rüstəmov və Natəvan Hacıyeva daxil olmaqla, peşəkar aktyor heyəti canlandırıb.