Arzu Nağıyevin iclasda təqdim etdiyi bu qanun qəbul olundu
İyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.
XALQ xəbər verir ki, iclasda cari məsələlərin müzakirəsi keçirilib.
İclasda “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev təqdim edib. O, qanun layihəsinin ölkə Prezidentinin imzası ilə Milli Məclisə daxil olduğunu bildirib. Qeyd edib ki, “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Hökumətlərinin təmsilçiləri tərəfindən 2024-cü il noyabrın 6-da Bişkek şəhərində imzalanıb.
Komitə sədri diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin (TDTMMM) məqsədi Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, eləcə də digər dövlətlərin ərazilərində baş verə biləcək fəlakətlər və fövqəladə hallar zamanı fövqəladə ehtiyacları dəstəkləmək üçün fəlakətlərə cavab tədbirləri üzrə ortaq potensialın yaradılmasıdır. Dəstək fəlakət və ya fövqəladə vəziyyət zamanı zərər çəkmiş dövlətin müraciəti əsasında təmin edilir və TDTMMM-in dəstək fəaliyyətlərində iştirak könüllülük əsasında həyata keçirilir. TDTMMM-in əsas funksiyalarına fəlakət və fövqəladə hallar zamanı həyat və əmlakın xilas edilməsi, tibbi yardım, monitorinq və təhlil, sığınacaq, humanitar yardım və s. kimi tədbirlər aiddir.
Sazişin həyata keçirilməsinə məsul olan səlahiyyətli qurumlar kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlətləri tərəfindən həmin dövlətlərin Fövqəladə Hallar Nazirlikləri, Türkiyə Respublikası tərəfindən isə Daxili İşlər Nazirliyi müəyyən edilib.
Sazişə əsasən, Tərəflər Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmini hüquqi şəxs statusuna malik olan beynəlxalq təşkilat formasında təsis edirlər. TDTMMM-in inzibati strukturlarına fəlakət və fövqəladə halların idarə edilməsinə məsul olan Nazirlər Şurası və TDTMMM-in Katibliyi aid edilir. Nazirlər Şurası ildə ən azı bir dəfə toplanır. TDT-yə sədrlik edən tərəfi təmsil edən nazir həm də Şuraya sədrlik edir.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Cavanşir Feyziyev məsələ barədə bu komitənin rəyini açıqlayıb.
Müzakirələr zamanı çıxış edən deputatlar Aydın Hüseynov, Hikmət Məmmədov, Aydın Mirzəzadə, Sahib Alıyev məsələ ilə bağlı fikirlərini bildiriblər.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.