media-bss

“Bakı Bus” 2025-ci ildə büdcədən 100 milyon manat dotasiya alıb: Bakıda sərnişindaşıma sahəsində yaranmış zərərin qarşılanması üçün 50,7 milyon manat, 4 şəhərdə (Xankəndi, Cəbrayıl, Ağdam və Laçın) elektrik doldurma stansiyaları ilə təchiz edilmiş qarajların və 3 şəhərdə (Şuşa, Cəbrayıl və Laçın) avtostansiyaların tikintisi, habelə şəhərdaxili və şəhərlərarası daşımaların icra edilməsi məqsədilə müvafiq olaraq, elektrik və yüksək ekoloji standartlara cavab verən dizel yanacaqlı avtobusların alınması üçün 49,3 milyon manat ayrılıb.

Bunu iqtisadçı Natiq Cəfərli deyib.

“Qaraj tikintisi, avtobusların alınması – bunları anladım, 49 mln. 300 min manat bu işlərə xərclənib, yəni, maddi texniki bazanın yaradılmasına ayrıca pul alırlar.

Sərnişindaşımaya görə 50 mln. 700 min manat dotasiya ödənilib. Rəsmi rəqəmlərə görə, “Bakı Bus” hər gün 557 min sərnişin daşıyır. Məsafədən asılı olaraq, qiymətlər 0.60, 0.70, 0.80 manat və maksimum 1.30 manatdır, bir tək hava limanına 1 manat 50 qəpik öəniş edilir. Ortalama 65 qəpikdən götürsək, günə 362 min, aya 10 mln. 861 min, ilə 130 mln. manat dövriyyəsi olur. Yəni “Bakı Bus” öz dövriyyəsinin 40%-ə yaxınını büdcədən, yəni bizim ödədiyimiz vergidən dotasiya alır.

“Bakı Bus” MMC gün ərzində paytaxtın marşrut şəbəkəsinə orta hesabla 280-320 avtobus çıxardır. Ortalama 300 avtobus götürsək, hər avtobus günə 1200 manat vəsait toplayır, deməli, aya 36 200 manat pul yığılır. Yaxşı, ayda 36 200 manat yığan avtobus niyə ziyanla işləyir ki, hələ bir dotasiya da alırlar?! Nədir xərcləri, nə qədər xərcləyirlər, hara xərcləyirlər? Bununla bağlı “Bakı Bus”un hesabatı varmı? Sürücünün maaşı, yanacaq (ya elektrik), təmir və s. xərclər ayda nə qədərdir ki, 36 200 manat vəsait yığan bir avtobus öz xərclərini ödəyə bilmir?!”, – Cəfərli bildirib.


media-728x90banner

Bənzər xəbərlər