Azərbaycan Cənubi Qafqazda sabitlik və təhlükəsizlik təminatçısıdır
İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına Müsahibəsi və Vaşinqton Razılaşması: Azərbaycan-Ermənistan Münasibətlərində Yeni Dövr
2025-ci ilin avqustunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Səudiyyə Ərəbistanının nüfuzlu “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə və bununla paralel olaraq 8 avqustda Vaşinqtonda baş tutan tarixi hadisələr regionun siyasi gündəmində əsas mövzuya çevrildi. Ağ Evdə Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə razılaşdırılan sənəd Cənubi Qafqazda onilliklərdir davam edən qarşıdurmanın sona çatmasının rəsmi başlanğıcı kimi qiymətləndirilir.
Prezident İlham Əliyev müsahibəsində bir daha xatırlatdı ki, 1994-cü il atəşkəsi yalnız müharibəni dayandırsa da, münaqişəni həll etmədi. İllərlə davam edən danışıqlar nəticəsiz qaldı və status-kvo dəyişmədi. 2020-ci ildə isə Azərbaycan 44 günlük Vətən müharibəsi ilə öz ərazi bütövlüyünü bərpa etdi. Bu, yeni regional reallıqlar yaratdı və Ermənistanı konstruktiv danışıqlara məcbur etdi.
8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən sammit zamanı Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin yeni çərçivəsini müəyyən edən sənəd paraflandı. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə baş tutan bu hadisə tarixi dönüş nöqtəsi kimi qəbul edilir. İlham Əliyev müsahibəsində vurğuladı ki, bu sənəd “illərlə davam edən qarşıdurmaya son qoyur” və müharibənin bitməsinin rəsmi təsdiqidir.
Hələ ki, rəsmi sülh müqaviləsi imzalanmayıb. Prezident Əliyevin sözlərinə görə, əsas səbəb Ermənistan Konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların qalmasıdır. Ermənistan bu müddəaları dəyişməlidir ki, tammiqyaslı sülh müqaviləsi imzalansın. Azərbaycan tərəfi isə öz öhdəliklərini yerinə yetirməyə hazır olduğunu bəyan edir.
Əgər bu addım atılarsa, rəsmi sazişin imzalanması ilə bölgədə tamamilə yeni siyasi mühit formalaşacaq.
Vaşinqtondakı razılaşmanın diqqətçəkən məqamlarından biri də ABŞ tərəfindən elan olunan “TRIPP – Trump Route for International Peace and Prosperity” layihəsidir. Bu layihə faktiki olaraq Zəngəzur dəhlizi ideyasının beynəlxalq miqyasda inkişaf etdirilmiş formasıdır. TRIPP Cənubi Qafqazı Avropanı, Yaxın Şərqi və Asiyanı birləşdirən mühüm tranzit xəttinə çevirəcək.
Bu, yalnız regional iqtisadi inteqrasiya deyil, həm də ABŞ-ın bölgədəki rolunun güclənməsi deməkdir. Beləliklə, Rusiya və digər təsir mərkəzlərinin mövqeləri zəifləyir, Azərbaycan isə özünü mühüm geostrateji oyunçu kimi təsdiqləyir.
Razılaşma dünya mediasında geniş əks-səda doğurdu. ABŞ mətbuatı bunu “Trampın diplomatik qələbəsi” kimi təqdim etdi, Avropa mətbuatı isə regionda sabitliyin yaranması baxımından müsbət addım hesab etdi. Azərbaycan isə bu prosesdə qalib və təşəbbüskar tərəf kimi çıxış etdi.
Müsahibə zamanı İlham Əliyev Azərbaycanın xarici siyasət kursunun əsas prinsipini də aydın şəkildə ifadə etdi:
Azərbaycanın məqsədi sülhün təşviqi, regional əməkdaşlığın genişləndirilməsi və qlobal layihələrin fəal iştirakçısı olmaqdır.
Bununla yanaşı, Ölkə Başçısı qeyd etdi ki, artıq Minsk Qrupu kimi mexanizmlərə ehtiyac qalmayıb. Azərbaycan özü sülh gündəmini diktə edən dövlətə çevrilib.
İlham Əliyevin “Əl-Ərəbiyyə”yə müsahibəsi və Vaşinqton razılaşması Azərbaycan-Ermənistan münasibətlərində yeni bir səhifə açdı. Artıq söhbət yalnız atəşkəsdən yox, davamlı sülhün bərqərar olmasından gedir. Ermənistan Konstitusiyasında dəyişikliklər baş verdikdən sonra tam sülh sazişinin imzalanacağı gözlənilir.
Bu isə Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf dövrünün başlanğıcı deməkdir. Azərbaycan öz qətiyyətli siyasəti ilə bu prosesin lideri kimi çıxış edir.
Ülviyyə Həmzəyeva
Millət vəkili