Aslan Dubai Cars” qalmaqalı – Vətəndaş 10 minlərlə manatının qaytarılmadığını deyir
“Aslan Dubai Cars” sahibi Aslan Məmmədov 47 min 150 manatımızı alıb, amma bizə çatası maşınları verməyib. Bundan sonra bir dəfə 9 min dollarımızı, bir dəfə də 7 min manatımızı qaytarıb. O gündən də and-aman edir ki, bəs pulunuzu qaytaracağam, elə andlar içir ki… amma pulumuzun qalan hissəsini qaytarmır ki, qaytarmır”.
Bu sözləri Musavat.com-a Azərbaycan vətəndaşı Vurğun Vəliyev deyib.
Onun sözlərinə görə, 1 il öncə, 2025-ci ilin aprel ayında Dubaydan avtomobil almaq məqsədilə sosial şəbəkələrdə fəaliyyət göstərən “Aslan Dubai Cars” səhifəsi vasitəsilə özünü şirkət sahibi kimi təqdim edən Aslan Qabil oğlu Məmmədovla əlaqə saxlayıb.
“Dedi ki, Dubaya gəlin, söhbət edək. Ora getdik və aramızdakı razılaşmaya əsasən, orada Aslan Məmmədova şəxsən 12 500 ABŞ dolları məbləğində pul vəsaiti verdik. Sonrakı mərhələdə isə əlavə olaraq 13 000 ABŞ dolları ödədik. Əvvəllər Dubayda avtomobil hərracında iştirak etmədiyinə və dil bilmədiyinə görə Aslan Məmmədovdan xahiş etdik ki, hərraca özü qatılsın. Aslan Məmmədov hərraca qatıldı, bizim pulumuza, lakin öz adına 4 ədəd “Toyota Aqua” avtomobili aldı”, – deyə Vurğun Vəliyev bildirib.
V.Vəliyevin sözlərinə görə, Aslan Məmmədov onları arxayın salıb ki, o, Azərbaycana qayıtdıqdan sonra avtomobilləri də göndərəcək:
“O gündən 8 ay ötüb, lakin Aslan Məmmədov nə maşınları göndərdi, nə də ödənilmiş pulumu tam olaraq geri qaytarır. Razılaşmışdıq ki, avtomobillər 25 gün ərzində Azərbaycana gətiriləcək və mənə təhvil veriləcək. Göstərilən müddət ərzində avtomobillər gəlib çıxmadı. Aslan Məmmədova çoxsaylı müraciətlərimə baxmayaraq müxtəlif bəhanələrlə vaxtı uzatdı. Avtomobilləri vermir. Pulumun da bir hissəsini qaytarıb, qalanını qaytarmaqdan müxtəlif bəhanələrlə yayınır. Gah deyir ki, Dubayda işçim 8 milyon dollarımı götürüb qaçıb, gah da maşın satıb pulumu qaytaracağını vəd edir. Aslan Məmmədovun qardaşı Asimanın ofisinə də müraciət etmişəm. Bundan sonra mənə 9 min ABŞ dolları, daha sonra isə əlavə olaraq 7 min manat pulum qaytarılıb. Aslan Məmmədov mənim ümumilikdə 24 850 manat pulumu aldadıb alıb və geri qaytarmır”.
Vurğun Vəliyev üzləşdiyi əməllərin araşdırılması üçün Daxili İşlər Nazirliyinin rəhbərliyinə müracət edib:
“Səbail Rayon Polis İdarəsinə şikayət etmişik. Aylardır ki, hər hansı bir nəticə yoxdur. Aslan Məmmədov da bizim pulumuzu qaytarmaqdan yayınmaqdadır. Xahiş edirik ki, məsələ araşdırılsın, hüquqi qiymət verilsin”.










