Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə şəhər günlərinin təsis olunması müasir tariximizdə əlamətdar bir hadisə kimi dəyərləndirilir. Çünki hər bir şəhər günü həm işğaldan azad olunmuş torpaqlarımızın dövlətçilik tarixində qazandığı xüsusi yeri göstərir, həm də həmin bölgələrdə həyata keçirilən dirçəliş və bərpa prosesi əks etdirir.

26 avqust tarixi Laçın şəhəri günü elan edilib. Bu, Laçının tarixi-mənəvi baxımdan xalqımız üçün əhəmiyyətini bir daha önə çıxarır.

1992-ci ilin mayında Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Laçın rayonu uzun illər ərzində düşmən tapdağı altında qaldı. Bu işğal nəticəsində on minlərlə sakin doğma torpaqlarını tərk etmək məcburiyyətində qaldı. İnsanların yurd-yuvalarından didərgin düşməsi təkcə məcburi köçkünlük faciəsi yaratmadı, həm də bütöv bir rayonun mədəni, iqtisadi və sosial həyatının tamamilə iflic olmasına gətirib çıxardı. 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, yüzlərlə yaşayış evi və tarixi abidə məhv edildi. Laçının itirilməsi yalnız bir inzibati rayonun işğalı deyildi, həm də Ermənistanla Qarabağ bölgəsi arasında birbaşa quru əlaqəsinin yaradılması demək idi. Bu isə sonrakı illərdə digər torpaqlarımızın da itirilməsinə yol açdı.

Dövlətimizin gücü, xalqımızın birliyi və ordumuzun qəhrəmanlığı sayəsində Vətən müharibəsində əldə edilən şanlı Qələbə Laçının azadlığına yol açdı. 2020-ci il 10 noyabr bəyanatına əsasən, Laçın rayonu həmin il dekabrın 1-də Azərbaycana qaytarıldı. 2022-ci il avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri üzərində nəzarət bərpa olundu və bununla da dövlətimizin suverenliyi daha da möhkəmləndirildi. Ardınca, 2023-cü il aprelin 23-də Laçın rayonunda sərhəd-keçid məntəqəsi quruldu. Bu məntəqə dövlət suverenliyinin təmin edilməsində mühüm rol oynamaqla yanaşı, Azərbaycan–Ermənistan sərhədlərinə tam nəzarəti bərpa etdi. Beləliklə, tarixi ədalət bərpa olundu və Laçın xalqımız üçün həm mənəvi, həm də strateji baxımdan xüsusi önəm kəsb edən məkan statusunu yenidən qazandı. Bütün bu proseslər dövlətçiliyimizin möhkəmlənməsi baxımından strateji zəfərə çevrildi.

Laçının azad edilməsi hərbi əməliyyatlarla deyil, Azərbaycanın siyasi, diplomatik və hərbi gücünün sintezi nəticəsində baş verdi. Laçının azadlığı ölkəmizin diplomatik qələbəsi idi, çünki bu hadisə bütün dünya üçün sülhün və beynəlxalq ədalətin nümunəsinə çevrildi.

Uzun illər didərginlik həyatı yaşayan laçınlılar üçün bu əlamətdar hadisələr tarixi dönüş nöqtəsinə çevrildi. “Böyük Qayıdış” proqramı çərçivəsində ilk ailələrin doğma yurda köçürülməsi başladı. 31 ildən sonra laçınlıların öz kəndlərinə, şəhərlərinə dönməsi dövlətin və xalqın birgə iradəsinin parlaq nəticəsi idi.

Artıq minlərlə sakin Laçın şəhərində, Zabux, Sus və Bəylik kəndlərində daimi məskunlaşıb. Bu prosesin davam etməsi ilə rayonun bütün kəndlərinin yenidən həyat qazanacağı gözlənilir. Qayıdış yalnız sakinlərin evlərinə dönməsi deyil, həm də bölgənin sosial-iqtisadi həyatının yenidən dirçəlməsi deməkdir.

Laçında aparılan genişmiqyaslı quruculuq işləri şəhərin simasını köklü şəkildə dəyişib. Yeni avtomobil yolları, körpülər, tunellər regionun logistikasını yaxşılaşdırmaqla yanaşı, Laçını iqtisadi mərkəzə çevirir. Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi, həmçinin cari ildə istifadəyə verilmiş Laçın Beynəlxalq Hava Limanı bölgənin strateji və iqtisadi əhəmiyyətini daha da artırır. Bu hava limanı həm turizm, həm də beynəlxalq əlaqələrin inkişafı baxımından mühüm rol oynayır.

Laçının işğaldan azad olunması, sərhəd-keçid məntəqəsinin qurulması, əhalinin köçürülməsi və genişmiqyaslı bərpa işləri göstərir ki, Azərbaycan bu gün tam suverenliyini təmin etmiş müstəqil dövlət kimi fəaliyyət göstərir. Bu, həm də xalq qarşısında tarixi missiyanın yerinə yetirildiyini sübut edir. Dövlətin gücü yalnız hərbi və diplomatik sahədə deyil, həm də sosial-iqtisadi inkişafda, əhalinin rifahının təmin olunmasında özünü büruzə verir.

MDB Humanitar Əməkdaşlıq Şurasının qəbul etdiyi qərara əsasən, Laçın şəhəri 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edildi. Bu qərar Laçının artıq regional və beynəlxalq miqyasda mühüm mərkəzə çevrildiyini təsdiqləyir. 2025-ci il iyunun 3-də keçirilən təntənəli açılış mərasimi Laçının yeni tarixi rolunu bütün dünyaya nümayiş etdirdi. Mədəniyyət paytaxtı statusu Laçının beynəlxalq humanitar əməkdaşlığın mərkəzinə çevrilməsi deməkdir.

Nəticə olaraq, 26 avqust – Laçın şəhəri günü xalqımızın qəhrəmanlıq iradəsinin, dövlətimizin gücünün, milli birliyimizin və gələcəyə inamımızın ifadəsidir.

Mahir Süleymanlı

Milli Məclisin deputatı


media-728x90banner

Bənzər xəbərlər