Azərbaycan beynəlxalq əməkdaşlığa önəm verir
Prezident İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın görüşü, Azərbaycan-İtaliya əlaqələrinin yeni mərhələsidir.
2025-ci il sentyabrın 30-da Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella Bakıda mətbuata birgə bəyanatlarla çıxış ediblər. Bu səfər iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələsini göstərməklə yanaşı, həm siyasi, həm iqtisadi, həm də humanitar sahələrdə əməkdaşlığın genişləndirildiyini təsdiqlədi.
Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır. İtaliya Prezidenti Azərbaycana ikinci dəfədir səfər edir. İlk səfər 7 il əvvəl baş tutmuşdu. İki ölkə arasında münasibətlərin əsasını 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi qoymuş, 2018-ci ildə isə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə ilə bu əlaqələr daha da möhkəmlənmişdir.
İqtisadi sahədə İtaliya Azərbaycanın birinci ticarət tərəfdaşıdır. Xüsusilə energetika sahəsində əməkdaşlıq mühüm rol oynayır: Azərbaycan nefti və qazı İtaliyaya ixrac edilir, bu da Avropanın enerji təhlükəsizliyinə əhəmiyyətli töhfə verir.
Prezidentlər görüşdə 2020-ci ildən etibarən istifadəyə verilmiş Trans-Adriatik Boru Kəməri (TAP) layihəsini də müzakirə etdilər. İlham Əliyev vurğuladı ki, İtaliyanın dəstəyi və şəxsən Prezident Mattarellanın səyləri nəticəsində layihənin icrası mümkün olub. Hazırda Azərbaycan qazı təkcə İtaliyaya deyil, ümumilikdə 14 ölkəyə ixrac edilir. Bununla yanaşı, elektrik enerjisinin ixracı sahəsində də Avropa İttifaqı ilə əməkdaşlıq istiqamətində işlər aparılır.
Səfərin önəmli məqamlarından biri isə humanitar sahədə əməkdaşlığın güclənməsi oldu. Oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı həyata keçirildi. Bu layihə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci ildə irəli sürülmüş, 2022-ci ildə isə ADA Universiteti və İtaliyanın beş nüfuzlu ali təhsil müəssisəsi arasında əməkdaşlıq sazişləri imzalanmışdır.
Hazırda universitetdə 8 bakalavr və 2 magistr proqramı üzrə 640-dan çox tələbə təhsil alır. Burada memarlıq, mühəndislik, kənd təsərrüfatı, dizayn və menecment ixtisasları tədris olunur. Yeni korpuslarda müasir laboratoriyalar, kitabxana, studiyalar və tədris emalatxanaları tələbələrin ixtiyarına verilib. Bu layihə həm təhsil sahəsində əməkdaşlığın, həm də Azərbaycan-İtaliya dostluğunun bariz nümunəsidir.
Görüşdə həmçinin Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafı da müzakirə olundu. Prezident İlham Əliyev vurğuladı ki, İtaliya həmişə Azərbaycanın Avropa ilə əməkdaşlığına dəstək verib və son dövrlərdə bu sahədə müsbət irəliləyişlər müşahidə olunur.
Azərbaycan və İtaliya arasında münasibətlər yalnız iqtisadi və enerji əməkdaşlığı ilə məhdudlaşmır. Elm, təhsil və mədəniyyət sahələrində həyata keçirilən birgə layihələr ölkələrimizi daha da yaxınlaşdırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bir-birindən uzaqda yerləşən ölkələrin belə sıx əməkdaşlıq qurması dünya üçün örnək ola bilər.